Məhkəmə qərarları › İş №2(004)-2175/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2175/2021

17.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2175/2021 17.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 22.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 21.04.2014-cü il tarixli, 37L000001904 saylı kredit müqaviləsi üzrə onunla Cavabdeh QSC-nin Şirvan filialı arasında bağlanmış 21.04.2014-cü il tarixli zaminlik müqaviləsi və 21.04.2014-cü il tarixli, 37M000000097 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 09.03.2021-ci il tarixdə iddia ərizəsinə əlavə verərək Cavabdeh QSC ilə Həsənov Həsən Ağairza oğlu arasında bağlanmış 21.04.2014-cü il tarixli, 37L000001904 saylı kredit xətti müqaviləsi, 22.04.2014-cü il tarixli, 37R00000212 saylı kredit razılaşması, İddiaçı ilə bağlanmış 21.04.2014-cü il tarixli, 37M000000097 saylı ipoteka müqqaviləsi, X4 ilə bağlanmış 21.04.2014-cü il tarixli, 37S000002895 saylı və İddiaçı ilə bağlanmış 21.04.2014-cü il tarixli, 37S000002896 saylı zaminlik müqavilələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi X3 izahat verərək bildirir ki, ləğvetmə hissəsində iddiaçının subyektiv hüququ yoxdur. İddiaçının özünə aid olan hissədə isə ipoteka və zaminlik müqaviləsində kreditin dollarla olduğu, məsuliyyətin niyə yarandığı qeyd edilmişdir. İpoteka, zaminlik müqaviləsi, kredit razılaşması və ödəniş planı notariusda təsdiq edilib və notariusun möhürü var. Kredit razılaşması notariusda təsdiq edilərkən X4 iştirak edibdir və İddiaçı tapşırığına əsasən onun əvəzindən sənədə imza atmışdır. Ödəniş planı ilə tanış olması barədə imza var. Ödəniş planında məbləğin hansı valyuta ilə qeyd olunması göstərilmişdir. İpoteka müqaviləsində qeyd var ki, notarius ucadan oxumuş, hətta qardaşı da təsdiqləyir ki, İddiaçı əvəzinə imzaladı. Zaminlik müqaviləsində də İddiaçı tapşırığına əsasən Həsənov Həsən Ağairza oğlu imzalamışdır və bütün bunlar hamsı notariusun iştirakı ilə baş tutmuşdur. Hesab edir ki, dollarla bağlı məlumatı olmamaq məsələsi öz təsdiqini tapmır. Ödəniş planının qrafikinin dəyişdirməsi faizlə bağlı yox ödəniş müddətinin dəyişməsi ilə bağlı olmuşdur. Bu dəyişiklik əsasında ödəniləcək əsas və faiz məbləği dəyişdirilməmiş, ödənişdə ödəniləcək aylıq məbləğlərin miqdarı dəyişdirilmişdir və həmin dəyişikliklər İddiaçı razılıq verdiyi zaminlik müqaviləsinin həcmini aşmamışdır. Kredit razılaşmasına edilmiş dəyişiklik, İddiaçı zaminlik müqaviləsinin müddətini aşmamışdır. Konstitusiya Məhkəməsinin məlum qərarında qeyd edilmişdir ki, hər bir dəyişiklik deyil, ancaq zaminin vəziyyətini ağırlaşdıran dəyişikliklər zaminlik müqaviləsinin xitamına səbəb ola bilər. Burada isə müddətdə və məbləğdə dəyişiklik yoxdur. Belə ki, Konstitusiya Məhkəməsinin 11.10.2019-cu il qərardadına əsasən Konstitusiya Məhkəməsinin məlum qərarı bu işə tətbiq edilə bilməz. İddianın rədd olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, Cavabdeh” QSC ilə bağlanmış 21 aprel 2014-cü il tarixli 37L000001904 saylı kredit xətti müqaviləsinə əsasən Həsənov Həsən Ağairza oğluna 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh QSC ilə bağlanmış 21 aprel 2014-cü il tarixli 37R000002112 saylı kredit Razılaşmasına əsasən Həsənov Həsən Ağairza oğluna 36 ay müddətinə 88000 ABŞ dolları məbləğində kredit verilmişdir. 21 aprel 2014-cü il tarixli 37R000002112 saylı kredit razılaşması üzrə öhdəliklərin təminati kimi İddiaçı ilə 21 aprel 2014-cü il tarixli 37M000000097 saylı ipoteka müqaviləsi bağlanmış, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. 37L000001904 saylı, 21 aprel 2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində X1 arasında 37S000002895 saylı 21 aprel 2014-cü il tarixli və İddiaçı oğlu arasında 37S000002896 saylı 21 aprel 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borclu Həsənov Həsən Ağairza oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 21 aprel 2014-cü il tarixli 37L000001904 saylı kredit xətti müqaviləsi üzrə 22 aprel 2014-cü il tarixdə bağlanmış 37R00000212 Kredit razılaşmasının ayrılmaz hissəsi olan 22 aprel 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri əsas borc üzrə məbləğ 37R000002112SA saylı sazişə əsasən dəyişdirilmişdir. Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Zaminin məsuliyyətinin artmasına və va onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara əsasən kreditin ümumi məbləğinin dəyişdirilməsi və kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallara aiddir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il 31 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından çıxış edərək bildirmişdir ki, zaminlik müqaviləsinin bağlanmış hesab edilməsi ücün yuxarıda göstərilən zəruri şərtlərin kredit müqavilələrində göstərilməli olması qənaətinə gəlmişdir. Həmçinin Plenum hesab etmişdir ki, həmin şərtlərin müqavilədə göstərilməməsinin və va zaminin razılığı alınmadan sonradan dəyişdirilməsinin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduğu müəyyən edilərsə, zaminliyə xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir. İddiaçı 1 qrup gözdən əlildir, savadsız qadındır, yazmağı, oxumağı bilmir. Cavabdeh bankın əməkdaşları isə iddiaçıya zaminlik müqaviləsi və ipoteka müqaviləsi bağlanılan zaman izah etməmişlər ki, müqavilələrdə kreditin verilməsi xarici valyuta ilə nəzərdə tutulmuşdur. Hesab edir ki, iddiaçı cavabdeh bank tərəfindən aldadılmış, hüquqları pozulmuşdur. Adı çəkilən zaminlik və ipoteka müqavilələri xarici valyuta ilə aparıldığından tamamilə qanunsuzdur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə xəbər verməmişdir. Belə olan halda məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh QSC ilə Həsənov Həsən Ağairza oğlu arasında bağlanmış 21.04.2014-cü il tarixli, 37L000001904 saylı kredit xətti müqaviləsinə əsasən, bank borcalana 120 ay müddətinə ödəmək şərtilə ******* ABŞ dolları məbləğində kredit xətti açmağı, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış 21.04.2014-cü il tarixli, 37M000000097 saylı saylı ipoteka müqaviləsinə əsasən İddiaçı Cavabdeh QSC ilə Həsənov Həsən Ağairza oğlu arasında bağlanmış 21.04.2014-cü il tarixli, 37L000001904 saylı kredit xətti müqaviləsinin təminatı olaraq mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0,00855 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, xüsusi mülkiyyətdə olan tikintialtı sahəsi 85,5 m2, ümumi sahəsi 74 m2 olan bir mərtəbəli, təyinatı ticarət olan qeyri-yaşayış binasını bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan olan Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış 21.04.2014-cü il tarixli, 37S000002896 saylı zaminlik müqaviləsinə əsasən İddiaçı bank qarşısında Həsənov Həsən Ağairza oğlu ilə bank arasında bağlanmış 21.04.2014-cü il tarixli, 37L000001904 saylı saylı kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh QSC ilə X4 arasında bağlanmış 21.04.2014-cü il tarixli, 37S000002895 saylı zaminlik müqaviləsinə əsasən X4 bank qarşısında Cavabdeh QSC ilə Həsənov Həsən Ağairza oğlu arasında bağlanmış 21.04.2014-cü il tarixli, 37L000001904 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı cavabdeh bankla Həsənov Həsən Ağairza oğlu arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq cavabdeh bankla zaminlik və ipoteka müqavilələri bağlamışdır. Kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan tutma iddiaçının mülkiyyətində olan ipoteka predmetinə yönəlmişdir. Hazırda iddiaçı bankla Həsənov Həsən Ağairza oğlu arasında bağlanmış kredit müqaviləsi və onun təminatı kimi bağlanmış ipoteka və zaminlik müqavilələrinin ləğv olunmasını xahiş edir. Məhkəmə, qeyd edir ki, iddiaçının cavabdehlə Həsənov Həsən Ağairza oğlu arasında bağlanmış kredit müqaviləsinin ləğvini tələb etmək üçün subyektiv hüququ yoxdur. Çünki müqavilə Həsənov Həsən Ağairza oğlu tərəfindən bağlanmış və həmin şəxs vəfat etmişdir. İddiaçı isə Həsənov Həsən Ağairza oğlunun hüququ varisi deyil. O cümlədən, iddiaçı cavabdehlə X4 arasında bağlanmış zaminlik müqaviləsinin ləğvini tələb edir ki, bu tələb üçün də subyektiv hüququ yoxdur. Məhkəmə iddiaçı ilə bank arasında bağlanmış zaminlik və ipoteka müqavilələrinin ləğv edilməsi ilə bağlı qeyd edir ki, iddiaçının tələbi əsassızdır. Çünki, tərəflər arasında bağlanmış ipoteka və zaminlik müqavilələrindən müəyyən olunur ki, kredit xəttinin məbləğinin ******* ABŞ dolları, müddəti 120 ay olduğu və bir aydan bir bərabər hissələrlə ödənilməsi qeyd edilmişdir. Göründüyü kimi ipoteka müqaviləsində məbləğ, valyuta və müddət qeyd edilmişdir. İddiaçı gözdən əlil olduğundan aldadıldığını da bildirir. Məhkəmə qeyd edir ki, iddiaçı əqdin etibarsız hesab edilməsini tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh QSC ilə Həsənov Həsən Ağairza oğlu arasında bağlanmış 21.04.2014-cü il tarixli, 37L000001904 saylı kredit xətti müqaviləsi, 22.04.2014-cü il tarixli, 37R00000212 saylı kredit razılaşması, İddiaçı ilə bağlanmış 21.04.2014-cü il tarixli, 37M000000097 saylı ipoteka müqqaviləsi, X4 ilə bağlanmış 21.04.2014-cü il tarixli, 37S000002895 saylı və İddiaçı ilə bağlanmış 21.04.2014-cü il tarixli, 37S000002896 saylı zaminlik müqavilələrinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh QSC ilə Həsənov Həsən Ağairza oğlu arasında bağlanmış 21.04.2014-cü il tarixli, 37L000001904 saylı kredit xətti müqaviləsi, 22.04.2014-cü il tarixli, 37R00000212 saylı kredit razılaşması, İddiaçı ilə bağlanmış 21.04.2014-cü il tarixli, 37M000000097 saylı ipoteka müqqaviləsi, X4 ilə bağlanmış 21.04.2014-cü il tarixli, 37S000002895 saylı və İddiaçı ilə bağlanmış 21.04.2014-cü il tarixli, 37S000002896 saylı zaminlik müqavilələrinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar