Məhkəmə qərarları › İş №2(004)-2092/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2092/2021

01.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2092/2021 01.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh” İB-yə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə əsassız olaraq hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-2092/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair 2(004)-2092/2021 saylı mülki iş üzrə iddia icraatına keçirilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək «Cavabdeh» İB tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli aktın ləğv edilməsi və onun əsasında hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsi, 69 saylı ev faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvan “Cavabdeh” İstehsalat Birliyi tərəfindən qazla təmin olunur. xx.xx.2020-ci il tarixdə “Cavabdeh” İstehsalat Birliyi tərəfindən akt tərtib olunaraq sayğacın istismar müddəti bitməsi səbəbi ilə qaz sayğacı dəyişdirilmişdir. 2020-ci ilin dekabr ayında ona məlum olmuşdur ki, onun “Cavabdeh” İB-ə 216 manat məbləğində borcu vardır. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş 29/1710-03508-1 saylı aktda qeyd olunur ki, sayğacın klapanı işlək deyil, çıxış plastmas borusu deşilib. Həmçinin əsasında 216 manat məbləğində borc hesablanan xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan xəbərsiz olmasına baxmayaraq, aktda onu imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. Həmin aktdan xəbəri olmamaqla yanaşı «Cavabdeh» İB-in əməkdaşları ümumiyyətlə ona bu barədə məlumat verməmiş, həmin tarixdə onun yaşadığı ünvana gəlməmiş və ya istehlakçı heç bir yerə dəvət olunmamışdır. «Cavabdeh» İB-in əməkdaşları tərəfindən tərtib olunmuş aktın və onun əsasında hesablanmış 216 manat məbləğində borcun qanunsuz olduğunu hesab edir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh «Cavabdeh» İB-in nümayəndəsi nümayəndəsi X2 izahat verərək bildirir ki, smart tipli sayğaclar mexaniki tipli sayğaclarla əvəz olunur. Çıxarılmış sayğaclar müəyyən müddət yığılır və laboratoriyaya göndərilir. Rəyə əsasən sayğacın plastmas çıxış borusu deşilmişdir. İstehlakçıya yalnız sayğacın yenisi ilə əvəz olunaraq borcun hissə-hissə ödənilməsində kömək edə bilərlər. Məhkəmə tərələrin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, “Cavabdeh” İB-in əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsi, 69 saylı evdə qaz sayğacına baxış keçirilən zaman sayğacın istismar müddəti bitdiyi üçün əvəzlənmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş və abonentə təhvil verilmişdir. İş üzrə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, abonent İddiaçı yaşadığı ünvan 1 ünvanda yoxlama aparılarkən Cavabdeh İB-in 29/1710-03508-1 saylı aktına əsasən 1102AQ**********3 sayğacın çıxış plastmas borusunun deşik olması müəyyən edilmişdir. İstehlakçının nümayəndəsi İddiaçı aktı imzalamamışdır. İş üzrə «Cavabdeh” İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən və hesabdan çıxarışdan görünür ki, istehlakçı İddiaçı xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 2160 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus evin sayğacı cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə dəyişdirilərək istehlakçıya yeni sayğac təqdim edilmiş, xx.xx.2020-ci il tarixdə həmin sayğac üzərində qüsurun aşkar edilməsini müəyyən edən hal və onun əsasında tərtib edilmiş akt qəbul edilmiş, , iddiaçının hesabına dəymiş ziyanın bərpası məqsədilə itirilmiş təbii qazın dəyəri kimi müəyyən edilmiş 2610 m3 qaz sərfiyyatı yazılmışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə iddiaçının mülkiyyətindəki evə aid olan sayğac müddəti bitdiyi üçün yeni texniki qaydalara cavab verən sayğacla əvəz edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının mülkiyyətindəki evə aid olan sayğaca baxış keçirilmiş və sayğacın çıxış klapanı deşik olduğu üçün dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı barəsində ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında komissiyanın qərarı ilə iddiaçıya 2160 m3 əlavə sərfiyyat hesablanmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən qaz sayğaca hər hansı müdaxilə olunmamışdır. Yaşadığı evdən kənarda quraşdırılmış qaz sayğacı “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən sökülmüş və əvəzində digər sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuş, sayğacın plombu zədəsiz olmuşdur. Hazırda isə cavabdeh təşkilat onu qazdan qanunsuz istifadə etməkdə günahlandıraraq mövcud olmayan borcun ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, 216 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının mülkiyyətindəki evə aid olan sayğacda olan qüsura görə iddiaçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və belə olan halda iddiaçı sayğacın laboratoriya şəraitində yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Avropa Məhkəməsinin «Van de Huk Niderlanda qarşı» işi üzrə xx xxxxx 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Qavazov Bolqarıstana qarşı» işi üzrə xx xxxx 2008-ci il tarixli Qərarda qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya aid olan sayğacda aşkar edilmiş qüsura görə hər hansı akt tərtib etmək və həmin akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi hesabat yazmaq qanunsuz olmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən istehlakçıya qazın verilməsi alğı-satqı müqaviləsi əsasında həyata keçirilir və bu münasibətlər öz xarakterinə görə mülki münasibətlərdir. «Qazdan istifadə Qaydaları»nın 1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. «Qazdan istifadə Qaydadarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarırın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaların»ın 1.3-cü bəndinin ikinci və ücüncü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, «Cavabdeh» İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Digər tərəfdən «Cavabdeh» İB ilə iddiaçı arasında qazın alğı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi müəyyən edilmişdir. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi tərəflər arasında bağlanılmış qazın alğı-satqısı barədə müqaviləyə əsasən qazın dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Digər tərəfdən istehlakçı barəsində cərimə sanksiyasının tətbiq edilməsi qanunla nəzərdə tutulmamışdır. Cərimənin (əlavə hesabatın) tətbiq edilməsi yuxarıda göstərilən qanuna əsasən həyata keçirilə bilər və cərimənin tətbiq edilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının səlahiyyətindədir. Məhkəmə qeyd edir ki, cavabdeh «Cavabdeh» İB müvafiq icra hakimiyyəti orqanı olmadığından, onun istehlakçı barəsində hər hansı sanksiya tədbiri tətbiq etməyə hüququ və ixtiyarı yoxdur. Yəni istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması halında onun barəsində cərimə sanksiyasının tətbiq edilməsi və ya itirilmiş qazın bərpası üçün əlavə borcun hesablanmasına dair cavabdeh orqanın qərar qəbul etmək səlahiyyəti qanunla müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddiaçının 10 manat məbləğində dövlət rüsumu ödəməsini nəzərə alaraq qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 10 manat dövlət nəfinə, ödənilmiş dövlət rüsumunun əvəzi olan 10 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Cavabdeh» İB-in “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli aktı ləğv edilsin və onun əsasında «Cavabdeh» İB tərəfindən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 10 (on) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 10 (on) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar