Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2084/2021 03.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair ərizə və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47 ünvanında yerləşən 23 saylı mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə əsassız hesablanmış 5112 manat məbləğində borcun silinməsi, barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla tam mülkiyyətindədir. Mənzildən kənarda, yəni ümumi istifadədə olan sahədə SMART tipli su sayğacı (kod-064494, müqavilə-********) quraşdırılıb. Mənzili sınaq müddətinə qeyri-yaşayış sahəsi kimi icarəyə vermişdir. Su sayğacı 2020-ci ilin avqust ayında onun adına keçirilib. 27 X8 sayğacının yenisi ilə dəyişdirilməsi ilə əlaqədar Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 04 sentyabr 2020-ci il tarixli sənədə əsasən su sərfiyyatı və çirkab sularının axıntısına dair ümumi olaraq borcu olmayıb. Həmin vaxtdan etibarən yeni quraşdırılmış sayğacın göstəricisinin 28 kubmetr olmasına baxmayaraq (1 kub metrin suyun dəyəri 2,0 manat olmaqla cəmi 56,0 manat təşkil edir) hesaba müxtəlif tarixlərdə 12 dəfəyə 176 manat pul ödəmişdir. Hesablamaya əsasən su sərfinə və tullantıya görə əlavə 120 manat avans qoymuşdur. Sonradan, yəni 2020-ci ilin sonunda ona heç bir əsas olmadan yeni hesab təqdim edilərək ümumi borcunun 5154 manat olduğu və ödəmiş olduğu 176 manat pulun çıxılaraq cəmi 4978 manat ödəyəcəyi barədə bildiriş verilmişdir. Bu cür hesabat məntiqsiz və əsassızdır. Belə çıxır ki, sudan istifadə olundu və yə olunmadı fərqi yoxdur, istənilən məbləğ ödənilməlidir. Kartda isə müəyyən məbləğ olmadıqda sayğac avtomatik bağlanır. Əsassız hesablanmış məbləğin silinməsi üçün onun ailəsinə məxsus Səbail və Yasamal rayonları evlərdə hesabatın yenidən aparılması məqsədilə 18 dekabr 2020-ci il tarixində Cavabdeh ASC-nin rəhbərliyinə elektron poçt vasitəsi ilə müraciət etmişdir. Cavab məktubu tam əsassızdır. O bununla razı deyil. X8 sayğacının yenisi ilə lüzumsuz dəyişdirilməsi işi Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənişlərin bilərəkdən şişirdilməsinə xidmət etməkdən başqa bir şey deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, qızı-iddiaçı həmin mənzildə yaşamadığı üçün həmin sahə icarəyə verilmiş və stomatoloji mərkəz kimi fəaliyyət göstərir. Cavabdeh tərəf həmin mənzilin kirayəyə verilməsindən xəbər tutduqdan sonra bu məsələlər ortaya çıxıb. Ona qədər cavabdeh tərəfindən hər hansı bir xəbərdarlıq və ya digər tədbir olmamışdır. Mənzilin əvvəlki mülkiyyətçisinə 19.02.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıqda qeyd olunur ki, su birtərəfli qaydada dayandırılacaq, xahiş edirik, şərait yaradın, sayğac dəyişdirilsin. Qarşı tərəfin şərait yarat deməsi də başadüşülən deyil, çünki sayğac mənzilin xaricindədir. Onun dəyişdirilməsi üçün hər hansı bir şəraitə ehtiyac yoxdur. Daha sonra ondan müəyyən ödəniş etməyi tələb etdilər, bildirdilər ki, sayğac onların hesabına dəyişdirilməlidir. Lakin o, ödəniş etməmiş, idarəyə getmiş və orada da ərizə vermişdir ki, alqı-satqı olandan sonra sayğacı dəyişsinlər. Gəlib dəyişdilər, heç bir problem də olmadı. Lakin sonradan onlardan müəyyən pul tələb edirlər. Hansı ki, sayğac dəyişdirilən zaman 04.09.2020-ci il tarixli akt tərtib etmişdirlər və həmin aktda da qalıq borcun sıfır olduğu görünür. Qarşı tərəfdən heç bir xəbərdarlıq edilməmişdir. Hətta əvvəlki mülkiyyətçiyə edilən xəbərdarlıqda da qalıq borcdan söhbət açılmır. Akt tərtib olunarkən qeyd olunub ki, sayğac aktivdir, lakin sonradan məlum olur ki, sən demə, bu sayğac ümumiyyətlə işləmirmiş. Əgər qarşı tərəfin qeyd etdiyi borc məbləği yaranmış olsaydı, o zaman əməkdaşları onlara müraciət edər, borcun ödənilməsi barədə, suyun verilməsini dayandıracaqları barədə xəbərdarlıq edərdilər. Əvvəli mülkiyyətçi ilə bağlanan müqavilədən yaranmış borcu da qarşı tərəf onlardan tələb edir. “Su təchizatı və tullantı suları haqqında” AR qanununun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Yəni ki, ailə üzvlərinin sayına görə və ya digər meyarlar əsasında bu hesablama qaydası müəyyən edilə bilər. Bundan başqa su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, məhkəmə iclasından öncə o, bu məsələ ilə bağlı araşdırma aparmış, müvafiq sukanal idarəsi ilə əlaqə saxlamışdır. Təqdim etdiyi sənədlər içərisində X3 adına olan sənəd vardır. Həmin sənəddə 663 kub metr sərfiyyat göstərilir. 2012-2016-cı illərdə həmin sayğac X3 adına olmuşdur. Abonent kodu 61670 olmuşdur. 10 oktyabr tarixində sayğac quraşdırılıb. 12 mart 2020-ci il tarixdə sayğac 064494 abonent kodu ilə İddiaçı adına keçirilib. 04.09.2020- ci il tarixdə sayğac dəyişdilən zaman iş əmri tərtib olunub. İş əmrində qeyd olunub ki, Cavabdehya məxsus plomb sayğacın üzərindədir, lakin sayğacın elektron hissəsi işləmir. Bundan sonra sayğac “Nəzarət-ölçü cihazları” laboratoriyasına aparılmış və müəyyən olunmuşdur ki, sayğacın elektron hissəsi işləmir. Bu səbəbdən də sayğacın mexaniki hissəsi işləyərək suyu ötürüb, lakin elektron hissədə su sərfiyatı qeydə alınmayıb. Sayğacın yoxlanandan əvvəl mexaniki sərfiyyat göstəricisi 03219 olmuşdur. Onlar da həmin rəqəmdən 663-ü çıxırlar – hansı ki, əvvəlki mülkiyyətçi tərəfindən 663 kub metrədək olan hissədə sərfiyyatın haqqı ödənilib, alınan rəqəmi ikiyə vuraraq yekun nəticəni müəyyən etmişlər. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X2 izahatında bildirmişdir ki, sayğac onların laboratoriyasına gətirilmişdir və baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın mexaniki hissəsində su olduğu üçün sayğacın hesabatının aparılması mümkün olmamışdır və rəy verilmişdir ki, sayğac təmirə və istismara yararsızdır. Ümumilikdə isə sayğaclar A və B siniflərinə bölünür və siniflər qalxdıqca sayğacın həssaslığı da artır. A sinif sayğaclarda hesablayıcı hissə suyun içərisində olur, B siniflərdə isə quru hissədə olur. Bu sayğacda donvurma və ya artıq təziq nəticəsində hesablayıcı mexanizmin yerləşdiyi “çaşka” dediyimiz hissə çatlayıb və ora su daxil olub. Smart sayğaclarda sensor deyilən hissə vardır ki, həmin hissə mexaniki hissə işlədikcə məlumatı elektron hissəyə ötürür, lakin bu sayğacda həmin hissəyə su daxil olduğu üçün ərp və ya digər səbəbdən dolayı sensor məlumatı elektron hissəyə ötürməyib. Sayğacın modelindən aslı olaraq bəzilərində mexaniki hissə əsas götürülür. Çünki hesabatı elektron hissəyə mexaniki hissə ötürür. Lakin bəzən roliklər var ki, onların işində nasazlıq olanda onlar elektron hissəni əsas götürürlər. Qeyri-əhali sektorunda sayğacın alınması, dövrü yoxlamadan keçirilməsi, dəyişdirilməsi və yeni sayğacın alınması da abonentin öz hesabına həyata keçirilir. Dövrü yoxlama qeyri-əhalidə ildə bir dəfə həyata keçirilir. Bununla bağlı abonent özü də Cavabdehya müraciət edə bilər. Əksinə, Cavabdeh da müraciət edə bilər ki, dövrü yoxlamanın vaxtıdır, sayğacı yoxlamadan keçirdin. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan DƏDRX tərəfindən verilmiş RX ******* saylı Çıxarışdan görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Abonent haqqında məlumatlara əsasən, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsi İddiaçı istifadəsindədir və həmin qeyri-yaşayış sahəsi diş kabineti kimi fəaliyyət göstərir. Həmin ünvan 12.03.2020-ci il tarixdən Cavabdeh ASC tərəfindən içməli və istehsalat məqsədli su ilə təmin edilmişdir. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 12.09.2020-ci il tarixli 27 X8 Sayğacının Dəyişdirilməsinə dair iş əmrindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsində olan sayğac dəyişdilərək plomblandı. Çıxarılan sayğacın zavod və Cavabdeh məxsus plombu üstündədi, sayğacın elektron hissəsi işləmir. Abonentə sayğacı laboratoriyaya aparılması izah edilmişdir. Həmçinin sayğacın son mexaniki sərfiyyat göstəricisi 03219 olmuşdur. İş materiallarında olan X4 görünür ki, İddiaçı 21.09.2020-ci il tarixə 5112 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh ASC X6 İdarəsi “X1 Laboratoriyası” tərəfinən 20129/0062314 saylı Rəydən görünür ki, laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən kipliyə davamlığı pozulmuşdur. S.C-m elektron platası işləmir. S.C-ın qapaqaltı platform hissəsi çatlaqdır. S.C-ın quru hesablama mexanizm hissəsinə su yığılmışdır. Nisbi xətanın təyini üçün yararsızdır. Batareya (E=3,6v) >0.0v) işlək deyil. (K=6 0v)-»0.0v) işlək deyil.S.C təmirə və istismara yararsızdır. İş materiallarında olan icraçı Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsinin sahibi Qanuni nümayəndə ünvanlanmış məktubdan görünür ki, Səbail rayonu Sukanal idarəsinin xidməti ərazisində fəaliyyət göstərən, müqavilə nömrəsi 064494 olan obyektin su xətti üzərində 05.10.2012-ci il tarixdə quraşdırılmış, Alfasu-20 markalı 50120129 nömrəli X8 sayğacı 12.09.2020-ci il tarixində çıxarılaraq laboratoriya yoxlamasından keçirilməsi üçün "Cavabdeh” ASC-nin X6 idarəsinə aparılmış və əvəzinə smart CSS-20 markalı, 220125 nömrəli smart tipli su sayğacı quraşdırılmışdır. Laboratoriyanın 16.09.2020-ci il tarixli 20129/0062314 nömrəli rəyinə əsasən sayğacın əks bağlayıcısı işlənməyib balans bitdikdə su bağlanmayıb sayğac sərfiyyatı qeydə aldığı məlum olmuşdur. Yaranmış borcla bağlı bildirilir ki, sayğacın sərfiyyatı 05.10.2012-12.09.2020-ci illər ərzində 3219 m3 olmuşdur ki, bunun da 2556 m3 istifadə olunmuş, dəyəri ödənilməmiş sərfiyyatdır. Belə ki, sayğacın istismarda olduğu dövr ərzində smart karta cəmi 663 m3 su yüklənmişdir. Həmçinin hazırda su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabda yaranmış borc 4978 manat təşkil edir. Qeyd edilən borc istifadə olunmuş, dəyəri ödənilməmiş su sərfiyyatına görə hesablanmış məbləğin ödənilməmiş hissəsidir. “Sudan istifadə Qaydaları”nın 7.15-ci bəndinə uyğun olaraq abonent hesabınızda yaranmış qalıq borclarını su təchizatı və kanalizasiya müəssisəsi ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödəyə bilər. Bunun üçün Səbail Rayon Sukanal İdarəsinə yaxınlaşıb razılıq protokolu imzalamağı tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir və həmin qeyri-yaşayış sahəsi diş kabineti kimi fəaliyyət göstərir. Həmin ünvan 12.03.2020-ci il tarixdən Cavabdeh ASC tərəfindən içməli və istehsalat məqsədli su ilə təmin edilmişdir. Habelə iş materiallarında olan X4 görünür ki, İddiaçı 21.09.2020-ci il tarixə 5112 manat borc hesablanmışdır. Bundan əlavə məhkəmə iclasında müəyyən olunmuşdur ki, 12.09.2020-ci il tarixli Cavabdeh ASC tərəfindən tərtib edilmiş 27 X8 Sayğacının Dəyişdirilməsinə dair iş əmri ilə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsində olan sayğac dəyişdilərək plomblanmışdır. Həmin iş əmrindən görünür ki, sayğacın mexaniki sərfiyyat göstəricisi 03219 m3 olmuşdur, elektron sərfiyyat göstəricisini müəyyən etmək mümkün olmamışdır. Həmçinin həmin tarixə İddiaçı borcu olmamışdır. İş materiallarında olan çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi X3 09.10.2012-01.09.2016-cı illər üzrə toplam 663 kub metr sudan sərfiyyat etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, Cavabdeh ASC 03219 rəqəmdən 663-ü çıxmışlar (hansı ki, əvvəlki mülkiyyətçi tərəfindən 663 kub metrədək olan hissədə sərfiyyatın haqqı ödənilib) və alınan rəqəmi ikiyə vuraraq yekun nəticəni müəyyən etmişlər. 2012-ci ildən 2016-cı ilə qədər sayğac kodu Əhədov Cəbrayılın adına olmuş və həmin tarixə qədər 908 manat ödəniş olunmuşdur. Onlar arada olan sərfiyyatı tapmaq üçün son göstəricidən həmin sərfiyyatı çıxmışlar və 3219-663=2556 kub metr qalıq qalmışdır. Lakin məhkəmə tərəfindən cavabdehə sayğacı elektron hissəsinin göstəriciləri 03219-a çatana qədər olan ödənişlərin niyə göstərilməməsi soruşulduqda, cavabdeh bu suala cavab verə bilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli borc Cavabdeh ASC-nin tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdehin nümayəndəsi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsi üzrə İddiaçı 2020-ci il üçün hesablanılmış 5112 manat məbləğində borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh ASC tərəfindən mübahisəli borc hesablanaraq abunəçinin sayğacının mexaniki sərfiyyatın son göstəricisindən (03219 m3) əvvəlki abunəçinin 09.10.2012-01.09.2016-cı illər üzrə istifadə olunmuş 663 kub metr çıxıb, bununla da istifadə olunmuş lakin dəyəri ödənilməmiş sərfiyyatı müəyyən etmək (2556 m3) hansı əsasla, hansı qaydalara, təlimata və ya hansı normativ sənəd əsasında aparılmasını cavabdeh tərəf əsaslandıra bilməmiş və borcun məhz bu qaydada hesablanmasının mənbəyi məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcun yaranma mənbəyi məlum deyildir və əsassız olaraq hesablanmışdır. Buna görə də Cavabdeh ASC tərəfindən İddiaçı Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47 ünvanında yerləşən 23 saylı mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə əsassız hesablanmış 5112 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47 ünvanında yerləşən 23 saylı mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə əsassız hesablanmış 5112 (beş min yüz on iki) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2084/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2084/2021
03.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver