Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2047/2023 30.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrufatı Nazirliyi X5 İdarəsi tərəfindən verilmiş 67 nömrəli texniki pasportda göstərilən “X6” ilə ölüm haqqında şəhadətnamədə qeyd olunan “X7” olan eyni şəxs olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçinin nümayəndəsi X12 məhkəmə hazırlıq iclasında tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan SSR Kommunal Təsərrufatı Nazirliyi X5 İdarəsi tərəfindən verilmiş 67 nömrəli texniki pasportun X4 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, X7 ərizəçinin babasıdır. O, xx.xx.2005-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixli, 09 nömrə ilə qeyd edilmişdir və ölüm haqqında şəhadətnamə verilmişdir. X4 ünvan 3ndə yerləşən 30 saylı fərdi yaşayış evi məxsus olmuşdur. Hazırda həmin torpaq sahəsini və fərdi yaşayış evini vərəsəlik üzrə qəbul etmək istəyir. Lakin Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş sərəncamda və ölüm haqqında şəhadətnamədə adla bağlı uyğunsuzluq səbəbindən vərəsəliyi qəbul edə bilmir. Belə ki, Azərbaycan SSR Kommunal Təsərrufatı Nazirliyi X5 İdarəsi tərəfindən verilmiş texniki pasportda ad X1, ölüm haqqında şəhadətnamədə isə X2 göstərilmişdir. Qeyd edilən uyğunsuzluğa görə problem yaranır. Hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrufatı Nazirliyi X5 İdarəsi tərəfindən verilmiş 67 nömrəli texniki pasportda göstərilən “X6” ilə ölüm haqqında şəhadətnamədə qeyd olunan “X7” olan eyni şəxs olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X13 ərizədə yazılanlarla oxşar məzmunlu izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, doğulandan hal-hazıradək ünvan 3ndə yerləşən 23 nömrəli fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Ərizəçi və onun nümayəndəsi X10 tanıyır, qonşularıdır. Qonşuları Elnur və Kəmalə ünvan 3ndə yerləşən 30 saylı fərdi yaşayış evində yaşayırlar. Həmin evdə əvvəllər mərhum X7 və onun oğlu Mirbabayev Mirrəşid də yaşayıblar. Qeyd edilən fərdi yaşayış evinin mərhum X4 məxsus olduğunu, evin mülkiyyətçisi kimi onu tanıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuşdur. Abşeron rayonu, Hökməli qəsəbəsi, Xəqani küçəsində yerləşən 15 saylı fərdi yaşayış evində yaşayır. Ərizəçi və onun nümayəndəsi X10 qonşuları kimi tanıyır. Onlar ünvan 3ndə yerləşən 30 saylı fərdi yaşayış evində yaşayırlar. Həmin evdə əvvəllər mərhum X7 və onun oğlu Mirbabayev Mirrəşid də yaşayıblar. Qeyd edilən fərdi yaşayış evinin mərhum X4 məxsus olduğunu, evin mülkiyyətçisi kimi onu tanıdığını bildirmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Kirov rayonu ZAQS bürosu tərəfindən verilmiş AA seriyalı 233567 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1925-ci il tarixdə anadan olmuşdur, atası Mirnəcəf Mirhəbib oğlu, anası Gülşah Ağaverdi qızıdır, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum qeydi kitabında xx.xx.1934-cü il tarixdə akt qeydi tərtib edilmişdir. AZ-İ 130780 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 18 mart 2005-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 saylı akt qeydi tərtib edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrufatı Nazirliyi X5 İdarəsi tərəfindən verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid sentyabr 1979-cu il tarixli 67 nömrəli texniki pasportun surətindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, K.Qasımov küçəsində yerləşən 30 nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi “X6” göstərilmişdir. ünvan 2 notariat ofisi tərəfindən AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron ərazi idarəsinə ünvanlanmış 21 dekabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 2 notariat ofisində vərəsə Ərizəçi müraciəti, mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt varədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2005-ci ildə vəfat etmiş X3 mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına ünvan 3 ünvanında yerləşən 30 nömrəli fərdi yaşayış evi daxildir. Göstərilənlərə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 5.1-1-ci və 8-ci, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə və “Notariat haqqında” AR Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq, mərhum xx.xx.1925-ci il təvəllüdlü X4 məxsus göstərilən əmlak barəsində Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləsi DÖvlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 18 yanavr 2023-cü il tarixli 3-21- 3-32/2-525/2023 saylı məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən vərəsəsi olduğu X4 məxsus 30 saylı fərdi yaşayış evi üzərində hüquqların danışmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 26 dekabr 2022-ci il tarixli müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş texniki pasportda göstərilən hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, texniki pasportda hüquq sahibi “X6” göstərildiyi halda, vərəsəlik məktubunda “X7” kimi qeyd edildiyi aşkar edilmişdir. Bundan başqa eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyətini təsdiq edən sənədin surətinin hazırki ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Həmçinin texniki baxış keçirilən zaman 67 inventar nömrəli texniki pasportda göstərilən A tikilisinin söküldüyü, B tikilisinin isə bir hissəsinin sökülərək yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, sözügedən torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyesti haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 may 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, aşağıda adları qeyd olunan vətəndaşlar K.Qasımov küçəsi ev 30-da yaşayan (yaşamış) vətəndaşlardır: 1)X7 xx.xx.1925 (vəfat edib) 2)X8 xx.xx.1968 (vəfat edib) 3)X12 xx.xx.1977-ci il 4)Ərizəçi Mirbaba oğlu xx.xx.1995-ci il (qeydiyyatsız) 5)X11 xx.xx.1997-ci il. Göründüyü kimi, ərizəçinin mərhum qohumunun (babasının) Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid sentyabr 1979-cu il tarixli 67 nömrəli texniki pasportunda göstərilən ata adı ona aid digər sənədlərdəki ata adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçi mərhum xx.xx.1925-ci il təvəllüdlü X4 məxsus göstərilən miras əmlak barəsində Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etsə də, dövlət qurumu tərəfindən imtina cavabı almışdır. Həmin sənəddə “X7” əvəzinə “X6” mülkiyyətçi kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri hüquq müəyyənedici sənəd kimi tanınmışdır. Məhkəmə işin hallarını, tədiq edilmiş sübutlar əsasında o qənaətə gəlir ki, Azərbaycan SSR Kommunal Təsərrufatı Nazirliyi X5 İdarəsin tərəfindən verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportda X3 ata adı səhvən “Mircəfər” kimi qeyd olunmuşdur. Qeyd edilən texniki pasport hüquq müəyyənedici sənəddir və həmin sənəddə olan səhvin dəyişdirilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı ərizəçinin qohumu X3 atasının adının “Mircəfər” deyil, “Mirnəcəf” olması iş materiallarında olan digər sənədlərlə sübuta yetirildi. Bu halda ərizəçinin ərizəsi əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq və sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, ünvan 3ndə yerləşən 30 saylı fərdi yaşayış evinin mülkiyyətə verilməsinə dair Azərbaycan SSR Kommunal Təsərrufatı Nazirliyi X5 İdarəsi tərəfindən verilmiş 67 nömrəli texniki pasportun X4 məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 3ndə yerləşən 30 saylı fərdi yaşayış evinin mülkiyyətə verilməsinə dair Azərbaycan SSR Kommunal Təsərrufatı Nazirliyi X5 İdarəsi tərəfindən verilmiş 67 nömrəli texniki pasportun X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2047/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2047/2023
30.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver