Məhkəmə qərarları › İş №2(004)-2033/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2033/2021

08.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2033/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və Bakı şəhəri Yasamal rayon icra Hakimiyyətinə onun oğlu üzərində qəyyum təyin edilməsinin həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 1999-cu ildə anadan olmuş X7 onun oğludur. Oğlu X7 anadan gəlmə autizm xəstəliyindən əziyyət çəkir. O, uşaqlıqdan bu xəstəliyə düçar olmuşdur. Ona müddətsiz olaraq 1-ci qrup əlillik verilmişdir. Dəfələrlə aparılan müalicələr heç bir nəticə verməmişdir. O bir neçə ixtisaslaşdırılmış ruhi, əsəb, əlillər üçün internat evlərində müalicə almışdır. Hal-hazırda onun əsəbiliyi, psixi pozuntuları ilə müşayiət olunan əqli geriliyində, nitq qabiliyyətindəheç bir inkişaf yoxdur. Daim başqasının köməyinə ehtiyacı vardır. Hərəkətlərinin mənasını dərk etmir və onları şüurlu idarə etmək iqtidarında olmur. Oğlunun xəstəliyi ilə əlaqədar köməksiz vəziyyətdə olduğuna görə onun daimi nəzarət altında olmaqla ilkin tibbi yardım olunmasına ehtiyacı vardır. Oğlu onunla ünvan 1 ünvanında qeydiyyatdadır. Mütəmadi olaraq X1 işlərində də təmsil etmək lazım gəlir. Pensiya kartının, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi, seçkilərdə iştirakla bağlı, həmçinin qeydiyyatda olduğumuz ünvanla bağlı sənədləşdirmə işlərində problem yaradır. Çünki onun adından heç bir etibarnaməsi də yoxdur. Çünki, onun faktiki olaraq fəaliyyət qabiliyyəti yoxdur. Bunun üçün ona oğlunun məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab olunaraq üzərində qəyyum təyin olunması tövsiyə edilmişdir. Onun bütün müalicə xərclərini, internat evində qaldığı müddətdə belə xərcləri tərəfindən qarşılanır. Bir ata kimi onun bütün yükü onun üzərindədır. İşə məhkəmədə baxılan zaman ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, 26.04.1999-cu il təvəllüdlü oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi bərədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X8 izahatında 26.04.1999-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı, 15541899 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 26.04.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsi barədə çıxarışdan görünür ki, 26.04.1999-cu il təvəllüdlü X7 birinci dərəcəli müddətsiz əlildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 08.05.2021-ci il tarixli, 1034 saylı rəyindən görünür ki, X4 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar - körpəlikdən kobud nevroloji əlamətlərin qeyd edilməsi, psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, X11 Dispanserində, 2 saylı X2 müalicə olunması, xəstəliyi ilə əlaqədar İ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə çətin daxil olması, təfəkkürünün konkret olması, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, davranış pozuntularının qeyd olunması, yaddaş və intellektinin aşağı olması, bilik ehtiyatının kasadlığı, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 ağır dərəcəli əqli gerilik aşkar olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 26.04.1999-cu il təvəllüdlü X3 psixi xəstəliyi iş materiallarında olan sənədlərlə sübut olunduğundan, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 317-321-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26.04.1999-cu il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar