Məhkəmə qərarları › İş №2(004)-1995/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1995/2023

05.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1995/2023 05.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “istifadə edilməyən əmək məzuniyyəti kompensasiyasının rəsmi əmək haqqı ilə qeyri-rəsmi əmək haqqı arasındakı fərqinə görə 616,59 manat, sonuncu ay üçün ödənilməmiş rəsmi əmək haqqı ilə qeyri-rəsmi əmək haqqı arasındakı fərqə görə 565,83 manat, əmək haqqının verilməsinin gecikdirilməsinə görə 709,46 qəpik, 275 manat vəkil xərci, 50 manat mediasiya xərci olmaqla, ümumilikdə 2216,88 manat pulun tutularaq ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “istifadə edilməyən əmək məzuniyyəti kompensasiyasının rəsmi əmək haqqı ilə qeyri-rəsmi əmək haqqı arasındakı fərqinə görə 616,59 manat, sonuncu ay üçün ödənilməmiş rəsmi əmək haqqı ilə qeyri-rəsmi əmək haqqı arasındakı fərqə görə 565,83 manat, əmək haqqının verilməsinin gecikdirilməsinə görə 709,46 qəpik, 275 manat vəkil xərci, 50 manat mediasiya xərci olmaqla, ümumilikdə 2216,88 manat pulun tutularaq ödənilməsi" barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 0.08.2021-ci il tarixdə "xxxx" MMC-də İnsan resursları üzrə menecer vəzifəsində işə başlamışdır. İşə faktiki olaraq xx.xx.2021-ci il tarixdə başlasa da, əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilərək bağlanmışdır. Həmçinin, rəsmi olaraq əmək haqqı 379,66 manat olsa da, qeyri-rəsmi əmək haqqı 650 manat olmuşdur. xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxdıqda cavabdeh tərəfindən ödənişlər rəsmi əmək haqqına görə aparılmış, qeyri-rəsmi hissəsi isə verilməmişdir. Nəticə etibarilə qeyri-rəsmi əmək haqqı nəzərə alınmaqla cavabdeh iddiaçıya 1182,42 manat pul ödəməlidir. Bundan əlavə, ödənilməmiş 1182,42 manat gecikdirildiyindən, gecikdirilən dövr üçün 709,46 manat pul ödənilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən müəyyən olunur ki, İddiaçı "xxxx" MMC-də müddətli əmək müqaviləsi aylıq 379,66 manat əmək haqqı almaqla kadrlar üzrə mütəxəssis vəzifəsində işləmişdir. Əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Bildiriş üzrə işəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs qismində direktor X1 təmsil olunmuşdur. İş materiallarında olan əmək kitabçasından çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə (işçinin təşəbbüsü ilə) əsasən xitam verilmişdir. İş materiallarında olan votpas yazışmalarına əsasən müəyyən olunur ki, İddiaçı danışıqları Adnan adlanan şəxslə aparmışdır. Həmçinin, iddiaçının Fərhad adlı şəxslə də yazışması görünsə də, yazışma məhdud xarakterlidir. Nəticə etibarilə, yazışmalara əsasən iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış, faktlar Adnan və Fərhad adlı şəxslər tərəfindən etiraf olunmamış, yalnız yazışmalarda sözügedən 1182,42 manat pul tələbi iddiaçının qeyd olunan şəxslərə tələbi qismində qeyd edilmişdir. Qeyd olunan məbləğin etiraf olunması yazışmalara əsasən müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi nəzərə alınmaqla, prosessual tərəflərin (iddiaçı, cavabdeh və s.) hər hansı birinin lehinə və ya əleyhinə öz təşəbbüsü ilə sübutlar toplaması qanunvericiliyin prinsiplərinə zidd olmaqla yolverilməzdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan xüsusatları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarında sübut qismində qiymətləndirilmiş əmək müqaviləsi bildirişində iddiaçının əmək haqqının 379,66 manat olması və "xxxx" MMC ilə əmək münasibətlərinin başlanma tarixinin xx.xx.2021-ci il olması müəyyən edilmişdir. Əmək müqaviləsi işçi və işəgötürən arasında əmək münasibətləri ilə bağlı şərtlərin razılaşdırıldığı əsas, etibarlı sənəd hesab edilir. Belə ki, müqavilə üzrə həm işçi, həm də işəgötürən sərbəst iradəsini bəyan etməklə müqaviləyə imza ataraq razılaşırlar. Bu səbəbdən, əmək müqaviləsində nəzərdə tutulmuş şərtlər və əmək müqaviləsi bildirişi mötəbər hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, əmək hüquq münasibətləri mülki hüququn yarımsahəsi olmaqla tərəflərin bərabərliyi prinsipi və müqavilə azadlığı prinsipi rəhbər götürülməklə mülki hüquq normaları ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Beləliklə, məhkəmə işdəki sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbində qeyd olunan xüsusatlar əsassızdır və bu səbəbdən, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “istifadə edilməyən əmək məzuniyyəti kompensasiyasının rəsmi əmək haqqı ilə qeyri-rəsmi əmək haqqı arasındakı fərqinə görə 616,59 manat, sonuncu ay üçün ödənilməmiş rəsmi əmək haqqı ilə qeyri-rəsmi əmək haqqı arasındakı fərqə görə 565,83 manat, əmək haqqının verilməsinin gecikdirilməsinə görə 709,46 qəpik, 275 manat vəkil xərci, 50 manat mediasiya xərci olmaqla, ümumilikdə 2216,88 manat pulun tutularaq ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar