Məhkəmə qərarları › İş №2(004)-2188/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2188/2024

28.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2188/2024 28.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi (arvadı) Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “komensasiya verilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair iddiası; Cavabdeh iddiaçı "xxxx" ASC-yə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “komensasiya verilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə, daha sonra xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli sərəncamına əsasən yaşayış kompleksinin tikintisi məqsədilə iddiaçı "xxxx" ASC-yə icarə əsasında istifadəyə verilmiş Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən 25,31 ha torpaq sahəsinin daxilində olan və Cavabdeh məxsus ümumi sahəsi 132,7 kv.m olan M-97 nömrəli özbaşına tikili ev, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 8.000 manat kompensasiya ödənilməklə boşaldılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçı "xxxx" ASC-yə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ümumi sahəsi 132,7 kv.m olan yaşayış sahəsinin və kəsilmiş 47 ədəd ağacın əvəzi olaraq 120.000 manat kompensasiyanın və ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 340 №-li sərəncamına əsasən Bakı şəhəri Yasamal rayonu Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə icarə əsasında "xxxx" ASC-nin istifadəsinə verilmişdir. Bununla bağlı, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 340 №-li sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin istifadəçilərinə müraciətlər edilmiş və həmin tikililər barədə məlumatlar əldə edilmişdir. Belə ki, əldə olunmuş məlumatlar əsasında məlum olmuşdur ki, sərəncamda qeyd olunan ərazidə yerləşən tikililər qanunsuz tikililərdir, bəzi vətəndaşlar, eləcə də hazırkı iddia üzrə cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahələridir və həmin ərazidə özlərinə heç bir norma və tikinti qaydalara uyğun olmayan yararsız, tam və yarımçıq yaşayış və qeyri-yaşayış sahələri tikmişlər, həmin tikililər qanunsuz olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Bununla bağlı olaraq, sərəncamın icrasının təmin edilməsi və yeni yaşayış kompleksinin tikilməsi məqsədilə, həmin ərazidə yerləşən və qanunsuz (özbaşına) tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçiləri olan digər vətəndaşlarla bərabər hazırkı iddia üzrə cavabdehlə dəfələrlə danışıqlar aparılmış və onlara həmin özbaşına (qanunsuz) tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərtilə sökülməsi üçün real təkliflər edilmişdir. Sərəncamın icrası ilə bağlı "xxxx" ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir, hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd olunan faktlar və tikililərin real qiyməti və sahəsi barədə tərəflərindən, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində uzun illər işləmiş, dərin bilik və təcrübəyə sahib olan “X4” MMC-nin ekspertlərinə müraciət edilmiş və bu barədə müvafiq ekspertiza rəyləri əldə edilmişdir. “X4” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 23 nömrəli rəyə əsasən Cavabdeh məxsus M-97 nömrəli ev qanunsuz (özbaşına) tikilidir, tikinti qaydalarına uyğun inşa olunmamışdır, qəzalı və yararsız vəziyyətdədir, ev üçün nəzərdə tutulmuş tikilinin dəyəri 6.000 manatdır. Ekspertiza rəyinin məzmunundan, yaşayış və qeyri-yaşayış kimi inşa olunmuş qanunsuz tikilinin fotoşəkillərdən görünür ki, həmin tikililər tam yararsız və tikinti qaydalarına uyğun inşa edilməmişdir, əksəriyyəti yarımçıq tikililərdir, ümumilikdə istifadə üçün təhlükəli və bərbad vəziyyətdədirlər. "xxxx" ASC-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və cavadehin istifadəsində olan qanunsuz (özbaşına) tikililərin sökülməsi qarşılığında ona tikililərin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, istifadəsində olan yaşayış və qeyri-yaşayış sahələri özbaşına, qanunsuz tikili olmaqla qəzalı vəziyyətdə saxlanılması, "xxxx" ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozur və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş sərəncamın icrasına mane olur. Göründüyü kimi, cavabdehin qanunsuz tikililəri maraqlı şəxs olaraq "xxxx" ASC-nin hüquqlarını pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə "xxxx" ASC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. "xxxx" ASC sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə kompensasiya ödənilməsi üçün real təkliflər etmiş, lakin cavabdeh həmin təklifdən imtina etmiş və nəticədə "xxxx" ASC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır. Odur ki, iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi (arvadı) Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, qarşılıqlı iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, mübahisə edilən tikili 1967-ci ildə Cavabdeh atası tərəfindən tikilmiş və bağ salınmışdır. Cavabdeh xəstə olduğuna görə son üç il ərzində orada yaşamır. Arada imkan olanda gedib evə və bağa baş çəkirdi. Torpaq sahəsinin və evin Cavabdeh məxsus olmasına dair hər hansı bir rəsmi sənəd yoxdur. Hazırda cavabdeh istəyir ki, iddiaçı mənzilin ölçülərinə uyğun olaraq ona kompensasiya versin və ya 2 otaqlı mənzil versin. Həmçinin iddiaçı qeyd olunan yerdə cavabdehə məxsus bar verən 47 ədəd meyvə ağacını kəsməklə ona maddi zərər vurmuşdur. Vurulmuş maddi zərərin əvəzini 120.000 manat qiymətləndirir. Odur ki, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi, qarşılıqlı iddia tələbini müdafiə etdi və nümayəndəsi Nümayəndə2 izahatı ilə razı olduğunu bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 saylı sərəncamı ilə "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 25 nömrəli müraciəti, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 1997/d nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli **********57 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli XOxx-xx-2021-08052 nömrəli razılıq məktublarını nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələləri rəhbər tutularaq, Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) lə mülki münasibətləriin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" ASC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Sifarişçiyə tapşırılmışdır ki, sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. Sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasım təmin etsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinın 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Bakı Şəhər icra Hakimiyyəti nəzdində “İnterservis” Müdiriyyəti ilə 3 ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını təmin etsin. Torpaq sahəsinə dair icarə huququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin. Tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 X1 Ekspertiza Baş İdarəsinin müsbət rəyinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərınə başlanılması üçün əsas olan obyektin tikintisinə icazənin alınmasını təmin etsin. Bu Sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin tələblərınə uyğun şəkildə aparılmasını təmin etsin. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə bu sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada çaxılacaqdır. Bu Sərəncamın icrasına nəzarət Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Mənzil sahibi Cavabdeh, nümayəndələr X7, X3 və 22 saylı MKİS-nin mühəndisi X6 tərəfindən tərtib edilmiş 88 nömrəli aktdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən torpaq sahəsində olan Cavabdeh məxsus M-97 nömrəli evin ümumi sahəsi 132,7 kv.m təşkil edir. (anbar 9.20 x 2.90 =26.7 kv.m; otaq 3.60 x 3=10.8 kv.m; otaq 5.40.x 2.60 =14.04 kv.m; zal 6.80 x 4.10 = 27.9 kv.m; mətbəx 6.80 x 2.50 = 17 kv.m; qaraj 2.20 x 4.70 = 10.34 kv.m, otaq 7.20 x 3.60 = 25.92 kv.m) “X2” MMC-nin xx.xx.2024-cü il tarixli 23 nömrəli qiymətləndirilmə rəyindən müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli sərəncamına əsasən yaşayış kompleksinin tikintisi məqsədilə iddiaçı "xxxx" ASC-yə icarə əsasında istifadəyə verilmiş Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən torpaq sahəsinin daxilində olan və Cavabdeh məxsus ümumi sahəsi 132,7 kv.m olan M-97 nömrəli özbaşına tikili evin hazırki real bazar qiyməti ilə təqribi dəyəri 6000 manat müəyyən edilir. Baxış zamanı, tədqiq olunan evin giriş qapısı bağlı olduğuna görə evə daxil olub baxış keçirmək mümkün olmamışdır. Evə vizual (xaricdən) baxış keçirilən zaman müəyyən olunmuşdur ki, ev bir qat mişar daşından inşa olunmuşdur və damı bir enilşlidir. Ümumilikdə, tədqiq olunan obyekt köhnə tikili olub və müvafiq tikinti norma və qaydalarına, tikinti texnologiyasına uyğun tikilməmişdir. Mövcüd texniki göstəricilərə görə, tədqiq olunan ev yaşayış evi üçün nəzərdə tutulmuş müvafiq tələblərə cavab vermir. İddia tələbinə əsasən cavabdehin istifadəsində olan özbaşına tikili ev Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Cavabdehin istifadəsində olan özbaşına tikili evin yaxınlığındakı özbaşına tikililərin sökülməsi barəsində digər şəxslər iddiaçı ilə razılığa gəlmələrinə baxmayaraq, cavabdeh müvafiq tikinti norma və qaydalarına, tikinti texnologiyasına uyğun tikilməmiş, şəhərin görkəminə xələl gətirən özbaşına tikilinin sökülməsi qarşılığında tamamilə əsassız və qeyri-real qiymət tələb etmələri və həmin məbləğ verilmədiyi təqdirdə isə binanın tikintisinə maneə yaratmaqla hüquqdan sui-istifadə etməklə, müvafiq sərəncamın icrasının həyata keçirilməsinə mane olur. Müəyyən edilmişdir ki, sökülməsi tələb edilən Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən M-119 nömrəli özbaşına tikili evin ümumi sahəsi 132,7 kv.metr təşkil edir. Ev bir qat mişar daşından inşa olunmuşdur və damı bir enilşlidir. Ümumilikdə, tədqiq olunan obyekt köhnə tikili olub və müvafiq tikinti norma və qaydalarına, tikinti texnologiyasına uyğun tikilməmişdir. Mövcüd texniki göstəricilərə görə, tədqiq olunan ev yaşayış evi üçün nəzərdə tutulmuş müvafiq tələblərə cavab vermir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli sərəncamı təşkil edir və Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerləşən mövcud özbaşına tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi də həmin sərəncamın 1.1-ci bəndinə uyğun həyata keçirilir. Qeyd edilən sərəncamın icrasının həyata keçirilməsinə cavabdeh tərəfindən əsassız maneələr yaradıldığından, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququəldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının vəya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “"xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidirki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə hesab edir ki, tikinti norma və qaydalarının tələblərinə cavab verməyə cavabdehə məxsus olan özbaşına tikili insanların həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin iddiaçının təklifini qəbul edərək, özbaşına tmkilini boşaltmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan özbaşına tikilini boşaltması, ilk növbədə onlar üçün həyati vacib məsələdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Lakin mübahisənin sülh yolu ilə həll edilməsi mümkün olmamışdır. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən iddiaçı tərəfindən cavabdeh tərəfin özbaşına tikili üzərində hüququ tanınaraq iddiaçı tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir. İddiaçının belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadəsində olan özbaşına tikilinin sökülməsinin əvəzinə ədalətli təkliflər edilir. Bu isə cavabdehin istifadəsində olan özbaşına tikilidən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanırazılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasınınəsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondunyaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehin yaşayış üçün yararlı olmayan özbaşına tikilidən kompensasiya verilməklə çıxarılması, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəli evin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün "xxxx" ASC-yə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini "xxxx" ASC öz üzərinə götürdüyündən, iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehin bütün hüquqları qorunduğundan iddia tələbi təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli sərəncamına əsasən yaşayış kompleksinin tikintisi məqsədilə iddiaçı "xxxx" ASC-yə icarə əsasında istifadəyə verilmiş Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən 25,31 ha torpaq sahəsinin daxilində olan və Cavabdeh məxsus ümumi sahəsi 132,7 kv.m olan M-97 nömrəli özbaşına tikili ev, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 8.000 manat kompensasiya ödənilməklə boşaldılaraq sökülməlidir. Qarşılıqlı iddia tələbi qalan hissədə, yəni 112.000 manat kompensasiya ödənilməsi hissəsində rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli sərəncamına əsasən yaşayış kompleksinin tikintisi məqsədilə iddiaçı "xxxx" ASC-yə icarə əsasında istifadəyə verilmiş Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən 25,31 ha torpaq sahəsinin daxilində olan və Cavabdeh məxsus ümumi sahəsi 132,7 kv.m olan M-97 nömrəli özbaşına tikili ev, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh 8.000 (səkkiz min) manat kompensasiya ödənilməklə boşaldılaraq sökülsün. Qarşılıqlı iddia tələbi qalan hissədə, yəni 112.000 manat kompensasiya ödənilməsi hissəsində rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar