Məhkəmə qərarları › İş №2(004)-1904/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1904/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1904/2022 27.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğvi və borcun ödənilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğvi və borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 26.05.2021-ci il tarixli MAS-3809 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə 459,78 manat əsas məbləğ, 371,74 manat mükafat, 276,01 manat dəbbə pulu, 115 manat dəymiş zərər olmaqla cəmi 1222,53 manat borcun və 32,63 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26.05.2021-ci il tarixli MAS-3809 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801670 ban, 147H0574958 mühərrik nömrəli, ağ rəngli avtomobil 13900 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 23 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418.06 manat, ümumilikdə isə 18151 manat məbləğində pulu “Azərmaş" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18151 manatın 13900 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMCnin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 29.11.2021-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 115 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 27.09.2021-ci il tarixdə 420 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 26 may 2021-ci il tarixli MAS-3809 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29.11.2021-ci ii tarixə 459.78 manat əsas, 371.74 manat mükafat, 276.01 manat dəbbə pulu, cəmi 1107.53 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26.05.2021-ci il tarixli MAS-3809 saylı daxili lizinq müqaviləsinin surətindən müəyyən olunur ki, lizinq verən, lizin qalan alanın sifariş etdiyi, müqavilənin 1 saylı əlavəsində göstərilən əmlakı- bir ədəd 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801670 ban, 147H0574958 mühərrik nömrəli, ağ rəngli avtomobili öz mülkiyyətinə əldə edərək onu sifarişçinin müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. Lizinq alan öz növbəsində 13900 manat məbləğində borcu illik 23% hesablanmaqla 36 ay müddətində lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. 26.05.2022-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. 08.12.2021-ci il tarixli qüsur aktının surətindən görünür ki, Cavabdeh istifadəsində olduğu müddətdə “Khazar LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün dəyişilməli hissələrin qiyməti 80 manat, təmin işləri 35 manat olmaqla 115 manat təşkil edir. 24.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 26.05.2021-ci il tarixli MAS-3809 saylı daxili lizinq müqaviləsi üzrə İddiaçı MMC-yə 29.11.2021-ci il tarixə 459,78 manat əsas, 371,74 manat mükafat, 276,01 manat dəbbə pulu, cəmi 1107,53 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. 748-1.12.4-cü maddəsiə görə isə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Beləliklə, məhkəmə işin faktiki hallarına qeyd olunan maddi hüquq normalarını tətbiq edərək hesab edir ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış 26.05.2021-ci il tarixli MAS-3809 saylı daxili lizinq müqaviləsində nəzərdə tutulan öhdəliklərini lazımınca yerinə yetirməməsi, lizinq şirkətinə 27.09.2021-ci il tarixdən sonra ödəniş etməməsi, nəticədə onun lizinq şirkətinə 459.78 manat əsas, 371.74 manat mükafat, 276.01 manat dəbbə pulu borcunun qalması, avtomobilə 115 manat ziyan vurulması təsdiq olunur. Ona görə də, daxili lizinq müqaviləsi ləğv edilməli və cəmi 1222,53 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26.05.2021-ci il tarixli MAS-3809 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 26.05.2021-ci il tarixli MAS-3809 saylı daxili lizinq müqaviləsi üzrə 459,78 manat əsas məbləğ, 371,74 manat mükafat, 276,01 manat dəbbə pulu, 115 manat dəymiş zərər olmaqla cəmi 1222,53 (min iki yüz iyirmi iki manat 53 qəpik) manat pul vəsaiti və 32,63 (otuz iki manat 63 qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar