Məhkəmə qərarları › İş №2(004)-1894/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1894/2022

05.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1894/2022 05.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 28.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" İKB ASC ilə onun arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli 6-G-1-0-2454-14 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə onun arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli 6-G-1-0-2454-14 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 48 ay müddətinə, illik faiz dərəcəsi 26 faiz olmaqla 80.000 manat kredit verilmişdir. Həmin müqavilənin təminatı kimi "xxxx" İKB ASC ilə onun arasında 18 dekabr 2014-cü il tarixli 6-G-1-0-2454-14 nömrəli ipoteka müqaviləsi bağlanmış, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. 2019-cu ilin aprel ayında "xxxx" İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onun kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi səbəbiylə cəmi 141.778,29 manat borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətnmaməsi ilə, iddia ərizəsi qismən təmin edilməklə, ondan 70445,24 manat əsas, 59513,77 manat faiz, 200 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1067,2 manat borc olmaqla, cəmi 131.226,21 manatın Cavabdeh ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 200.000 manat müəyyən edilməsi, evin hərracda satılması və əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, evə tutma yönəldikdən və o satıldıqdan ən geci 01 ay ərzində İddiaçı evdən çıxarılması qət edilmişdir. O, həmin qətnamədən apelyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.11.2020-ci il tarixli 2(103)-1561/2020 nömrəli qətnaməsi ilə İddiaçı oğlunun apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2020-ci il tarixli 2(060)- 13/2020 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə dəyişdirilmiş və evin ilkin satış qiyməti 210.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05.05.2021-ci il tarixli 2(102)-3234/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.11.2020-ci il tarixli 2(103)-1561/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qeyd etmişdir ki, onun kredit müqaviləsi bağlanan zaman ona məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə dair razılığı olmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə etiraz etdi və izahatında bildirdi ki, "xxxx" İKB ASC ilə iddiaçı arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli 6-G-1-0-2454-14 nömrəli kredit müqaviləsinə əsasən bank iddiaçıya 48 ay müddətinə, illik faiz dərəcəsi 26 faiz olmaqla 80.000 manat kredit verilmişdir. Həmin müqavilənin təminatı kimi Nikoyl” İKB ASC ilə iddiaçı arasında 18 dekabr 2014-cü il tarixli 6-G-1-0-2454-14 nömrəli ipoteka müqaviləsi bağlanmış, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Daha sonra iddiaçı borcunu ödəmədiyi üçün məhkəməyə müraciət edilmiş, bankın iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. İddia tələbi əsasızdır. Həmçinin iddiaçı müqavilənin etibarsız hesab edilməsi tələbi məhkəməyə iddia müddəti ötürməklə müraciət etmişdir. Odur ki, 01 illik iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, "xxxx" İKB ASC ilə İddiaçı arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli 6- G-1-0-2454-14 nömrəli ipoteka müqaviləsində göstərilir ki, ipoteka qoyan (borcalan) İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi 18 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin təminatı kimi ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti tərəflərin razılaşmasına əsasən 195.000 manat qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “İpoteka haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göründüyü kimi, İddiaçı Mülki Məcəllənin 152.4-cü maddəsinin tələbinə uyğun olaraq mülkiyyətçi kimi ipoteka müqaviləsini bağlamaqda səlahiyyətli olmuşdur. İpoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələbinə əməl edilmişdir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bundan başqa iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 13/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətmaməsi ilə, İddiaçı 70.445,24 manat əsas, 59.513,77 manat faiz, 200 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1.067,2 manat borc olmaqla, cəmi 131.226,21 manatın Cavabdeh ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 200.000 manat müəyyən edilməsi, evin hərracda satılması və əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, evə tutma yönəldikdən və o satıldıqdan ən geci 01 ay ərzində İddiaçı evdən çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.11.2020-ci il tarixli 2(103)- 1561/2020 nömrəli qətnaməsi ilə İddiaçı oğlunun apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2020-ci il tarixli 2(060)-13/2020 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə dəyişdirilmiş və ilkin satış qiyməti 210.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05.05.2021-ci il tarixli 2(102)-3234/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.11.2020-ci il tarixli 2(103)-1561/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı ipoteka müqaviləsinin bağlanmasına razılığının olmadığını iddia edir. Lakin iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni ona fiziki və yaxud psixoloji təsir göstərilməsi yolu ilə müqavilələri bağlamağa məcbur edilməsi hallarını sübuta yetirə bilməmişdir. Belə ki, borc müqaviləsi, ipoteka müqavilələri onun iştirakı ilə bağlanmış, o, mənzilin ipoteka ilə yüklü edilməsinə könüllü olaraq razılıq vermişdir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları və işin müəyyən edilmiş həqiqi halları ilə təsdiq edilir ki, "xxxx" İKB ASC ilə iddiaçı arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli 6-G-1-0-2454-14 nömrəli ipoteka müqaviləsi yazılı formada bağlanmaqla, müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir, müqavilələrin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Çünki, müqavilənin tərəfləri ipoteka müqaviləsinin bağlanması anında bütün şərtlər barəsində razılığa gəlmişlər və öz iradələri ilə həmin müqavilələri bağlayaraq imzalamışlar. Müqavilələrin bağlanmasının təşəbbüskarı İddiaçı özü olmuşdur. İşin qeyd olunan faktiki halları və müqavilənin qanuna uyğun bağlanması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Odur ki, iddia tələbi əsassızdır. Məhkəmə eləcə də qeyd edir ki, ipoteka müqaviləsi qanunvericiliyin tələbinə uyğun bağlanmışdır, iddiaçının 18.12.2014-cü il tarixli müqaviləni şəxsən bağlamış və müqavilənin bağlanmasından məlumatı olmuşdur. İddiaçı müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş bir illik müddəti də buraxmış, 18.12.2014-cü il tarixdə bağlanmış müqaviləni 28.02.2022-ci il tarixdə mübahisələndirmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmçinin, məhkəmə qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırkı halda yuxarıda qeyd olunduğu kimi İddiaçı bağladığı əqdlərə münasibətdə vicdanlı olmuş, əqdlərin legitimsizliyi barədə onda hər hansı şübhə olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar