Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1993/2021 12.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, ərizəçinin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X4, X2 və X6 cəlb olunmaqla, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “daşınar əşyaların sahibsiz hesab edilməsi və mülkiyyətə verilməsi” tələbinə dair ərizəsinə xüsusi icraat qaydasında Bakı şəhəri Yasamal rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “daşınar əşyaların sahibsiz hesab edilməsi və mülkiyyətə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X3 ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2009-cu il tarixli cinayət işinin başlanılması haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası gömrük sərhəd nəzarətindən bəyan etməməklə külli miqdarda malların keçirməsi faktına görə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə 93928 nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 206.1ci maddəsi ilə başlanılmış cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nın 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 481-ci maddəsinin tərkibinin olduğunu nəzərə alaraq, toplanmış materiallardan zəruri sənədlərin surətlərinin çıxarılıb baxılması üçün aiddiyyatı üzrə Təhqiqat şöbəsinə göndərilməsi, cinayət işi üzrə maddi sübut olan gümüşəbənzər metaldan hazırlanmış 245 ədəd üzük, 6 ədəd bilərzik, 12 ədəd təsbeh, 34 ədəd boyunbağı və 56 ədəd kulonun Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılmasnın nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 10000/1786 nömrəli İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası vətəndaşı X4 barəsində başlanılmış 10000-0034/20 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, hüquqpozma predmeti kimi götürülmüş gümüşəbənzər metaldan hazırlanmış 245 ədəd üzük, 6 ədəd bilərzik, 12 ədəd təsbeh, 34 ədəd boyunbağı və 56 ədəd kulonun Dövlət Gömrük Komitəsinin xəzinəsinə verilməsinin nəzərə alınması, qərarın surətinin bu qərarın 2-ci bəndində nəzərdə tutulan malların dövlət nəfinə keçirilməsi məqsədilə müvafiq tədbirlərinin görülməsi üçün Hüquqi Təminat İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.10-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 306.4-ci maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.5-ci bəndinə əsasən, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Göründüyü kimi, qanunvericilik birmənalı şəkildə xüsusi icraat qaydasında baxılan işlərdə hüquq haqqında mübahisənin yarandığı zaman ərizənin baxılmamış saxlanmalı olmasını müəyyən etmişdir. Hazırki mülki iş üzrə isə ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması tələbi barədə mübahisə yaranmışdır. Belə ki, iş materiallarından da göründüyü kimi, gümüşəbənzər metaldan hazırlanmış 245 ədəd üzük, 6 ədəd bilərzik, 12 ədəd təsbeh, 34 ədəd boyunbağı və 56 ədəd kulon xx.xx.2009-cu il tarixdə başlanmış cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanca qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə cinayət işinin icraatına, xx.xx.2020-ci il tarixdə isə inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Bu müddət ərzində daşınar əmlak üzərində sahiblik hüququnu həyata keçirmək imkanının olub-olmaması, yəni sözügedən daşınar əmlakın sahibsiz əşya hesab edilib-edilməməsi ilə bağlı mübahisə vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 162-ci maddəsinə əsasən, əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 184.1-ci maddəsinə əsasən, əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 184.2-ci maddəsinə əsasən, əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Beləliklə məhkəmə qeyd edir ki, ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi daşınar əşyanın sahibsiz hesab edilməsi və mülkiyyətə verilməsi tələbi barədə ərizəsi üzrə mülki işə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edildiyindən ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “daşınar əşyaların sahibsiz hesab edilməsi və mülkiyyətə verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1993/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1993/2021
12.04.2021 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver