Məhkəmə qərarları › İş №2(004)-2150/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2150/2021

03.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2150/2021 03.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “sayğacın yenilənməsi və borcun silinməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “sayğacın yenilənməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona məxsus olan obyektin su sayğacının yenilənməsi və yaranmış 7000 manat məbləğində su borcunun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qarabağ müharibəsinin iştirakçısıdır və Qarabağ qazisidir. Ailə vəziyyətinin ağır olması və ailə üzvlərinin çoxluğu səbəbindən Ölkə Rəhbəri tərəfindən onlara iaşə obyekti tikmək üçün Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin 63 kv.m. sahəsində kafe və avtoyuma məntəqəsi inşa etmişlər. Dəfələrlə su sayğacının işləməməsi ilə bağlı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayonu Sukanalı idarəsinə müraciət etmiş və cavabdehin razılığı ilə öz hesablarına su sayğacı alıb, yenisi ilə əvəz etmişlər. Bir müddətdən sonra həmin su sayğacında yaranmış problemlərlə bağlı, təkrarən Binəqədi rayonu Sukanalı idarəsinə müraciət edib, su gəlmədiyini və su kartına pul yüklənməsinə baxmayaraq, sayğacın su buraxmadığını bildirmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayonu Sukanalı İdarəsinin əməkdaşları gəlmiş və həmin su sayğacına baxış keşirmiş, sayğacı yerində söküb yoxlamışlar. Lakin su sayğacı yenə də işləməmişdir. Ona görə də həmin su sayğacının içərisindən keçən klapanını açıq qoymuşlar ki, sudan istifadə olunsun. Eyni zamanda, ona bildirmişlər ki, hər ay su istifadəsinə görə 30-40 manat məbləğində ödəniş etsin. O, 2019-cu ildən etibarən sudan istifadə edib, işlətdiyi vaxtlar hər ay 40-50 manat pul ödəmişdir. Axırıncı 4 ay müddətində 200 manat ödəniş etmişdir. 2020-ci ilin mart ayından 2020-ci ilin axırına kimi Respublikada yayılmış Koronavirus pandemiyası (COVİD-19) ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən obyekti, avtomobil yuma məntəqəsi işləməmişdir. Ona görə də su sərfiyyatı olmamışdır. 25.09.2020-ci ildə cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayonu Sukanalı idarəsinə müraciət etmiş, 41 Smart-kart tipli su sayğacının dəyişdirilib, yenisi ilə əvəzləşdirilməsini xahiş etmişdir. Gəlib su sayğacını açıb, təmirə aparmaqlarını bildirmişlər. Ona görə də 25.09.2020-ci il tarixində "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti 13 SMART-KART tipli su sayğacının laborator yoxlamadan keçirilməsi barədə akt tərtib edib, su sayğacını çıxarıb aparmışlar. Bir müddətdən sonra o, cavabdehə müraciət edib, su sayğacının yerinə qoyulmasını tələb etsə də, ona bildirdilər ki, həmin sayğac istismara yararsız vəziyyətdədir. Təkrarən ona yeni su sayğacı almağını təklif etdilər. O da məcbur olub, 300 manat dəyərində 7-ci mikrorayonda yerləşən özlərinə məxsus mağazadan 2 ədəd su sayğacı alıb gətirmişdir ki, həmin sayğacları laboratoriyada yoxlayıb nizamlasınlar və yerinə quraşdırsınlar. Lakin bu günə kimi həmin su sayğacları da cavabdeh tərəfdə qalmış və aidiyyati qurumlar tərəfindən yerinə quraşdırılmamışdır. Halbuki, həmin sayğacların yenisi ilə əvəz olunması və quraşdırılması cavabdeh tərəfin vəzifəsidir. Havaların soyuq, şaxtalı keşməsi nəticəsində su sayğacının tez-tez sıradan çıxması nəticəsində əvvəllər də 2 dəfə öz hesabına sayğac alıb quraşdırmışdır. Hazırda ona bildirirlər ki, “7000 manata yaxın su pulu borcun var, həmin borcu ödə, sonra su sayğacını quraşdırarıq.” Dəfələrlə ərizə ilə cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin X2 müraciət etmişdir. Lakin "COVİD-19” pandemiyası bəhanə gətirilərək onu qəbul etməmişdir. Müraciətlər cavabdehin təqsirindən müsbət həll olunmamışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayonu Sukanalı İdarəsi tərəfindən 101855 nömrəli İcarə Müqaviləsinə əsasən su xətti üzərində 03.10.2013-cü il tarixdə quraşdırılmış, Alfasu-20 markalı, 49933660 nömrəli smart-kart tipli su sayğacına görə 03.10.2013-cü ildən 25.10.2020-ci il tarixə kimi guya 6043 kubmetr istifadə olunmuş su sərfiyyatına görə 3362 kubmetr İstifadə olunmuş dəyəri ödənilməmiş sərfiyyat hesab olunmuşdur və 6724 manat pul tələb edilmişdir. Cavabdehin ondan 03.10.2013-cü ildən 25.10.2020-ci il tarixinə kimi istifadə etmədiyi 3362 kubmetr su sərfiyyatına görə 6724 manat pul tələb etməsi tam qanunsuz və əsassızdır. O, istifadə etdiyi su sərfiyatına görə həy ay 40-50 manat məbləğində pul ödəmişdir. Əgər onun istifadə etdiyi su sərfiyatına görə hər ay pul borcu yaranırdısa, cavabdeh nə üçün 7 il gözləməli idi və sonda ondan nəyə görə 6724 manat pul tələb etməli idi. Bu tam absurddur, ağıla gəlməyən qanunsuz və ədalətsiz tələbdir. Bu azmış deyə, cavabdeh ona böhtan ataraq, su sayğacına müdaxilə etməyini də bildirir və onu cərimə etməklə hədələyir. Cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun bir vətəndaş kimi, “Şəhid ailəsi”, məcburi köçkün ailəsi, Qarabağ müharibəsinin iştirakçısı kimi hüquqları kobud surətdə pozması tam qanunsuz və əsassızdır. Pozulmuş hüquqları məhkəmə qaydasında təmin olunmalı, qoyulmuş məhdudiyyətlər aradan qaldırılmalı və cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona məxsus olan obyektin su sayğacının yenilənməsi və yaranmış təxminən 7000 manat məbləğində su borcunun silinməsi haqqında qətnamə qəbul olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, o, həm şəhid ailəsi, həm məcburi köçkün, həm də Qarabağ müharibəsi iştirakçısıdır. Ərizədə qeyd etdiyi ərazidə dövlət başçısı tərəfindən ona torpaq sahəsi bağışlanmışdır. Həmin sahədə o, kafe və avtoyuma məntəqəsi açmış və istifadəyə vermişdir. Lakin uzun müddət pandemiya ilə əlaqədar olaraq avtoyuma məntəqəsi işləməmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən ona təxminən 7000 manata yaxın sudan istifadəyə görə borc yazılmışdır. Bu borc qanunsuzdur və ləğv edilməlidir. Bu səbəbdən də o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddiaçının da qeyd etdiyi kimi istifadə etdiyi sayğacda problem olub və sayğacın içində olan klapan suyu ötürməyib. Bu səbədən də sayğaca baxış keçirən əməkdaşlar klapanı açıq qoyublar ki, suyun verilməsində problem yaranmasın. Və belə olan halda su fasiləsiz olaraq verilib. Klapan açıq saxlanıldığı üçün abonentin balansında məbləğ olmasa da, suyun verilməsi dayanmayıb. Belə olan halda isə suyun istifadəsi mənfiyə doğru gedib. Bu o deməkdir ki, istifadə olunan suyun miqdarı ödənilən məbləğlərdən artıq olmuşdur. Sayğaca baxış keçirilən zaman müəyən olunmuşdur ki, ümumilikdə su xəttindən 6043 kubmetr su istifadə olunmuşdur ki, bunun da 2681 kubmetri ödənilmişdir. Həmin ödənilmiş sərfiyyat ümumi sərfiyyatdan çıxılmış və qalıq sərfiyyatın qiyməti hesablanaraq 6724 manat məbləğində iddiaçıya cərimə yazılmışdır. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan DƏDRX tərəfindən verilmiş RX ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi, 9-cu mikrorayonu, Mir Cəlal küçəsi 1E ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh ASC X3 İdarəsi “X1 Laboratoriyası” tərəfindən 33660/0063133 saylı Rəydən görünür ki, S.C-ın hesablayıcı mexanizminin qoruyucu metal halqasında müdaxilə izləri var. S.C-in hesablama mexanizmində müdaxilə aşkar olundu. S.C təmirə və istismara yararsızdır. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, 06043 kub metr mexaniki sərfiyyat olmuşdur. İş materiallarında olan icraçı Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Binəqədi, 9-cu mikrorayonu, Mir Cəlal küçəsi 1E ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sahibi Əli Hüseynova ünvanlanmış məktubdan görünür ki, Binəqədi rayonu Sukanal İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən, müqavilə nömrəsi 101855 olan obyektin su xətti üzərində 03.10.2013- cü il tarixdə quraşdırılmış, Alfasu-20 markalı 49933660 nömrəli smart-kart tipli su sayğacı 25.09.2020-ci il tarixində çıxarılaraq laboratoriya yoxlamasından keçirilməsi üçün Cavabdeh ASC-nin X3 İdarəsinə aparılmışdır. Laboratoriyanın 28.09.2020-ci il tarixli 33660/0063133 nömrəli rəyinə əsasən sayğacın əks bağlayıcısı işlənməyib balans bitdikdə su bağlanmayıb və sayğac sərfiyyatı qeydə aldığı məlum olmuşdur. Sözügedən sayğac təmir olunaraq yenidən istifadəyə verilmişdir. Yaranmış borcla bağlı bildirilir ki, sayğacın sərfiyyatı 03.10.2013 – 25.09.2020-ci illər ərzində 6043 m3 olmuşdur ki, bunun da 3362 m3 istifadə olunmuş dəyəri ödənilməmiş sərfiyatdır. İstifadə olunmuş ödənilməmiş sərfiyyat 6724 manat təşkil edir. İş materiallarında olan Smart Sayğacların satışlarına baxış aktından görünür ki, abunə kodu 101855 olan 49933660 saylı sayğac üzrə 04.10.2013-10.12.2013-cü il tarixə müddət üzrə 2655.30 kvadrat metr, 3781 manat mexaniki sərfiyyat olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi, 9-cu mikrorayonu, Mir Cəlal küçəsi 1E ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Habelə iş materiallarında olan Cavabdeh ASC X3 İdarəsi “X1 Laboratoriyası” tərəfindən 33660/0063133 saylı Rəydən görünür ki, iddiaçının istifadəsində olan su sayğacı istismara yararsızdır. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, 06043 kub metr mexaniki sərfiyyat olmuşdur. İş materiallarında olan icraçı Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Binəqədi, 9-cu mikrorayonu, Mir Cəlal küçəsi 1E ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sahibi Əli Hüseynova ünvanlanmış məktubdan görünür ki, Alfasu-20 markalı 49933660 nömrəli smart-kart tipli su sayğacı üzrə istifadə olunmuş ödənilməmiş sərfiyyat 6724 manat təşkil edir. Lakin cavabdeh iş materiallarında olan sənədlərdə qeyd edilmiş sərfiyyatın və hesablanmış borcun, hansı sənədlərə, normativ hüquqi aktlara və normalara əsasən hesablanmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz etsə də, etirazını əsaslandıra bilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli borc Cavabdeh ASC-nin tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdehin nümayəndəsi Bakı şəhəri, Binəqədi, 9-cu mikrorayonu, Mir Cəlal küçəsi 1E ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə İddiaçı 2020-ci il üçün hesablanılmış 6724 manat məbləğində borcun hansı səbəbdən yaranması barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi borcun silinməsi hissəsində qismən təmin edilməli, cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus olan ünvan 3 ünvanında yaranmış 6724 manat məbləğində borc silinməlidir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh ASC tərəfindən mübahisəli borcun necə yarandığı və hansı əsasla, hansı qaydalara, təlimata və ya hansı normativ sənəd əsasında aparılmasını cavabdeh tərəf əsaslandıra bilməmiş və borcun hesablanmasının mənbəyi məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcun yaranma mənbəyi məlum deyildir və əsassız olaraq hesablanmışdır. Buna görə də Cavabdeh ASC tərəfindən İddiaçı ünvan 3 ünvanında yerləşən qeyri yaşayış sahəsində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə əsassız hesablanmış 6724 manat məbləğində borc silinməlidir. Bundan əlavə məhkəmə iddia tələbinin iddiaçıya məxsus olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin su sayğacının yenilənməsi hissəsi üzrə qeyd edir ki, tələb həmin hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 6-cı maddəsinə əsasən: 6.1. STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – AİBNDA) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində AİBNDA-nın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. 6.5. İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. 6.6. Suölçən cihazlar AİBNDA-nın müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq STKM tərəfindən dövlət yoxlamasından keçirilir. 6.8. Suölçən cihazın dövlət yoxlaması istehlakçının arzusu ilə və ya istehlakçının təqsiri səbəbindən həyata keçirildikdə istehlakçının, digər hallarda isə STKM-in vəsaiti hesabına həyata keçirilir. 6.10. Zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir. Göründüyü kimi, istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi, habelə zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması fiziki şəxs olan istehlakçılara münasibətdə su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən həyata keçirilir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi bu hissədə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin su sayğacı yenilənsin və yaranmış 6724 (altı min yeddi yüz iyirmi dörd) manat məbləğində borc silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar