Məhkəmə qərarları › İş №2(004)-195/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-195/2022

24.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-195/2022 24.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı "əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı "əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin su ilə təmin edilməsi ilə əlaqədar Cavabdeh ASC tərəfindən əsassız və qanunsuz hesablanmış 4000 manat borcun silinməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin su təchizatı smart-kart tipli su sayğacı ilə müəyyən edilir və istehlak olunmuş suyun dəyəri iddiaçı tərəfindən smartkart vasitəsilə əvvəlcədən yükləmə yolu ilə vaxtaşırı ödənilir. Hal-hazıra qədər qeyri-yaşayış sahəsində quraşdırılmış sayğac ştat rejimində işləyir və hər hansı bir kənarlaşma aşkar olunmamışdır. Lakin bir müddət sonra, cavabdeh təşkilatın əməkdaşları tərəfindən guya ona məxsus qeyri-yaşayış sahəsində yoxlama keçirilmiş, bunun nəticəsi olaraq akt tərtib edilmiş və həmin qanunsuz akt əsasında iddiaçıya 4000 manat borc hesablanmışdır. Qanunsuz yoxlama zamanı əməkdaşlar tərəfindən əsassız olaraq sahəyə daxil olunmuş, bu barədə kafedə olan işçilər xəbərdar olunmamış, onların iştirakı təmin edilməmiş, guya aktı imzalamaqdan imtina edilmiş, həmin əsassız akt tərtib edilərkən foto-video çəkiliş aparılması təmin edilməmişdir. Lakin hazırki qanunsuz aktı tərtib edən yoxlayıcılar yuxarıda qeyd olunan xüsusatlara diqqət yetirməmiş, özbaşına kafeyə daxil olaraq əsassız yoxlama aparmışlar. Bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın müddəalarının pozulması ilə müşaiyət olunan mübahisəli akt tərtib etmişlər. İstehlakçı tərəfindən su sayğacına müdaxilə edilməmiş, sayğac işlək vəziyyətdə olmuş, sayğacdan kənar qoşulma olmamışdır. Suala cavab olaraq bildirir ki, onun istifadəsində yalnız bir qeyri-yaşayış sahəsi olmuşdur. Həmin sahə şəhid ailəsi olduğu üçün ona cənab Prezident tərəfindən verilmişdir. Əvvəl “Məkan” kafe olmuş, bir müddət dönərxana kimi istifadə olunmuş, hazırda isə yenə kafe kimi istifadə olunur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən kafe kimi fəaliyyət göstərən obyektə baxış keçirilən zaman su xəttinə qanunsuz qoşulma olduğu məlum olmuşdur. Aşkar olunmuş pozuntuya uyğun akt tərtib olunmuş, bu fakt üzrə heç bir qanunsuzluq olmamışdır. Sudan istifadə qaydaları pozulmuş və qanunsuz istifadə olunan suyun məbləği müəyyən olunmuşdur. Qoşulma isə sayğacdankənar olmuşdur. Sudan istifadə haqqında müqavilə 01.07.2001-ci ildə İddiaçı ilə bağlanmışdır. Sayğac faktiki olaraq 21.10.2013-cü ildə quraşdırılmışdır. 02.11.2018-ci ildə abonent sayğacından kənar xətdən qeyri-qanuni olaraq sudan istifadə ilə bağlı tərtib olunmuş inventar aktda göstərilən sayğacın nömrəsi videomaterialda əks olunan sayğac nömrəsi ilə üst-üstə düşür. Eyni zamanda o, Yasamal rayon Sukanal İdarəsinin əməkdaşları ilə əlaqə saxladığı zaman onlar abonent sayğacından kənar xətt vasitəsilə qeyri-qanuni sudan istifadə edilməsi faktını təsdiqləmişlər. Hesab edir ki, iddia əsassızıdr. Sudan istifadə qaydalarının pozulmasına görə hesablanmış borc məbləği iddiaçıdan tutulmalıdır. 17.12.2021-ci il tarixli ekspert rəyi qeyri-müəyyəndir və aydın deyildir. Əlavə olaraq bildirir ki, iddiaçıya borc məbləği qeyri-əhali statuslu abonent kimi hesablanmış və iddiaçı ilə Cavabdeh ASC arasında olan müqavilədə iddiaçı qeyri-əhali kateqoriyası kimi qeyd olunmuşdur. Borc məbləği isə 01 oktyabr 2019-cu il tarixə qədər olan borc məbləğidir. 2020-2021-ci illərdə borc olmamışdır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 06.09.2011-ci il tarixli, 073649 nömrəli su təchizatı və kanalizasiya xidmətlərinə dair müqaviləyə əsasən müəssisə - Cavabdeh ASC İddiaçı məxsus Yasamal rayonu, ünvan 2 ünvanında yerləşən kafeni su ilə təchiz etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, abonent - İddiaçı isə bu xidmətlərin əvəzində müəyyən edilmiş qaydada ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ASC-nin MXD 10456 nömrəli, 02.11.2018-ci il tarixli inventar aktına əsasən Yasamal rayonu, ünvan 2 ünvanında yerləşən, 073649 nömrəli müqavilə əsasında su ilə təchiz olunan İddiaçı məxsus kafe-dönərxanaya baxış keçirilən zaman obyektdə quraşdırılmış su sayğacından keçməyən D=20 mm boru vasitəsilə kənar xətt aşkar olunmuşdur. Obyektin nümayəndəsi Adamov Ayaz qeyd edilmiş, lakin o, aktı imzalamamışdır. İş materiallarında olan Cavabdeh ASC-nin qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən 1056 nömrəli, 02.11.2018-ci il tarixli inventar akt üzrə İddiaçı 4104 manat ziyan hesablanmışdır. İş materiallarında olan 17.12.2021-ci il tarixli, 10/6042 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus kafenin (dönərxananın) su kranlarını açan zaman su gəlmədiyinə, Azərsu” ASC-yə məxsus paylayıcı su xətti yeraltı çəkildiyinə görə həmin xəttə sayğacdan kənar su xəttinin qoşulubqoşulmamasını müəyyən etmək mümkün olmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı xalasıdır. Uşaqları həmin yerdə işləyirdi. O isə nəzarət edirdi. Həmin obyektin arxasında dövlət parkı var idi və orada xeyli borular mövcud idi. Həmin vaxt cərimə yazan əməkdaşlar sonradan iddiaçının şəhid ailəsi olduğunu bildikdən sonra peşman olmuşdur. Suala cavab olaraq bildirir ki, çəkilişin olması barədə məlumatı yoxdur. Mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 19.01.2022-ci il tarixdə yerli baxış zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini su ilə təmin edən su borusu iddiaçının istifadəsindən kənar olan sahədə su sayğacına birləşir və su sayğacından keçməklə, Həsən bəy ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə daxil olur. Su sayğacı açıq məkanda yerləşir. Qeyri-yaşayış sahəsində isə iddiaçının istifadəsində olan kafedən başqa digər xidmət obyektləri də fəaliyyət göstərir. Bütün göstərilən bir neçə obyekt hamısı Həsən bəy ünvan 3 ünvanı adı altında birləşir və iddiaçının adına olan su sayğacından keçməklə həmin obyektlərə su paylanılır. Cavabdeh tərəfindən aşkarlanan sayğacdankənar su xətti isə iddiaçının istifadəsində olan “Nar çiçəyi” adlı kafedən bir neçə metr geridə yerləşən digər qeyri-yaşayış obyektində aşkarlanmışdır. Sayğacdankənar su xəttinin aşkarlandığı qeyriyaşayış sahəsinin isə qapısı bağlı olduğundan və iddiaçının bildirdiyinə əsasən onun istifadəsində olmadığından həmin yerə baxış keçirmək mümkün olmamışdır. İşin halları odur ki, ünvan 1 ünvanında yerləşən “Nar çiçəyi” kafe iddiaçının sahibliyindədir. İddiaçı vergi ödəyicisi deyil. İddiaçının sudan istifadə ilə bağlı cavabdehlə 073649 nömrəli müqaviləsi vardır. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən kafeyə 02.11.2018-ci il tarixdə baxış keçirilərək İnventar Akt tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçıya sudan qanunsuz qoşulma nəticəsində istifadə ilə bağlı 4104 manat məbləğində ziyan hesablanmışdır. Hazırda iddiaçı onun sahibliyi və istifadəsində olan kafedə kənar müdaxilənin olmadığını bildirərək əsassız olaraq hesablanmış 4000 manat borcun silinməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçının cavabdehlə sudan istifadə ilə bağlı müqaviləsi vardır. 4104 manat məbləğində borc iddiaçıya 02.11.2018-ci il tarixli inventar akt əsasında yazılmışdır. Lakin həmin aktın tərtib olunmasına iddiaçı iştirak etməmiş və akt onun tərəfindən imzalanmamışdır. Yerli baxış zamanı isə cavabdeh tərəfindən aşkarlanan və videogötürüntüdə əks olunan sayğacdankənar su xəttinin iddiaçının istifadəsində olan kafedə deyil, ondan bir neçə metr arxada yerləşən qapalı sahədə müəyyən olunmuşdur. Bu halda sübutetmə yükü su təchizatçısının, yəni borcu hesablamış təşkilat olan Cavabdeh ASC-nin üzərinə düşür. Məhz cavabdeh, İddiaçı hesablanmış borcun əsaslı olmasını, inventar aktda qeyd olunmuş kənar su xəttinin İddiaçı sahibliyində olan ərazidə olmasını sübuta yetirməlidir. Su təchizatçısı isə İddiaçı məxsus kafedə kənar su xəttinin olmasını sübut edə bilmir. AR Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 387.3-cü öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli Qərarının 3.1.1.-ci maddəsinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüququdur. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin ediməli, Azərsu” ASC-nin 02.11.2018ci il tarixli, MXD 10456 nömrəli inventar aktı əsasında Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin su ilə təmin edilməsi ilə əlaqədar hesablanmış 4000 manat borc silinməlidir. Məhkəmə qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia tələbi təmin olundundan, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərsu” ASC-nin 02.11.2018-ci il tarixli, MXD 10456 nömrəli inventar aktı əsasında Cavabdeh ASC tərəfindən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin su ilə təmin edilməsi ilə əlaqədar hesablanmış 4000 (dörd min) manat borc silinsin. Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar