Məhkəmə qərarları › İş №2(004)-2072/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2072/2024

23.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2072/2024 23.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərsu” ASC-yə qarşı “əsassız borcun silinməsi və s” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı adına hesablanmış 213 (iki yüz on üç) manat məbləğində borcun 193,50 (yüz doxsan üç manat əlli qəpik) manat olan hissəsinin silinməsi və cavabdehin üzərinə bundan sonra sərfiyyatın hesablanmasının 1 nəfərlik ailə tərkibinə uyğun aparılması öhədiliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərsu" ASC 2022-ci ilin əvvəllərində Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı, yəni ondan su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 664 manat borcun və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəfindən sözügedən iddia ərizəsinə etiraz təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərə baxdıqda görünür ki, iddiaçı tərəf 2015-ci ildən 2023-cü ilədək hər il üzrə ayrılıqda borc məbləğlərini hesablayaraq ümumilikdə 664 manat borcun olduğunu qeyd etmişdir. Lakin bunu qeyd edərkən ailə tərkibini 4 nəfər olaraq qeyd etmiş və iddia ərizələrində ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edildiyini bildirmişlər. Halbuki bu, həqiqəti əks etdirmir. Daha öncə də cavabdeh təşkilata bildirdiyi kimi o, İddiaçı 2013-cü ildən etibarən ünvan 1 ünvanında yaşayıram. Üç oğlum: xx.xx.1998-ci il təvəllüdlü X3, xx.xx.2001-ci il təvəllüdlü X4 və yenə xx.xx.2001-ci il təvəllüdlü X5 isə onunla birlikdə deyil, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Böyük oğlu X3 xx.xx.2013-cü il tarixdən, digər iki oğlu isə xx.xx.2015-ci il tarixdən qeyd olunan ünvanda qeydiyyatda olmaqla anaları ilə birlikdə yaşayırlar. Məhz buna görə də "xxxx" ASC ilə 2015-ci ilin 03 fevral tarixində bağlanan müqavilədə ailə tərkibi 1 nəfər olaraq qeyd olunmuşdur. Lakin, buna baxmayaraq "xxxx" ASC müqavilənin tələblərini, həmçinin özlərinin qeyd etdikləri "qeydiyyatda olan şəxslərin say tərkibi" qaydasını kobudcasına pozaraq 1 nəfər üçün deyil, 4 nəfərlik tərkibə uyğun qaydada borc hesablanmasını həyata keçirmişdir. Qeyd olunanlarla bağlı bütün lazımi sübutlar məhkəməyə təqdim olunmuş və Nəsimi Rayon Məhkəməsi də (hakim Səməd Cəfərov) cavabdehin, yəni onun etirazını haqlı hesab edərək e-2(006)-1944/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən, yəni tələb olunan ümumi 664 manat məbləğində borcun yalnız ona münasibətdə olan hissəsinin, yəni 166 manat məbləğində borcun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul etmişdir. Həmçinin qətnaməsində qeyd edilmişdir ki, "İş materiallarında olan sənədlərdən göründüyü kimi istehlakçının mənzilinə sayğac quraşdırılmamış və istehlakçının ailə üzvləri başqa mənzildə yaşadığı və qeydiyyatda olduğu üçün tərəflər arasında bağlanılan müqavilədə 1 nəfər ailə üzvü göstərilmişdir. Lakin, cavabdeh tərəfindən hüquqi əsası olmadan verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi 4 nəfərlik ailə üzvünə uyğun hesablanmışdır. Göstərilənlərə əsasən iddiaçı "xxxx" ASC tərəfindən hesablanmış 664 manat borc qeyd edilən ünvanda sadəcə bir nəfərin yaşaması səbəbilə yalnız ¼ hissədə, yəni 166 manat məbləğində tutulmalıdır. Qeyd olunan qətnamə icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmiş, bundan dərhal sonra tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 166 manat məbləğində olan borc ödənilmiş və beləliklə, icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan sonra bir neçə müddət ona yeni borc məbləği ilə bağlı qəbz gəlməmişdir. Lakin, noyabr ayında gəlmiş sərfiyyata dair qəbzdə guya əvvəlki dövrə aid 135 manat borcumun olduğu və sərfiyyatın hesablanmasının yenə də 4 nəfərlik ailə tərkibinə uyğun olaraq aparıldığı qeyd edilmiş, həmin tarixdən sonra verilmiş qəbzlərdə də bu hal təkrarlanmışdır. Halbuki qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə də onun sayğacı ilə bağlı sərfiyyatın 4 nəfərlik deyil, 1 nəfərlik ailə tərkibinə uyğun hesablanmalı olması öz təsbitini tapmışdır. Lakin, buna baxmayaraq cavabdeh guya dövr əvvəlki borcunun olduğunu və ailədə 4 nəfər olduğunu iddia edərək xx.xx.2024-cü il tarixinə 213 manat borc hesablamışdır (135 manat dövr əvvəlki borc + əlavə olaraq noyabr ayı üçün 18 man+ dekabr üçün 25 man + yanvar üçün 20 man+fevral üçün 15 man). Qeyd edilənlərə əsasən hesab edir ki, həmin pulun 135 manat olan hissəsi və hər ay 4 nəfərlik ailə tərkibinə uyğun hesablanmış borcların ¼ hissəsi, yəni ümumilikdə 193.50 manat olan hissəsi silinməlidir. Qeyd edilənlərdən əlavə bildirir ki, hərçənd ki, qanunvericiliyin tələblərinə görə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar başqa bir məhkəmə işində preyudisial əhəmiyyət daşıyır və yenidən sübut olunmasına ehtiyacı yoxdur, yenə də məhkəməyə işin bütün hallarının aydın olması məqsədilə daha öncəki məhkəmə mübahisəsi zamanı irəli sürdükləri dəlilləri məhkəmənin diqqətinə çatdırır: 1) Cavabdeh istər öz iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərkən, istərsə də hazırda su sərfiyyatının hesablanmasını 4 nəfərlik ailə tərkibinə uyğun aparmışdır. Halbuki böyük oğlu xx.xx.1998-ci il təvəllüdlü X3 xx.xx.2013-cü il tarixdən, digər iki oğlu – xx.xx.2001-ci il təvəllüdlü X4 və yenə xx.xx.2001-ci il təvəllüdlü X5 isə xx.xx.2015-ci il tarixdən yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olmaqla anaları ilə birlikdə yaşayırlar 2) Əlavə olaraq onu da qeyd edir ki, böyük oğlu X3 xx.xx.2020 xx.xx.2021-ci illlər aralığında, ümumiyyətlə, Bakıda olmamış, həqiqi hərbi xidmət keçmişdir. Həmçinin xx.xx.2001-ci il təvəllüdlü X5 da xx.xx.2022-ci il tarixdən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. O cümlədən xx.xx.2001-ci il təvəllüdlü X4 2019-2021-ci illər aralığında 1 il 9 ay olmaqla Daxili Qoşunlarda hərbi xidmət keçmişdir 3) Cavabdeh öz tələblərində borc öhdəliyini tələb edərkən bu borcun 4 nəfərlik ailə tərkibinə müvafiq hesablandığını bildirir. Halbuki cavabdehin özünə də hələ 2015-ci ildə aralarında müqavilə bağlanarkən ailə tərkibinin 4 nəfərdən deyil, 1 nəfərdən ibarət olması faktı məlum idi. Belə ki, cavabdeh ilə aralarında həmin ünvana dair bağlanan xx.xx.2015-ci il tarixli müqavilədə ailə tərkibi bir nəfər olaraq qeyd edilmiş, həmin müqavilənin xx.xx.2015-ci il tarixdən qüvvəyə minməsi göstərilmişdir. Bu da o deməkdir ki, cavabdeh xx.xx.2015-ci il tarixdən etibarən hesablanan bütün borc məbləğlərini 4 nəfərlik tərkibə uyğun deyil, bir nəfərlik tərkibə uyğun hesablamalı idi. Lakin, hazırki halda görünür ki, mövcud borc 4 nəfərlik tərkibə uyğun hesablanaraq guya qalıq borcla birlikdə ümumilikdə 213 manat təşkil etmişdir və bu da onu deməyə əsas verir ki, hazırki halda həmin 135 manat olan hissəsi və hər ay 4 nəfərlik ailə tərkibinə uyğun hesablanmış borcların ¼ hissəsi, yeni ümumilikdə 193.50 manat olan hissəsi silinməli və bundan sonra da borcun hesablanması 1 nəfərlik ailə tərkibinə uyğun olaraq aparılmalıdır. Göründüyü kimi məhkəmə qətnaməsi ilə də yekun ödənilməli olan məbləğ müəyyənləşdirilmiş və borcun məhz 1 nəfərlik tərkibə uyğun hesablanmalı olması qeyd edilmişdir. Sözügedən qətnamədən heç bir şikayət verilməmiş, qətnamə qanuni qüvvəsini almış, icra olunması üçün Nəsimi Rayon İcra Şöbəsinə göndərilmiş və tərəfimdən qısa müddət ərzində qətnamə ilə müəyyən edilən 166 manat məbləğində borc ödəndiyindən icra sənədi ilə bağlı iş üzrə icraata xitam verilmişdir. Daha sonra iddiaçı tərəfindən iddia həcminin artırılması barədə ərizə ilə müraciət edərək, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə verilərkən cavabdeh tərəfindən sərfiyyatla bağlı mart və aprel ayları üzrə qəbz hələ daxil olmamışdı. Hazırda isə sözügedən hər iki ay üzrə sərfiyyatı təsdiq edən qəbz ona təqdim olunmuş və onlarda da sərfiyyatın hesablanması 4 nəfərlik ailə tərkibinə uyğun aparılaraq mart ayı üçün 19 manat, aprel ayı üçün isə 23 manat məbləğində hesablanmışdır. Hazırda iddia ərizəsində göstərdiyi əsaslara görə həmin məbləğlərin ¾ hissəsinin – mart ayı üçün 14,25 manat, aprel ayı üçün isə 17,25 manat məbləğin, 2 ay üçün ümumilikdə 31,50 manat məbləğin də silinməsi ilə bağlı iddia həcminin artırılması zərurəti yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilərək Cavabdeh ASC tərəfindən İddiaçı adına hesablanmış 255 manat məbləğində borcun 225 manat olan hissəsinin silinməsi və cavabdehin üzərinə bundan sonra sərfiyyatın hesablanmasının 1 nəfərlik ailə tərkibinə uyğun aparılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştiak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarinda olan; xx.xx.2015-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, bir tərəfdən (Müəssisə) Cavabdeh ASC ilə digər tərəfdən İddiaçı (istehlakçı) bu müqaviləni bağladılar. Bu müqavilə Cavabdeh ASC-nin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 nömrəli Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X4 Bakı şəhəri, Nəsimi rayonu küçəsi, 3 mkr, H.B.Əliyev küçəsi ev 38, m22 qeydiyyatdadır. Qeydiyyatdan olan digər şəxslər: X5, X3, X1r. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1944/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədindən görünür ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 166 manat borc tutularaq **********000 saylı abonent koduna və 7 manat 50 qəpik dövlət rüsumu üzrə xərclər Cavabdeh ASC-nin hesabına ödənilməsi müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1944/2023-010 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Abonent kartından (saldo) görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında ünvan 3 ünvanında yerləşən sonuncuya məxsus fərdi yaşayış evinə su və çirkab xidmətlərinin göstərilməsi ilə əlaqədar 12802791 saylı, xx.xx.2012-ci il tarixli müqavilə bağlanmışdır (Abonent kodu: **********000 ). Həmin ünvana 2015-ci ildən 2024-cü ilin aprel ayınadək hesablanmış yekun borc məbləği 232 manat təşkil edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 30-cu maddəsinə əsasən sudan istifadənin qaydaları və şərtləri, tərəflərin qarşılıqlı hüquq və vəzifələri müqavilələr əsasında tənzimlənir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən sudan istifadə müqavilələri su obyektlərinin istifadəçiləri ilə su istehlakçıları arasında bağlanır. Həmin Məcəllənin 98-ci maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin c bəndinə əsasən istehlakçılar bu maddədə göstərilmiş digər hüquqlarla yanaşı, su təchizatı müəssisələri ilə su almaq üçün su kəmərinə qoşulması barədə müqavilə bağlamaq hüququna malikdir. Həmin Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. “Sudan İstifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Məhkəmə iş materiallarında olan sübutları keçirilmiş məhkəmə iclaslarında tərəfin vermiş olduğu izahatla birlikdə araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, hazırki tərəflər arasında su və çirkab sularının xidməti üzrə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən verilmiş suyun və axılıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus evdə yaşayan şəxslərin sayına (1 nəfər) uyğun olaraq aparılan hesablama yollu ilə müəyyənləşdirilmişdir. İddia ərizəsi və iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanlarında qeydiyyatda olmayan şəxslərlə bağlı Cavabdeh ASC tərəfindən əsassız və qanunsuz şəkildə su istifadə borcları hesablanmış, iddiaçının həmin quruma müraciətləri heç bir nəticə verməmişdir. Bununla da iddiaçı, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, ünvan 3 ünvanına (Abonent kodu: **********000) əsassız hesablanmış 225 (iki yüz iyirmi beş) manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməli, ünvan 3 ünvanı üzrə (Abonent kodu: **********000) su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablamanın bir nəfərlik ailə tərkibinə uğun aparılması öhdəliyi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 3 ünvanına (Abonent kodu: **********000) əsassız hesablanmış 225 (iki yüz iyirmi beş) manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. ünvan 3 ünvanı üzrə (Abonent kodu: **********000) su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablamanın bir nəfərlik ailə tərkibinə uğun aparılması öhdəliyi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar