Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2136/2025 01.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ünvan 1 ünvanının elektrik enerjisi ilə təmin edilməsinə görə abunə vərəqəsində ad dəyişdirilməsinin cavabdehin üzərinə qoyulması, abonent kodu üzrə borcun olmaması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ünvan 1 ünvanının elektrik enerjisi ilə təmin edilməsinə görə abunə vərəqəsində ad dəyişdirilməsinin cavabdehin üzərinə qoyulması, abonent kodu üzrə borcun olmaması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı iddiaçının mülkiyyətindədir. Həmin mənzildə 1993-cü ildən etibarən məcburi köçkünlər yaşamış, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(004)-3828/2009 nömrəli qətnaməsi ilə mənzildə yaşayan həmin şəxslərin mənzildən çıxarılması qərara alınmışdır. Həmin qətnamə xx.xx.2024-cü il tarixdə icra edilmişdir. Müəyyən edilmişdir ki, mənzilin elektriklə bağlı kommunal xidmətlərin göstərilməsi barədə sənədlər qanunsuz şəkildə iddiaçının adından çıxarılmış və mənzildə yaşayan məcburi köçkünlərin adına qeydiyyata alınmışdır. Həmçinin, uzun illər ərzində həmin mənzilə eletrik enerjisindən istifadəyə görə borc yığılmışdır. Həmin borc mənzildə yaşayan məcburi köçkünlərə aiddir. Mənzilin işıq təchizatına dair abonent adının iddiaçının adına geri qaytarılması cavabdeh tərəfindən təmin edilir. Mənzildə uzun illər qanunsuz yaşamaqla istifadə etmiş məcburi köçkünlərin borcu iddiaçıdan tələb edilir. İddiaçı izahatını iddia ərizəsində qeyd olunan xüsusatlara uyğun verərək iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan Qeydiyyat vərəqəsinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş abonent saldosu məlumatlarına əsasən müəyyən edilir ki, ünvan 1 ünvanına işıq təchizatı N.Şirinovun (7 nəfər Şuşa məcburi köçkünü) adına qeydiyyata alınmışdır. İş materialarına əlavə edilmiş Azərişıq ASC-nin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, qeyd olunan ünvanda xx.xx.2006-cı il tarixə kimi mənzildə istehlak edilmiş, lakin ödənişi təmin edilməmiş 518.02 manat və Məcburi köçkün limitindən artıq istehlak edilmiş 1409.00 manat borc ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Qeyd olunan borcların ödənişi yalnız Abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2009cu il tarixli icra vərəqəsinə əsasən müəyyən edilir ki, icra sənədi üzrə tələbkar İddiaçı, borclular Şuşa rayonunda qeydiyyatda olan X1 və onun ailə üzvləridir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası 551.2.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddətidir. Araşdırma zamanı müəyyən edilir ki, ünvan 1 ünvanı İddiaçı mülkiyyətindədir. Abonent saldosu məlumatlarına əsasən ünvan 1 ünvanına işıq təchizatı N.Şirinovun (7 nəfər Şuşa məcburi köçkünü) adına qeydiyyata alınmışdır. Azərişıq ASC-nin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna göstərilmişdir ki, qeyd olunan ünvanda xx.xx.2006-cı il tarixə kimi mənzildə istehlak edilmiş, lakin ödənişi təmin edilməmiş 518.02 manat və Məcburi köçkün limitindən artıq istehlak edilmiş 1409.00 manat borc ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Qeyd olunan borcların ödənişi yalnız Abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli icra vərəqəsinə əsasən icra sənədi üzrə tələbkar İddiaçı, borclular Şuşa rayonunda qeydiyyatda olan X1 və onun digər 3 nəfər ailə üzvləridir. Hazırda sözügedən sahədə hakimiyyət xarakterli inhisarçılıq fəaliyyəti "xxxx" ASC tərəfindən həyata keçirilir. Lakin, publik xarakterli səlahiyyətlərə malik olan qeyd olunan orqanlar (Barmekt və"xxxx" ASC) abonentə qarşı uzun illər ərzində iddia irəli sürməmiş, borcun ödənilməsinin təmin edilməsi istiqamətində qanuni əsaslarla prosessual fəaliyyət həyata keçirtməmişdir. Göstərilən xüsusatlar mülki işin mübahisəsiz halıdır. Səlahiyyətli orqanın öz vəzifələrini icra etməməsi və hüquqlarından istifadə etməməsi nəticəsində uzun illərdən qalmış borcun vətəndaşın abonent saldosunda saxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olmaqla qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, həmin öhdəlik mənzilin mülkiyyətçisi İddiaçı deyil, həmin mənzildə 1993-cü ildən etibarən 2024-cü ilin dekabr ayınadək yaşamış, elektrik enerjisindən istifadə etmiş və cavabdeh Azərişıq ASC ilə müqavilə münasibətlərində olmaqla müqavilə öhdəliklərini icra etməmiş şəxsdən tələb edilə bilər. Mənzilin mülkiyyətçisinin isə istifadə etmədiyi elektron enerjisinə, öhdəlik daşımadığı hallara görə hər hansı məhdudiyyətə məruz qalması əsaslı və qanuni deyildir. Əgər ödənilməmiş borc varsa da, həmin borcun ödənilməsinin təmin edilməsi ilə bağlı mənzilə dair süni maneənin (abonent adının dəyişdirilməsinin təmin edilməməsi, borcun hesabda saxlanılması ilə mənzilin satışına maneələrin yaradılması) yaradılması və mülkiyyətçini faktiki məcbur etməklə borcun ödənilməsinin təmin edilməsi qanuni deyildir. İcra edilməmiş öhdəlik varsa, öhdəlik sahibinə dair iddia ilə məhkəməyə müraciət edilə bilər. Məsələyə dair iddia müddətinin tətbiqi xüsusatına qanunla müəyyən edilmiş qaydada baxıla bilər. Əgər borc ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdirsə, həmin borcun hesabda saxlanılmasının məqsədə müvafiqliyi, qarşıya qoyulan məqsədlər çatmaqda vasitəçi olmasının əsaslılığı cavabdeh tərəfindən əsaslandırılmamışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddia tələbi üzrə sübutetmə yükünün cavabdeh "xxxx" ASC-nin üzərində olması nəzərə alınmaqla cavabdeh tərəfindən müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən müvafiq sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə işdəki sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, ünvan 1 ünvanının elektrik enerjisi ilə təmin edilməsinə görə abunə vərəqəsində adın İddiaçı dəyişdirilməsi vəzifəsi və abonent kodu üzrə borcun olmaması barədə arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ünvan 1 ünvanının elektrik enerjisi ilə təmin edilməsinə görə abunə vərəqəsində ad dəyişdirilməsinin cavabdehin üzərinə qoyulması, abonent kodu üzrə borcun olmaması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilsin. ünvan 1 ünvanının elektrik enerjisi ilə təmin edilməsinə görə abunə vərəqəsində adın İddiaçı dəyişdirilməsi vəzifəsi və abonent kodu üzrə borcun olmaması barədə arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2136/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2136/2025
01.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver