Məhkəmə qərarları › İş №2(004)-2135/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2135/2024

31.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2135/2024 31.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Ərizəçi Sadiq qızının iştirakı ilə, Ərizəçi Sadiq qızının “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə (maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyası) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Sadiq qızı ərizə ilə məhkəməyə müraciət edərək, X1 fəaliyyət qabiliyyəti olamayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Sadiq qızı ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X6 ilə 20 dekabr 1986-cı ildə rəsmi nikaha girərək ailə qurmuşlar. Birgə nikah zamanı iki övladları - 04 aprel 1996-cı ildə böyük oğulları X7, 04 iyun 1997- ci ildə isə kiçik oğulları X5 anadan olmuşdur. Həyat yoldaşı X6 19 may 2023-cü ildə xəstəlik nəticəsində ölmüşdür. Kiçik oğlu X5 uşaqlıqdan ağır dərəcədə kəmağıllılıq, hərəkət aparatının pozulması, tetraparez kimi müalicə olunmaz xəstəliklərə tutulmuşdur. Tibbi-Sosial Komissiyasının rəyi ilə ona müddətciz olaraq birinci dərəcəli əlillik müəyyən edilmişdir. Xəstə olduğuna görə oğlu X5 öz hərəkətlərinin mənasını anlamır, kənar şəxsin köməyi olmadan özünü idarə edə bilmir, öz hüquqlarından başqa şəxsin köməyi olmadan istifadə edə bilmir və onun hərəkətləri hər an dəyişərək qeyri-adekvat olur. Hər iki oğlu ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildə yaşayırlar. Sərxan onun himayəsində yaşayır, ona baxdığına görə müavinət alır, onu nəzarətsiz buraxmaq qeyri-mümkündür, özünü idarə edə bilmədiyindən ona dair bütün zəruri işləri o, görür. Onun başqa şəxsin köməyinə və nəzarətinə daim ehtiyacı vardır. Hesab edir ki, o fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Ərizəçi Sadiq qızı ərizəsinin məzmununa uyğun izahat verərək, X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan: AZ-İİİ seriyalı, 555998 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X6, anası X4 qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2019vu il tarixli məlumatdan görünür ki, X3 ağır dərəcədə kəmağıllılıq, aq və hərəkət aparatının pozulması, tetraparez diaqnozu qoyulmuş, birinci dərəcə əlilliyi müəyyən edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 3037 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X2 ağır dərəcəli əqli gerilik uşaq serebral iflici nəticəsində aşkar olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi X1 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X1 “kəskin ifadə olunmuş debillik dərəcəsində anadangəlmə kəmağıllıq, davranış pozuntuları” xəstəliyi olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X5 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar