Məhkəmə qərarları › İş №2(004)-195/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-195/2025

13.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-195/2025 13.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: daşınmaz əmlakın alqı-satqı müqaviləsi, etibarsızlıq) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı X2, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı X4 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hüquqi savadsızlığından istifadə edilməsi ilə birbaşa bağlı qarşı tərəfin biləbilə yalan vədlər verməklə aldadılmaqlarına sövq edilməyi səbəbi əsası ilə ünvan 1 ünvanı üzrə xüsusi mülkiyyətində olan 0,02309 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən yeganə ailəliklə yaşayış mülkləri olan ümumi sahəsi 274,42 m2 xüsusi mülkiyyətlərinin əvəzi olaraq özgəninkilşədirilməsi ilə bağlı qarşı tərəf inzibati orqan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti ilə aralarında bağlanılmış AN-İ № ******* saylı, xx.xx.2024-cü il tarixli alqı-satqı əqdi müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdi.

2. Daha sonra iddiaçı dəqiqləşmə ilə bağlı ərizə təqdim edərək, onun hüquqi savadsızlığından istifadə edilməsi ilə birbaşa bağlı qarşı tərəfin bilə-bilə yalan vədlər verməklə aldadılmaqları, həmçinin tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsində həqiqiliyin olmaması səbəbindən pozulmuş hüquqlarının bərpasının təmin edilməsi ilə bağlı o, ünvan 1 ünvanı üzrə ailəliklə yeganə yaşayış yerləri olan xüsusi mülkiyyətlərinin özgəninkiləşdirilməsi əvəzi olaraq qarşı tərəf inzibati orqan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti ilə aralarında bağlanılmış AN-İ № ******* saylı, xx.xx.2024-cü il tarixli alqısatqı əqdi müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdi.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəməyə mülki qaydada qarşı tərəf Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış AN-İ № ******* saylı, xx.xx.2024-cü il tarixli alqı-satqı əqdi müqaviləsi üzrə “əqdi müqavilənin etibarsız sayılmasına dair” iddia tələbi ilə rəsmi müraciət etmək məcburiyyətində olmağının səbəbi həmin əqdi müqavilə üzrə aldadılmaqları, bu hüquqda pozulmuş hüquq və azadlıqlarının bərpasının qanuni əsasda təmin edilməsi əsasıdır. Belə ki, həmin qeyd edilən alqı-satqı əqdi müqaviləsinin əsasını qarşı tərəf inzibati orqan Bakı şəhəri Yasamal RİH-i ilə onun inzibati binasında aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli “daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə” Razılaşma Protokolu olmuşdur ki, həmin Razılaşma Protokolunu imzalamağa dəvət edildiyi zamanı onlara qarşı tərəf inzibati orqan Bakı şəhəri Yasamal RİH-i tərəfindən bildirilmişdir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun tələblərinə uyğun olaraq ona ünvan 1 ünvanı üzrə yeganə ailəliklə yaşayış yerləri olan ümumi sahəsi 274,42 m2 xüsusi mülkiyyəti olan daşınmaz əmalkına məhkəmədən kənar tərəflərin razılaşma protokolunun imzalanması yolu ilə daşınmaz əmlaklarının əvəzi olaraq dövrün ədalətli bazar qiymətinə uyğun dəyəri əvəzi 800 min AZN kompensasiya məbləği ödənilməsi təyin edilir və həmin ünvan üzrə xüsusi mülkiyyətlərində olan 0,02309 ha torpaq sahəsinin əvəzi olaraq həmin zona üzrə yaxın ərazidə həmin ölçüdə torpaq sahəsi xüsusi mülkiyyətlərində - qanuni istifadələrinə veriləcəkdir və birbaşa hüquqi savadsızlıqlarından istifadə etməklə onları inandırmışlar ki, bütün bu qeyd edilən hüquqi hərəkətlər yalnız aralarında tərəflərin razılaşma protokolunun imzalanması həyata keçirildikdən sonra mərhələli şəkildə icrası onlar tərəfindən həyata keçirilməsi təmin ediləcəkdir. Hətta həmin dövrdə həmin inzibati orqan Bakı şəhəri Yasamal RİH-i tərəfindən onlarda həmin razılaşma protokolunun qeyd edilən şərtlər üzrə imzalanmasına daxili iradə ifadəsi təəssüratı yaratmaq məqsədi ilə onun səlahiyyətli edilmiş nümaynədəsi tərəfindən onlara həmin yaxın ərazi üzrə xüsusi mülkiyyətlərində olan 0,02309 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi əvəzi olaraq həmin ölçüdə torpaq sahəsi göstərilməklə onlarla şifahi tərzdə razılaşdırılaraq bildirilmişdir ki, aralarında tərəflər olaraq razılaşma protokolu imzalanması həyata keçirildikdən sonra mərhələli şəkildə həmin torpaq sahəsi üzrə xüsusi mülkiyyət hüququnun adlarına rəsmiləşdirilməsi ilə qeyd edilən torpaq sahəsi qanuni istifadələrinə verilməsi təmin ediləcəkdir. Yuxarıda qeyd eidlən bütün bu hüquqi şərtlər daxilində hesab etmişlər və onlarda belə irafə ifadə təəssüratı yaranmışdır ki, qarşı tərəf inzibati orqan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasının daxilində onlar tərəfindən rəsmi qaydada əvvələdən hazırlanmış razılaşma protokolu onlara təqdim edilməklə hesab etmişlər ki, onların rəsmi danışıqlarındakı razılaşdırılmış həmin bütün şərtlər eyni qaydada bu razılaşma protokolunda öz iradə ifadə tərzində verilməklə onlar tərəfindən onların hüquqi savadsız olmağından istifadə edilməklə aldadılmaqlarına yol verilməsi hərəkətləri edilmiş və bu yönümdə tərəflərindən imzalanmasına nail olmuşlar. Lakin həmin xx.xx.2024-cü il tarixli razılaşma protokolunun imzalanmasından yalnız qısa bir müddət ötdükdən sonra qarşı tərəf həmin inzibati orqan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən həmin razılaşma protokolunun əvvəlcədən danışılaraq razılaşdıqları heç bir şərtlərinə əməl edilməsi təmin edilməsi reallıqda həyata keçirilmədən onlara qarşı xüsusimülkiyyətinin teztələsik boşaldılması ilə əlaqəli tələb irəli sürərək onlardan mülkiyyətinin məcburi qaydada boşaldılmasını tələb etmiş və nəticədə mülkiyyətlərindəki şəxsi əmlaklarının bötövlüklə itirilməsinin qarşısının alınması məqsədi ilə məcburi çarəsiz qalaraq xüsusi mülkiyyətlərinin əmlaklarını qismən boşaldılmasını həyata keçirə bilmişlər və dərhal xx.xx.2024-cü il tarixində axşam vaxtlarında xüsusi mülkiyyətinin həmin inzibati orqan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən qeyri-qanuni hərəkətlərə yol verilməsi ilə tamamilə sökülüb-dağılaraq məhv edilmişdir. Bu zaman onlara məlum olmuşdur ki, həmin inzibati orqan tərəfindən həmin tərəflərin xx.xx.2024-cü il tarixli razılaşma protokolunun imzalanması dövründə bilərəkdən hüquqi savadsızlığından birbaşa istifadə edilməklə bütünlüklə aldaılmış və çoxlu sayla ciddi cəhdlərinin nəticəsində yalnız xx.xx.2024-cü il tarixində notariat qaydasında yalnız 274,42 m2 yaşayış evinin olan daşınmaz əmlaklarının AN-İ №1251750 saylı, xx.xx.2024-cü il tarixli alqı-satqı əqdi müqaviləsinin bağlanmasını həyata keçirməklə onun əvəzi olan kompensasiya məbləğini almağa nail olsalar da, inzibati orqan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi mülkiyyətlərində olan 0,02309 ha torpaq sahəsi üzrə özgəninkiləşdirmənin əvəzi olaraq həmin ölçüdə torpaq sahəsi ilə təmin edilməkləri hələ də həyata keçirilməmiş, həmin inzibati orqana bu barədə dəfələrlə rəsmi müraciətlərinə baxmayaraq pozulmuş qanuni hüquqlarının bərpası təmin edilmədən baxılmamış saxlanılmaqla heç bir hüquqi hərəkətlər edilmir, bu yönümdə hesab edirlər ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən aralarında tərəflərin xx.xx.2024-cü il tarixli razılaşma protokolunun imzalanması dövründə bilərəkdən hüquqi savadsızlığından birbaşa istifadə edilməklə bütünlüklə aldadılmışlar və hesab edirlər ki, aldadılma niyyəti ilə bilərəkdən yalan vədlər verilməsi ilə bağlanılmağa sövq edilmişlər, bu da qanuni hüquqda pozulmuş hüquqlarının hüquqi əsasda bərpa edilməsi təminatını özündə ehtiva edilməsi ilə yanaşı həm də bu əsasda da aldadılma niyyəti ilə bağlanılmış əqd məhkəmədə əqdi müqavilənin bağlanılmasının etibarsız sayılması ilə mübahisələndirilməsi aparılması hüquqi anlamına gəlinməsi qanuni hüququdur.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə aralarında razılaşma müqaviləsi bağlanmış, iddiaçının əmlakının tam dəyəri ödənilərək, iddiaçının bütöv əmlakı dövlət mülkiyyətinə keçmişdir. Onlar müqavilədə göstərilən məbləğdən əlavə iddiaçıya torpaq sahəsinin verilməsi ilə bağlı heç bir razılaşma müqaviləsi bağlamamışlar, elə bir sövdələşmələri olmamışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı 05 aprel 2024-cü il tarixli Daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə Razılaşma Protokolunu imzalamaqla ona məxsus S.Rüstəmov küçəsi,dalan 3,ev 4 ünvanında yerləşən mənzilin dövlət ehtiyacları üçün alınması və bu məqsədlə ödəniləcək ümumi 800.000 (səkkiz yüz min) manat kompensasiya məbləği ilə razılaşdığını,alan orqanın təklifinin,o cümlədən qanunvericiliklə nəzərdə tutulan bütün əlavələr (faizlər) nəzərə alınmaqla ona ödənilən kompensasiya təklifinin iradə ifadəsinə uyğun olduğunu bildirmiş və razılaşma protokolunu imzaladığı gündən 3 (üç) gün müddətində ona məxsus daşınmaz əmlakı alan orqana təhvil verməyi,bu əmlakla bağlı gələcəkdə üçüncü şəxslərin iddialarına görə bütün məsuliyyəti öz üzərinə götürmüşdür.

9. X3 və Yasamal Rayon İcra Hakimiyyəti adından X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli AN-İ ******* seriya nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən X3 Bakı şəhəri,Yasamal rayonu,Səid Rüstəmov küçəsi,dalan 3,ev 4 ünvanında yerləşən,ümumi sahəsi 126.10 kv/m olan fərdi yaşayış evini və mülkiyyətində olan 0.023090 ha torpaq sahəsini Yasamal Rayon İcra Hakimiyyətinin mülkiyyətinə verməyi,Yasamal Rayon İcra Hakimiyyəti isə satılan daşınmaz əmlakın əvəzi olaraq 800.000 manat ödəməyi öhdəsinə götürür.

10. X3 tərəfindən Bakı şəhəri 41 saylı notariat ofisinin xüsusi notariusuna verilən ərizəyə əsasən müəyyən olunur ki,onun mülkiyyətində olan Bakı şəhəri,Yasamal rayonu,Səid Rüstəmov küçəsi,dalan 3 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin və mülkiyyətində olan 0.023090 ha torpaq sahəsinin söküntüsü ilə əlaqədar olaraq Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ona ayrılmış 800.000 (səkkiz yüz min manat) pul məbləğini almışdır.Bununla bağlı gələcəkdə Yasamal Rayon İcra Hakimiyyətinə qarşı iddia və tələbi olmayacaqdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1906/2020 nömrəli qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-363/2020 saylı, 18 iyun 2020-ci il tarixli qərarının iddianın təmin edilən hissəsində ləğv edilməsi. Bu hissədə işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qərarın qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

12. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd olunmalıdır.

13. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquq və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsində əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

16. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

17. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

18. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

19. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

20. Həmin Məcəllənin 339.1-ci maddəsində qeyd olunmuşdur ki, hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

21. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

22. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

23. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

24. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.

25. Həmin Məcəllənin 339.6-cü maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

26. Məhkəmə ilk növbədə qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

27. Əqdin etibarsızlığı dedikdə isə- tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda, əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətdir ki, bu hərəkət əqdin etibarlı olması şərtlərindən, heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticə baş vermir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına səbəb olmur.

28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasından xx.xx.2024-cü il tarixli AN-İ ******* seriya nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və mülkiyyətində olan 0,023090 ha torpaq sahəsini 800.000 manata Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin (alıcı) mülkiyyətinə vermişdir. İddiaçı mülkiyyətində olan 0,023090 ha torpaq sahəsini torpaq sahəsinin əvəzinə başqa torpaq sahəsinin cavabdeh tərəfindən veriləcəyi barədə razılığa gəldiklərini bildirsə də, dediyini hallar nə alqı-satqı müqaviləsində, nə də başqa mötəbər sənəddə öz əksini tapmamışdır.

29. Məhkəmə qeyd edir ki, iddiaçının etibarsız olduğunu iddia etdiyi əqd etibarsızlığın mübahisə edilən növünə aiddir. Etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin etibarsız əqd hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.

30. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin əvəzinə cavabdeh təərfindən digər torpaq sahəsinin verilməsi barədə tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır.

31. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

32. İddiaçı iddia tələbindəki hallara dair mötəbər, təkzibolunmaz sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı, məhkəmə bildirir ki, çıxarılmış məhkəmə qərarı tərəflərin mülahizələri əsasında deyil, dəqiq və mötəbər sübutlar əsasında çıxarılır.

33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır.

34. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması halı mülki iş materialları ilə təsdiq edilmir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi öz izahatında həm xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə razılaşma protokolu imzalanan zaman, həm də xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman mülkiyyətində olan torpaq sahəsinin də fərdi yaşayış evi ilə birlikdə müqaviləyə daxil edilməsindən məlumatının olduğunu, lakin şifahi razılaşmalarına uyğun olaraq torpaq sahəsinin əvəzinə başqa torpaq sahəsinin veriləcəyinə inandıqlarından müqaviləni imzaladıqlarını bildirmişdir. Lakin qeyd olunan hal məhkəmə icraatı dövründə sübut oluna bilməmişdir.

35. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçıl tələb etmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar