Məhkəmə qərarları › İş №2(004)-1998/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1998/2023

23.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1998/2023 23.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus **********00040 saylı abonent koduna yazılmış, qeyri-qanuni 1036 manat məbləğin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, bu borca görə hər ay karta vurduğu puldan tutulan məbləğin və təzə qaz sayğacı qoyularkən qaz işçilərinin səhlənkərlığı ucbatından yaranan qaz sızması nəticəsində iddiaçıya dəymiş maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu 2-ci Alatava 69/4 ünvanında yerləşən ev faktiki olaraq iddiaçının və onun ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda abonent kodu: **********00040 olmaqla Cavabdeh tərəfindən qazla təmin olunmaqdadır. Həmişə iddiaçı tərəfindən vaxtaşırı ödənilmiş və həmin ünvan qazla təmin olunmuşdur. Sayğac son dəfə xx.xx.2013-cü ildə qoyulmuşdur və 5 il istifadə müddəti qeyd olunduğu halda dəyişilməmişdir. xx.xx.2022-ci il tarixdə qaz işçiləri sayğacın istismar müddəti bitdiyini, istismara yaramadığı üçün dəyişiləcəyini bildirib yeni sayğac quraşdıracaqlarını bildirmişdirlər. Dəyişmək ərəfəsində sayğacın qulaqcığının paslanıb töküldüyü-qırıldığı bildirilmişdir. Lakin bu proses getdiyi müddətdə orada qaz işçilərindən başqa heç kim iştirak etməyib. Bu zaman qaz sayğacının üzərində nömrəsi olan plombu da olmuşdur. İddiaçını məlumatlandıraraq bildirmişdirlər ki, yuxarda qeyd edilən problemlər onlar tərəfindən bərpa oluna bilər. Belə ki, iddiaçı 150 manat laboratoriya işçilərinə, 200 manat bir başqa şəxsə versə, məsələ öz həllini tapa bilər. Lakin bu işdə iddiaçının günahı olmadığı üçün o, ödənişi verməyi lazım bilməmişdir. Daha sonra iddiaçını həmin laboratoriyaya dəvət edərək “Təbii X1nın pozulması” haqqında akt tərtib etmişdirlər. xx.xx.2023-cü ildə iddiaçı **********567 nömrəli Cavabdeh abonent kartına növbəti ödənişi 30 manat edib sayğaca yükləyəndə hesaba oturan məbləğin az olduğunu görərək 104 qaynar xəttinə müraciət emiş və operator iddiaçının 1036 manat borcu olduğunu bildirmişdir. Həmçinin, bu proseslər getdikdən sonra onların dəyişdiyi mubadan (sayğacın dibindən) qaz sızmış onu isə iddiaçı xəbəri olmadan ödəmişdir. İddiaçı qaz işçilərinə bu barədə iradını bildirdikdə, onlar axıntıya görə ödənən məbləğin iddiaçıya geri ödəniləcəyini bildirmişdirlər. Halbuki, bu günə qədər həmin məbləğ geri ödənilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya “borca görə hər ay karta vurduğu puldan tutulan məbləğin və təzə qaz sayğacı qoyularkən qaz işçilərinin səhlənkərlığı ucbatından yaranan qaz sızması nəticəsində iddiaçıya dəymiş maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə münasibətdə iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1998/2023 saylı qərardadına əsasən, iddia ərizəsi “borca görə hər ay karta vurduğu puldan tutulan məbləğin və təzə qaz sayğacı qoyularkən qaz işçilərinin səhlənkarlığı ucbatından yaranan qaz sızması nəticəsində iddiaçıya dəymiş maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələblərinə dair hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00040 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış **********567 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün “Sənaye və məişət qaz sayğaclarını kalibrləmə” laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK- 29/1710-04524-1 saylı akta əsasən “sayğacın çıxış plastmas borusu deşilib, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır, sayğacın yaddaş arxivi oxundu, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii X1nın pozulması haqqında” akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 8640 m3 təşkil etmişdir. Hesablanmış 1036,80 manat məbləğində dəymiş ziyan 2022-ci ilin dekabr ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildiririk ki, **********00040 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonent tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı məxsus **********00040 saylı abonent koduna yazılmış 1036 manat məbləğində borcun silinməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2-4.9-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən etdi ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii X1nın pozulması haqqında” aktda qaz sayğacına müdaxilə edildiyi göstərilmiş və iddiaçıya 1036 manat məbləğində borc hesablanmışdır. Səbəb qismində “sayğacın çıxış plastmas borusu deşilib, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır, sayğacın yaddaş arxivi oxundu, qaz itkisi, müdaxilə” göstərilmişdir. Halbuki, sayğac çöldə yerləşdirildiyindən müdaxilənin olduğu təqdirdə belə, bunun iddiaçı tərəfindən törədilməsi sübuta yetirilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçının qaz sayğacına müdaxilədə təqsiri müəyyən edilmədiyindən, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus **********00040 saylı abonent koduna yazılmış 1036 (min otuz altı) manat məbləğində borcun silinməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar