Məhkəmə qərarları › İş №2(004)-2132/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2132/2024

27.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2132/2024 27.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdeh2, onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə Novruz oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbi”nə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri,5-saylı notariat ofisi tərəfindən 2V/01 reyestrdə 195-ci sıra nömrəsi ilə 28 avqust 2013-cü il tarixdə qeydə alınmış ünvan 1 ünvanında yerləşən mənzilin X13 tərəfindən Cavabdeh2 vəsiyyət edilməsi haqqında vəsiyyətnamənin etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçı Y. Axundov uzun təxmini olaraq qırx ilə yaxındır k hazırda qeydiyyatda olduğu ünvan 2 ünvanında yaşayır və onun qeydiyyatda olduğu və yaşadığı mənzil onun anası mərhum X6 mülkiyyətində olub və beləliklə də A.Axundova 2016-cı ildə vəfat etdikdən sonra İddiaçı həmin ünvanda yaşamaqda davam edərək miras əmlaka qanun üzrə vərəsə olaraq faktik sahiblik və ondan istifadə etmişdir. Təxmini olaraq 2023-cü ilin noyabr ayında İddiaçı yaşadığı mənzilə dair mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidmətində qeydiyyatdan keçirmək məqsədiylə vərəsələlik hüququ haqqında şəhadətnamənin əldə etməsi üçün 5 saylı notariat ofisinə müraciət etmiş və həmin vaxt İddiaçı bəlli olmuşdur ki onun hazırda yaşadığı sahəni mərhum anası sağ ikən 28 avqust 2013-cü ildə öz nəticəsi Cavabdeh2 vəsiyyət etmiş və vəsiyyət şahidləri olaraq X14 və X3 iştirak etmiş və vəsiyyətnamənin məzmununu imzaları ilə təsdiq etmişlər. Nəzərə çatdırılması zəruridir ki vəsiyyətnaməni təsdiq edən X3 vəsiyyət olunan Cavabdeh2 xalası X4 qızıdır mahiyyətcə vəsiyyətnamənin şahidi olmuş Aygün Abdulsalamova vəsiyyət olunan Cavabdeh2 xalası qızıdır. Beləliklə də məhz vəsiyyətnamənin şahid ola bilməyən şəxs tərəfindən imzalanaraq təsdiq edilməsi həmin vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsasdır. Sözügedən vəsiyyətnamənin təsdiq edilməsi zamanı Mülki Məcəllənin tələbini cavabdeh pozaraq vəsiyyət üzrə vərəsənin qohumu olan xalası qızının vəsiyyətnamənin yazılmasında şahid kimi iştirak etməsi və vəsiyyətnamənin məzmununu imzası ilə təsdiq etməsi nəticə etibarı ilə qanunun tələbi olan iki şahidin iştirak etməsi prinsipini pozmuş digər şahidin iştirakı ilə vəsiyyətnamənin məzmunun təsdiq edilməsi isə artıq qanunsuz və əhəmiyyətsiz olmuşdur. Cavabdeh2 iddia ərizəsinə etiraz ünvanlayaraq göstərmişdir ki, İlkin iddia tələbinin hüquqi əsası kimi “vəsiyyətnaməni təsdiq edən X3 vəsiyyət olunan Cavabdeh2 Məmmədah qızının xalası X5 qızıdır mahiyyətcə vəsiyyətnamənin şahidi olmuş Ayğün Abdulsalamova vəsiyəl olunan Adilə Məhərrəmimin xalası qızıdır .Beləliklə məhz vəsiyyətnamənin şahiid ola bilməyən şəxs tərəfindən imzalanaraq təsdiq edilməsi həmin vəsiyyətnamənin etibarsız hesab edilmısi üçün əsasdır.” göstərilmişdir. İddia tələbində qeyd olunan vəsiyyətnamə tərtib olunan zaman vəsiyyət edən X6 fəaliyyət qabiliyyət yoxlanılmış, vəsiyyət edən hu vəsiyyətnamə ilə sərbəst iradə ifadə etmişdir. Vəsiyyətnamə texniki vasitədən istifadə edilməklə tərtib edildiyindən iki şahidin yanında tərtib edilmiş və həmin şahidlər tərəfindən imzalanmışdır. Bu şahidlər:X14 və X3 olmuşdur. Bu şahidlər vəsiyyət üzrə vərəsə və onların yüksələn və enən xətt üzrə qohumları,bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri deyillər.X2 ümumiyyətlə heç bir qohumluq münasibəti yoxdur. İddia ərizəsində qeyd olunan X3 vəsiyyət üzrə vərəsənin yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları deyildir. Xala qızı bu halda yaxın qohum hesab olunmur. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, iddiaçı vəsiyyətnamənin olmasından xəbərsiz olmuş, həmin evdə yaşamış, hazırda sənədləşdirmə üçün sənəd verərkən ona rədd cavabı verilərək bildirilmişdir ki, mənzil hazırkı iş üzrə cavadehə vəsiyyət edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Bildirdi ki, iddiaçı onun anasının dayısıdır. Vəsiyyət edən onun anasının nənəsidir. Cavabdehi çox sevmiş, öz adını da ona qoymuş, mübahisəli evi də, ona vəsiyyət etmişdir. Hətda ölən anında özunə məxsus qızıl əşyalarını da, ona bağışlamışdır. Həmin vaxt uşaq olmuş və kiməsə vəsiyyətnamə barədə deməli olduğunu bilməmiş, lakin hamı, atası, anası eləcə də, bütün qohumları həmin mənzilin ona vəsiyyət edildiyini bilmişlər. Özü yetkinlik yaşına yenicə çatmışdır. İddiaçı anasının dayısı olduğu üçün və hazırda ona ev lazım olmaadığı üçün iddiaçının o evdə qalmasına etiraz etməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə Novruz oğlu etirazın məzmununa uyğun izaahat verərək iddianın rədd edilməsini xahiş etdi. Qeyd etdi ki, bu yaxınlarda həmin evin yerləşdiyi ərazidə söküntülər getməli imiş, iddiaçı özü zəng vuraraq həmin məlumatı vermişdir. İddiaçının əvvəldən mənzilin cavabdehə vəsiyyət edilməsindən xəbəri olmuşdur. Belə ki, Adilə Axundova özü oğluna mənzili nəticəsinə vəsiyyət etdiyini bildirdikdə aralarında mübahisə olmuş, oğlu onu evdən qovmuş və Adilə Axundova digər qızının evində yaşamağa başlamış, qızının evində də, vəfat etmişdır. Bundan başqa iddiaçı tərəfindən iddia müddəti də, ötürülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş lakin məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinə dair rəy, etiraz və mülahizələrinin və onları əsaslandıran sübutlarının olmadığını bildirərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 834541 nömrəli xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan АЗ №148164 seriya nömrəli şəhadətnamənin surətindən görünür ki, 08.061954-cü il təvəllüdlü İddiaçı atası X8, anası isə X10r. İş materiallarında olan qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri İ.Səfərli küçəsi ev 13, mənzil 16 X9 xüsusi mülkiyyəti kimi xx.xx.1996-cı ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti MKTB 42 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İ.Səfərli küçəsindəki 13 saylı evin 16 saylı mənzilində X13 (xx.xx.2016-cı il tarixdə rəhmətə gedib), X12 (xx.xx.2022-ci il tarixdə rəhmətə gedib) İddiaçı qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti MKTB 42 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı İ.Səfərli kücəsindəki 13 saylı evin mənzilində qeydiyyatdadır. İş materiallarında olan 2V-195 saylı notariat işində olan xx.xx.2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, X13 ölən günədək ona məxsus olan harada yerləşməsindən asılı olmayaraq bütün daşşınar və daşınmaz əmlakını Bakı şəhəri, Şıxlinski küçəsi ev 47, m. 45-də qeydiyyatda olan Cavabdeh2 vəsiyyət etmişdir. Vəsiyyətnamə şahidlər X14 və X3 tərəfindən də imzalanmışdır. Beləliklə, iş üzrə tərəflərin təqdim etdikləri, eləcə də məhkəmə tərəfindən əldə olunaraq araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, miras qoyan X1 vəsiyyətnamə tərtib edərək harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün daşınmaz və daşınar əmlakını Cavabdeh2 vəsiyyət etmiş və buna dair 28 avqust 2013-cü il tarixli notarial qaydada vəsiyyətnamə tərtib olunmuşdur. İddiaçı hazırki iddia ərizəsi ilə 28 avqust 2013-cü iı tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsini istəyir. İddia tələbinin əsası kimi uzun illərdir miras əmlak olan mənzildə yaşamasını və həmçinin vəsiyyətnamə tərtib edilərkən vəsiyyətnaməni imzalayan şəxslərdən birinin vəsiyyət edilənin qohumu, xalası qızı olmasını göstərir. Məhkəmə ilk növbədə iddiaçının illərdir miras əmlakda yaşaması barədə iddianın dəlillərinə münasibtədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisəsi hallarından göründüyü kimi miras əmlak miras qoyanın mülkiyyətində olmuş və öz iradəsi əsasında İ.Səfərli küçəsindəki 13 saylı evin 16 saylı mənzilini hazırkı iş üzrə Cavabdeh2 vəsiyyət etmişdir. Vəsiyyətnamə yazılı formada, notariusda təsdiq edilməklə, şahidlərin iştirakı ilə tərtib edilmişdir. Vəsiyyətnamənin tərtib edildiyi məqamda Adilə Axundovanın öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilməsini və öz iradəsini aydın ifadə edə bilməsini, fəaliyyət qabiliyyətli olmasını şübhə altına alacaq hər hansı bir dəlil iddia tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin vəsiyyətnaməni imzalayan şahidlərdən birinin vəsiyyət edilənin qohumu, xalası qızı olması ilə bağlı iddia tələbinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin hal özlüyündə vəsiyyətnamənin etibarsız edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, mövcud qanunvericiliyə əsasən vəsiyyətnamənin mətni texniki vasitənin köməyi ilə ifadə edilə bilər. Qanunverici bu zaman iki şahidin iştirakını nəzərdə tutsa da, eyni zamanda qeyd edir ki, şahidlər vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmasını təsdiq edirlər. Bundan başqa mülki qanunvericilikə vərəsənin yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadının (ərinin) şahid ola bilməməsi qeyd edilmişdir. Nəzəriyyədə vərəsənin yüksələn xətt dedikdə onun valideynləri, babaları, nənələri və s, enən xətt üzrə qohumları dedikdə övladları, nəvələri, nəticələri və s. nəzərdə tutulur. Göründüyü kimi vərəsənin xalası qızı şahid ola bilməyən şəxslər sırasına aid deyil. Bundan başqa adı mübahisılındirilən şahid cavabehin yəni, miras qoyulanın xalası qızı olmaqla yanaşı həm də, eyni zamanda miras qoyanın da, digər nəticəsidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi əsassız olmaqla yanaşı, iddiaçı tərəfindən iddia müddəti də, ötürülsə də, iddia özü-özlüyündə əsaasız olduğundan məhkəmə iddia müddətinin müzakirə edilməsini məqsədə müvafiq saymır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1179-cu maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın. notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Mülki Məcəllənin 1180-cı maddəsinə əsasən Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Həmin Məcəllənin 1184-cü maddəsinə əsasən Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Həmin Məcəllənin 1188-ci maddəsinə əsasən vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. Mülki Məcəllənin 1225-ci maddəsinə əsasən Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbi”nə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ozünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar