Məhkəmə qərarları › İş №2(004)-2186/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2186/2021

25.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2186/2021 25.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Səhnam qızının, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüquqlarının təmin edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə iddiaçıların Sumqayıt şəhəri, Xəzər MK ünvanında abunəçi kodları üzrə faktiki yaşayış yerlərinə kanalizasiya xidməti ilə təmin etmək vəzifəsinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxxx 2015-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 14-cü bəndinə əsasən, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli, 50 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 3.2-ci bəndinə əsasən Cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. Bu məqsədlə Cəmiyyət tullantı sularını kənar etmək və təmizləmək üçün kanalizasiya qurğuları və sistemlərinin ahəngdar işi üzrə tabeliyində olan aidiyyəti təşkilatların fəaliyyətini təşkil edir və onlara nəzarəti həyata keçirir (3.3.2); su və kanalizasiya xətlərinə qoşulmalar üçün hüquqi və fiziki şəxslərin müraciətləri əsasında mövcud sistem və qurğuların texnoloji imkanlarını nəzərə alaraq, müvafiq texniki şərtlər verir və həmin şərtlərə əməl edilməsi üzərində nəzarəti həyata keçirir (3.3.11). Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli, 50 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinə əsasən, hüquqi və fiziki şəxsləri kanalizasiya xidməti ilə təmin etmə onların müraciətləri əsasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin funksiya və məqsədləri kimi müəyyən edilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar Cavabdeh Asc ilə onlar arasında bağlanmış müqavilədən əmələ gələn istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı deyil, cavabdehin nizamnamə ilə məqsəd və funksiyalarına aid edilmiş “kanalizasiya xətləri ilə təmin etmə” funksiyasını yerinə yetirmədiyinə görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxxx 2015-ci il tarixli qərarının 14-cü bəndinin tövsiyəsini nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbinə ümumi məhkəmədə deyil, inzibati icraat qaydasında baxılmalıdır. Həmin qərarın 15.4-cü bəndində isə göstərilir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə iddiaçılara tövsiyə edilir ki, onlar, hazırkı məsələnin həllini tapmaq məqsədilə Cavabdeh ASC-yə müraciət etsinlər. Həmin orqandan imtina cavabı aldıqları və ya Cavabdeh ASC – nin hərəkətsizliyindən narazı qaldıqları təqdirdə isə müvafiq dövlət orqanının və ya vəzifəli şəxsin qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) inzibati icraat qaydasında məhkəməyə müraciət etsinlər. Çünki, vətəndaşla adıçəkilən orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr inzibati mübahisə kateqoriyasına aiddir və beləliklə də bu cür tələblərə ümumi məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Səhnam qızının, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüquqlarının təmin edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçılara hazırkı tələblə əlaqədar ilkin olaraq Cavabdeh ASC - yə rəsmi müraciət etmələri, həmin müraciətə imtina cavabı aldıqları halda isə, sözügedən qurumun hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqlarına malik olmaları izah edilməldiir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Səhnam qızının, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüquqlarının təmin edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçılara ilkin olaraq Cavabdeh ASC - yə rəsmi müraciət etmələri, həmin müraciətə imtina cavabı aldıqları halda isə, sözügedən qurumun hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqlarına malik olmaları izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar