Məhkəmə qərarları › İş №2(004)-2006/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2006/2023

27.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2006/2023 27.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1, Cavabdeh6, Cavabdeh7, X3 qarşı əmlak bölgüsü və kompensasiya ödəməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX ******* nömrəli çıxarışa əsasən yaşadığı paylı mülkiyyətdə ona aid payın təmin edilməsi və ya cavabdehlərin (paylı mülkiyyətçilərin) hər birindən ona 5000 manat, cəmi 40 000 manat kompensasiya verilməklə mülkiyyət hüququna (ümumi əmlakdakı payına) xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 149. İddia ərizəsinin forması və məzmunu 149.2.2. İddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən qanunun tələblərinə əməl edilməmiş, iddia ərizəsində Cavabdeh4 adı və soyadı düzgün göstərilməmişdir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə edilmiş axtarış nəticəsində Cavabdeh4 adlı şəxs aşkar edilməmişdir. Həmin sistem vasitəsi ilə X2 adlı şəxs də aşkar edilməmişdir. Həmin şəxsin soyadında dəyişiklik olduğu halda, indiki soyadı göstərilməlidir. Bundan əlavə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Qeyd edilən maddəyə əsasən iddanın qiyməti 40 000 manat olduqda, 210 manat dövlət rüsumu ödənilməlidir. Lakin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, onun tərəfindən qanunla müəyyən edilmiş məbləğdən az miqdarda – 50 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Lakin iddiaçı tərəfindən mübahisənin qanunla müəyyən edilmiş məhkəməyə qədər həlli qaydasına əməl edilməsinə, yəni ümumi əmlakın digər paylı mülkiyyətçiləri, yəni hazırkı iş üzrə cavabdehlərə onun payının dəyərinin ödənilməsi barədə təklifin göndərilməsini və cavabdehlər tərəfindən həmin təklifin alnmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə izah edir ki, Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin tələblərinə əsasən iddiaçı öz payının kompensasiyanı tələb etməmişdən əvvəl öz payının naturada bölünməsini tələb etməli, bu mümkün olmadıqda kompensasiyanı tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl olunmadığından, yəni Cavabdeh4 adı və soyadı düzgün göstərilmədiyindən, dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdən az ödənildiyindən və tərəflər arasında mübahisənin qanunla müəyyən edilmiş məhkəməyəqədər həlli qaydasına əməl olunmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sisteminda yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar