Məhkəmə qərarları › İş №2(004)-2100/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2100/2024

14.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2100/2024 14.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 Əziz oğluna qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 Əziz oğluna qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək İddiaçı ünvan 1 ünvanında yerləşən yataqxana korpuslarına bitişik (həyətində) cavabdehlər tərəfindən inşa edilmiş altı sayda müxtəlif təyinatlı tikililərin cavahdelərin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1990-ci illərdə erməni təcavüzkarları tərəfindən Azərbaycanın bir sıra rayonlarının işğal edilməsi nəticəsində məcburi köçkünlərin bir qismi də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeçiliyində olan İddiaçı ünvan 2 ünvanında yerləşən tələbə şəhərciyinin yataqxana korpu darında və həyətində məskunlaşmışlar. Bu dövr ərzində məcburi köçkünlər, o cümlədən, cavabdehlər tərəfindən İddiaçı qanuni sahibliyində olan (Bakı Səhər İcra Hakimiyyətinin 09/91 saylı (iş- №08/i -310) Ayrıc aktına əsasən) ünvan 2 ünvanında yerləşən tələbə şəhərciyinin ərazisində yerləşən həyətdə yataqxana korpuslarına bitişik, heç bir hüquqi sənəd olmadan, müvafiq strukturlarla razılaşdırılmadan, icazə almadan qanunsuz olaraq təyinatı bəlli olmayan altı sayda yarıımtikililər inşa etmişlər. Bununla da, universitetin sahiblik hüququ cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Cavabdehlərin hərəkətləri nəticəsində həmin ərazi yararsız hala salınmış, yataqxanaya ciddi ziyan vurulmuşdur. Tələbə şəhərciyinin ərazisində tikilmiş qanunsuz yarımtikililər tələbələrin müasir tələblərə uyğur olaraq yaşamaları və təhsil almaları, təhlükəsizliyi, sağlamlığı baxımından ciddi təhlükə mənbəyidir və yaranan səs-küy, anti-sanitar vəziyyət artıq ciddi problemlər yaradır. Haqlı olaraq həmin tələbələr bununla bağlı öz narazılıqlarını bildirirlər. Mübahisəli tikililərə dair cavabhlər tərəfindən sənəd təqdim edə bilməməsi həmin tikililərin özbaşına tikililər olması faktını təsdiq edir və həmin tikililər AZMİU-nun qanuni sahiblik və istifadəsinə maneəçilik yaradır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 Əziz oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən xx.xx.2009-cu il tarixli, 09/91 saylı ayrıc aktından görünür ki, Yasamal rayonu İ.Zülalov küçəsi, 3137-ci məhəllədə cizgidə göstərilən sərhədlər daxilində 3.0888 hektar mövcud tələbə şəhərciyinin sərhədlərinin dəqiqləşdirilməsi verilib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2100/2024 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş rəy verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3694 saylı ekspert rəyinə əsasən verilmiş ilkin suala cavab olaraq bildirilmişdir ki, iş materiallarında olan şəkillərdə öz əksini tapan tikililər İddiaçı tələbə şəhərciyinin ərazisində yerləşdiyi müəyyən edilmişdir. Verilən ikinci suala cavab olaraq bildirilmişdir ki, İddiaçı tələbə şəhərciyinin ərazisində yerləşən iddiaçı tərəfindən mübahisələndirilən tikililərin özbaşına inşa edilib-edilməməsinin müəyyən olunması tikinti-texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Lakin mübahisələndirilən tikililərə dair müvafiq icazəverici sənədlərin olmadığını nəzərə alaraq həmin tikililərin inşası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırlması Qaydaları”na riayət olunmadığı müəyyən edilir. Beləliklə, iş materialları ilə sübut olunur ki, cavabdehlər İddiaçı qanuni sahibliyində olan ünvan 3 ünvanda yerləşən tələbə şəhərciyinin ərazisində cavabdehlər tərəfindən müxtəlif təyinatlı tikililər inşa edilmiş və həmin tikilələrə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Nəticədə qanuni sahib iddiaçı Universitetin sahiblik hüququ cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Həmin tikililərin iddiaçının balasında olan torpaq sahəsində yerləşməsi iş materialları ilə sübuta yetmişdir. Mübahisəli tikililərə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən həmin tikililərin özbaşına tikililər olması işin mübahisəsiz halıdır. Həmin tikililər iddiaçının qanuni sahiblik və istifadəsinə maneçilik yaratdığından iddiaçı haqlı olaraq qanunsuz tikililərin sökülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.1.-ci maddəsinə əsasən, normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. Həmin Qanunun 4.17-ci maddəsinə əsasən, yerli icra hakimiyyəti orqanlarının qərarları normativ xarakterli aktdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllə normativ hüquqi aktdır və normativ xarakterli aktlardan, yəni, yerli icra hakimiyyəti orqanlarının qərarlarından üstün hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Maddə 8.0.1. Təhsil sisteminə bütün təhsil müəssisələri, təlim-tərbiyə prosesi ilə məşğul olan və təhsil xidmətləri göstərən digər qurumlar, təhsil fəaliyyətini və onun inkişafını təmin edən elmi tədqiqat institutları və informasiya mərkəzləri, layihə, istehsal, kliniki, ictimai iaşə, tibbi-profilaktik və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq kompleksləri, kampuslar, mədəni-maarif müəssisələri və təşkilatları, kitabxanalar, yataqxanalar, düşərgələr və digər infrastruktur obyektləri daxildir. Maddə 37.1. Təhsil müəssisəsinin əmlakı dövlət, bələdiyyə, təsisçilər, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən, eləcə də qanunvericiliklə qadağan olunmayan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir. Maddə 37.2. Təhsil müəssisəsi təsisçi tərəfindən torpaq sahəsi, bina və qurğular, avadanlıq, təhsil, istehsal, sosial, mədəni, tibb, iaşə və idman obyektləri, maddi-texniki baza və digər əmlakla təmin edilir. Maddə 37.3. Təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində olan ekspertiza xərci cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 Əziz oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən tələbə şəhərciyinin ərazisində - yataqxana korpuslarına bitişik cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 Əziz oğlu tərəfindən inşa edilmiş altı sayda müxtəlif təyinatlı tikililər cavabdehlərin hesabına sökülsün. Keçirilmiş ekspertiza xərci olaraq 150 (yüz əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 Əziz oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar