Məhkəmə qərarları › İş №2(004)-2110/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2110/2023

25.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2110/2023 25.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv olunması və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv olunması və borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 28 fevral 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq hesablanmış 518,40 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin mart aprel aylarında Bakı şəhər Yasamal RQİİ-nin əməkdaşları gecə telefonun fənərindən istifadə etməklə onun yaşadığı ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacının şəklini çəkmiş və qaz sayğacının yanından keçən işıq xəttinin kabelini qaz sayğacına əlavə qoşulma kimi qələmə vermiş və onun qaz xəttinə müdaxilə etdiyini bildirmiş və ona 1260 manat cərimə yazmışlar. Bundan sonra o rəsmi qaydada X3 ərizə ilə müraciət etmiş və onun ərizəsi əsasında oradan 3 nəfər nümayəndə gələrək qaz sayğacına baxış keçirdikdən sonra onun haqlı olduğunu, lakin həmin cəriməni silməyin onların səlahiyyətində olmadığını və bunun üçün onun məhkəməyə müraciət etməli olduğumu bildirmişlər. Lakin, həmin ildə qardaşı rəhmətə getdiyindən və ölkədə koronavirus pandemiyası ilə bağlı məhudiyyət və qapanmalar olduğundan o məhkəməyə müraciət edə bilməmişdir. Daha sonra ödəmələr əsasında ona hesablanmış cərimə 600 manata qədər azalmışdır. Bundan sonra 2022-ci ilin fevral ayında özü telefonla X2 104 qaynar xəttinin yığaraq ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacının mənfiyə getdiyini və həmin sayğacın dəyişdirilməli olduğunu onlara bildirmişdir. Onun müraciətindən sonra evdə olmadığı müddətdə 2022-ci ilin fevral ayında Bakı şəhər Yasamal RQİİ-nin əməkdaşları hal-hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacı zədələndiyi üçün çıxardıb yenisi ilə əvəzləmişlər. Sayğaca Cavabdeh İB-nin Metrologiya Departementinin sayğacların müayinəsi labaratoriyasında baxış keçirərkən guya sayğacın çıxış plastmas borusunun deşik olduğu üçün bu barədə 28 fevral 2022-ci il tarixli ******* saylı akt tərtib etmişlər və akta əsasən ona cərimə yazmışlar. Qaz sayğacı ona məxsus olan evin xaricində quraşdırılmış və heç bir mühafizə örtüyü ilə mühafizə olunmamışdır. Bu barədə qaz istismar sahəsinin əməkdaşlarına bildirdikdə onlar bildirmişlər ki, sayğaca cavabdeh şəxs odur və onun təqsiri ucbatından sayğac sıradan çıxmışdır. Ona məxsus evə quraşdırılmış qaz sayğacına onun və ailə üzvləri tərəfindən heç vaxt heç bir müdaxilə edilməmiş və sayğacın hesablama mexanizminin qoruyucu qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq olması barədə heç bir məlumatı yoxdur. Çünki bir daha qeyd etmək istəyir ki, qaz sayğacı ona məxsus evin daxilində deyil xaricində quraşdırılmışdır. Həmçinin qaz sayğacının qoruyucu blombu da daim üzərində olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 2018-ci ildə bir ay ərzində iki dəfə işıq xəttinin kabelini qaz sayğacına əlavə qoşulma kimi qələmə veriblər və şəkli çəkiblər. O, Xətai rayonunda ərizə yazmış, gəlib baxıblar, lakin nəticəsi olmayıb. Bu məsələyə görə ona 2018-ci ildə iki dəfə cərimə yazılıb. Onun bacısı və bir il sonra atası vəfat edəndən sonra, həmçinin pandemiya da baş verdi və cərimə məbləği 600 manat oldu. 2022-ci ildə sayğacının mənfiyə hesablanması ilə bağlı özü müraciət etmişdir. Sayğac 2012-ci ildə qoyulub, üzərinə heç bir müdaxilə olmayıb. Sonra onun sayğacını söküb aparıblar və 1 ay sonra sayğacda deşik olması səbəbilə ona 1180 manat cərimə yazıblar. Sayğac onun iştirakı olmadan sökülüb aparılıb. Ona sayğacda deşik olmasını sübut etməli idilər. Atasının sayğacı deşdirmək ehtimalı olduğunu bildirmişlər, lakin atasının belə bir hərəkət etməyəcəyini demişdir. Bəlkə apararkən yolda özləri deşiblər. 2012-ci ildən bu sayğacın istifadəçisi olmuşdur. Mənfiyə hesablanarkən də özü bunu Cavabdeha bildirmişdir. 2018-ci ildən keçən ilə qədər o 30000 m2 qaz işlətmişdir. 2022-ci ildə ona 1180 manat cərimə yazılmışdı. Cavabdeha rəsmi müraciət etmiş, lakin cavab məktubu yazılmayıb. Yazılan 518,4 manat məbləğ 2018-ci ildəki məbləğin üzərinə gəldi və 1180 manat oldu. Sayğac onun yanında açılmalı idi. İlk dəfə deyil ki, Cavabdeh belə hallara yol verir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, onlar iddia tələbini qəbul etmirlər. Yoxlama zamanı sayğacı çıxarıb laboratoriyaya göndəriblər. Akt çıxarılıb, rəy verilib ki, sayğac qazın həcmini qeyd etmir. Bu akta əsasən 518,4 manat hesabat aparılıb. Ekspertin rəyinə əsasən 4320 m3 müəyyən olunub. 12 qəpiklə hesablananda 518,4 manat edir. 2022-ci ildə 12 qəpiklə hesablanır. 28 fevral 2022-ci il tarixli aktda sayğacın qazın həcmini qeyd etməməsi və plastmas borunun deşilməsi qeyd olunur. Bununla bağlı vətəndaşın 518,4 manat borcu yaranıb. Boruda deşiyin olması ekspert rəyi ilə təsdiqlənir. Sayğaca müdaxilənin olması zərər kimi hesablanıb. Onlar belə hesab edirlər ki, sayğaca vətəndaş müdaxilə edib. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 fevral 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Azəriqaz İB-nin 29/1710-00777-1 saylı aktına əsasən 1102AQ**********9 nömrəli sayğacın çıxış plastmas borusu deşilib. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh qaz sayğacının yoxlanılması barədə 28 fevral 2022-ci il tarixli , MSK-29/1710-00777-1 saylı Aktından görünür ki, 1102AQ**********9 nömrəli sayaca baxış keçirilmiş. Sayğacın klapanı işlək deyil. Yivli birləşmələr korroziyaya uğrayıb. Sayğacın çıxış plastmas borusu deşilib. Sayğac mənfiyə işləyib. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı Aktından görünür ki, istehlakçı X5 ünvan 1 ünvanında yerləşən mənzilinə 1102AQ**********9 nömrəli sayğac çıxarılaraq NATEK G4 markalı 40010650 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan AZ-İ 785749 seriya nömrəli ölüm haqqında Şəhadətnaməyə əsasaən X7 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Cavabdeh X1 istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı Aktından görünür ki, istehlakçı X5 ünvan 1 ünvanına baxış keçirilərkən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyr-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacının işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Habelə, həmin Qaydaların 4.7-ci maddəsinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir, qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusuna əsasən qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qazın dəyərini istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv olunması və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq hesablanmış 518,40 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 28 fevral 2022-ci il tarixli, ******* nömrəli aktı etibarsız hesab edilməli, İddiaçı Cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış 518,40 manat borc silinməlidir. Belə ki, iş materiallarında olan 28 fevral 2022ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Azəriqaz İB-nin 29/1710-00777-1 saylı aktdan görünür ki, 1102AQ**********9 nömrəli sayğacın çıxış plastmas borusu deşilib. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Dəymiş ziyanın hesablanması və ödənilməsini tələb edilmişdir. Lakin həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, iddiaçı tərəfindən imzalanmamış, həmçinin həmin aktın tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş, ümumiyyətlə iddiaçının bu akt barədə məlumatı olmamışdır. Bu da aktın doğruluğuna şübhə yaradır. Həmçinin cavabdeh məhkəməyə sayğacın çıxış plastmas borusunun deşilməsinin məhz iddiaçının hərəkət və ya hərəkətsizliyi səbəbindən baş verməsi barədə heç bir sənəd təqdim etməmiş, mövqeyini hər hansı bir sübutla əsaslandırmamış, mülahizə əsasında qurmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına hər hansı bir müdaxilənin edilməsi məhkəmə iclasında sübuta yetirilmədiyindən, iddia tələbi təmin edilməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən iddiaçının təqsiri müəyyən edilmədiyindən, həmçinin zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanılmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan cavabdeh vurulmuş ziyanın iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizələrində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh 28 fevral 2022-ci il tarixli, ******* nömrəli aktı etibarsız hesab edilsin. İddiaçı Cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borc silinsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar