Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2189/2024 21.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən Cavabdeh 70.500 manat ödənilməklə Bakı şəhəri Yasamal rayonu Xarici dairəvi avtomobil yolunun kənarında yerləşən ərazidə ona məxsus ev və qeyri-yaşayış üçün nəzərdə tutulmuş özbaşına tikililərin boşaldılaraq sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 340 №-li sərəncamına əsasən Bakı şəhəri Yasamal rayonu Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə icarə əsasında "xxxx" ASC-nin istifadəsinə verilmişdir. Bununla bağlı, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 340 №-li sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin istifadəçilərinə müraciətlər edilmiş və həmin tikililər barədə məlumatlar əldə edilmişdir. Belə ki, əldə olunmuş məlumatlar əsasında məlum olmuşdur ki, sərəncamda qeyd olunan ərazidə yerləşən tikililər qanunsuz tikililərdir, bəzi vətəndaşlar, eləcə də hazırkı iddia üzrə cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahələridir və həmin ərazidə özlərinə heç bir norma və tikinti qaydalara uyğun olmayan yararsız, tam və yarımçıq yaşayış və qeyri-yaşayış sahələri tikmişlər, həmin tikililər qanunsuz olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Bununla bağlı olaraq, sərəncamın icrasının təmin edilməsi və yeni yaşayış kompleksinin tikilməsi məqsədilə, həmin ərazidə yerləşən və qanunsuz (özbaşına) tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçiləri olan digər vətəndaşlarla bərabər hazırkı iddia üzrə cavabdehlə dəfələrlə danışıqlar aparılmış və onlara həmin özbaşına (qanunsuz) tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərtilə sökülməsi üçün real təkliflər edilmişdir. Sərəncamın icrası ilə bağlı "xxxx" ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir, hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd olunan faktlar və tikililərin real qiyməti və sahəsi barədə tərəflərindən, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində uzun illər işləmiş və dərin bilik və təcrübəyə sahib olan, X1 ekspertlərinə müraciət edilmiş və bu barədə müvafiq ekspertiza rəyləri əldə edilmişdir. “X2” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 21 nömrəli rəyə əsasən Cavabdeh məxsus M-103 nömrəli ev və qeyri-yaşayış sahəsi qanunsuz (özbaşına) tikilidir, tikinti qaydalarına uyğun inşa olunmamışdır, qəzalı və yararsız vəziyyətdədir, ev üçün nəzərdə tutulmuş tikilinin dəyəri 55.000 manat, qeyri-yaşayış üçün nəzərdə tutulmuş tikilinin dəyəri 15.500 manat olmaqla, ümumi dəyəri 70.500 manatdır. Ekspertiza rəyinin məzmunundan, yaşayış və qeyri-yaşayış kimi inşa olunmuş qanunsuz tikililərin fotoşəkillərdən görünür ki, həmin tikililər tam yararsız və tikinti qaydalarına uyğun inşa edilməmişdir, əksəriyyəti yarımçıq tikililərdir, ümumilikdə istifadə üçün təhlükəli və bərbad vəziyyətdədirlər. "xxxx" ASC-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və cavadehin istifadəsində olan qanunsuz (özbaşına) tikililərin sökülməsi qarşılığında ona tikililərin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, istifadəsində olan yaşayış və qeyri-yaşayış sahələri özbaşına, qanunsuz tikili olmaqla qəzalı vəziyyətdə saxlanılması, "xxxx" ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozur və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş sərəncamın icrasına mane olur. Göründüyü kimi, cavabdehin qanunsuz tikililəri maraqlı şəxs olaraq "xxxx" ASC-nin hüquqlarını pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə "xxxx" ASC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. "xxxx" ASC sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə kompensasiya ödənilməsi üçün real təkliflər etmiş, lakin cavabdeh həmin təklifdən imtina etmiş və nəticədə "xxxx" ASC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. İddiaçıya məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir, lakin iddiaçının nümayəndəsi məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə iddaçının nümayəndəsinin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmənin hazırlıq iclasında iddia tələbini qəbul etmədi, yazılı etiraz təqdim etdi və izahatında bildirdi ki, Cavabdeh Bürcəli oğlu 1997-ci ildən Bakı şəhəri Yasamal rayonu (Xarici dairəvi avtomobil yolunun kənarı) Qanlı göl qərb sahili 34 ünvanda yerləşən 140 kv.m olan (6 otaq, hamam, tualet və dəhliz) yaşayış evini başqa şəxdən satın almışdır. Həmin vaxtdan o, həyat yoldaşı, oğlu, oğlunun həyat yoldaşı və iki nəvəsi ilə qeyd olunan evdə yaşayırlar. Evin bütün kommunal təminatları, işıq, su, qaz və sair möcuddur. Eyni zamanda ev yaşayış üçün zəruri olan bütün ləvazimatlarla, televizor, soyuducu, isitmə və soyutma qurğuları, yatacaq və istirahət avadanlıqları, mətbəx üçün lazım olan bütün avadanlıqlarla tam təchiz olunmuşdur. 1999-cu il tarixdə Cavabdeh evinin önündə ona məxsus torpaq sahəsində 186 kv.m sahədə cücə sexi (həmin tikilinin içərisində qızıdırıcı sobalar, cücələrin yemlənməsi və suvarılması üçün qabları və sair vardır) inşa edərək, o tikilidə də, mövsümü və davamlı cücə saxlamışlar. Bundan bir müddət sonra, yəni 2006-cı ildə həmin ərazidə ona məxsus olan torpaq sahəsində Vergi orqanlarından, Yanğın təhlükəsizliyi xidməti və digər orqanlardan müvafiq qaydada qeydiyyatdan keçməklə 300 kv.m ölçüdə “Daş emalatxanası” sexi tikib quraşdırmaqla üzlük daşların istehsalı ilə məşğul olmuşlar. Qeyd olunan daş emalatxanasının içərisində böyük daş kəsən mişarlar, frezlər və digər avadanlıqlar mövcuddur. Bundan başqa həmin sexdə iri tutumlu su hovuzu, çardaqlar (saraykalar) və sair tikililər də mövcuddur. Bundan əlavə qeyd olunan daş emalatxanasının yaxınlığında xammalın və hazır məhsulun (üzlük daşların) yığılması üçün ayrıca 85 kv.m ölçüdə anbar vardır. Onuda qeyd edək ki, sözügedən daş emalatxanasında Cavabdeh digər üç nəfər usta və fəhlə ilə birlikdə çalışırlar. Cavabdeh Bürcəli oğlu vergi ödəyicisi kimi xx.xx.2006-cı il tarixdə uçota alınmış və ona VÖEN ********** nömrəsi verilmişdir. Cavabdeh Bürcəli oğlu həmin ərazidə sahibkarlıq fəaliyyətini həyata keçirir, daş sexini işlədir, vergiləri və digər ödənişləri ödənilməklə fəliyyətini davam etdirir. 2009-cu ildə isə Cavabdeh öz evinin qarşısında yerləşən 10 sot torpaq sahəsini onun qızı X3 alaraq həmin torpaq sahəsində qızı üçün 1 otaqlı 32 kv.m sahədə ev tikdirmiş və qızı öz ailəsi ilə birlikdə həmin evdə yaşayırlar. 2024-cü ilin yanvar ayında Cavabdeh Bakı şəhəri Yasamal rayonu (Xarici dairəvi avtomobil yolunun kənarı) Qanlı göl qərb sahili 34 ünvanda yerləşən evindən ailəsi ilə birlikdə Şamaxı rayonuna getmişlər və bir müddət orada qalmalı olmuşlar. xx.xx.2024-cü il tarixdə qonşuları onlara zəng vuraraq evlərinin və digər tikililərinin bir qrup insanların texnika vasitəsi ilə sökdüklərini bidirmişlər. Bundan sonra Cavabdeh DİN-nin 102 xidmətinə zəng vuraraq daş sexinin və evinin qanunsuz olaraq söküldüyünü bildirərək, bu barədə tədbir görülməsini xahiş etmiş və dərhal Bakı şəhərinə gələrək evinin kimlər tərəfindən və hansı səbəbdən sökülməsini aydınlaşdıran zaman müəyyən olmuşdur ki, ona məxsus ev və digər tikililərin də yerləşdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədi ilə "xxxx" ASC-yə icarəyə verilmişdir və söküntünü aparanlar isə Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin və "xxxx" ASC-nin əməkdaşları və texnikaları olmuşdur. Həmin vaxt gəlib evə baxış keçirən zaman evin texnika vasitəsi ilə uçurulduğunu, içərisindəki bütün avadanlıqların isə uçuntunun altında qalması və cücə sexinin isə tamamilə söküldüyü müəyyən edilmişdir. Bundan sonra "xxxx" ASC-nin məsul əməkdaşları ilə danışılmış onların bu hərəkətlərinin qanunsuz və özbaşınalıq olması bildirilmişdir. Qeyd olunan şirkətin əməkdaşları isə Cavabdeh narahat olmamalarını, onun istifadəsində olan bütün tikililərin və torpaq sahəsini ölçülərək ədalətli formada pul kompensasiyası veriləcəyini və ya həmin ölçülərə uyğun yaşayış sahəsi ilə təmin ediləcəklərini bildirmişlər. Bir müddət keçdikdən sonra isə Cavabdeh 6 otaqlı 140 kv.m ölçüdə evinə və 186 kv.m ölçüdə cücə sexinə (300 kv.m ölçüdə “Daş emalatxanası” sexi və 85 kv.m ölçüdə anbar nəzrə alınmadan) 70.500 manat kompensasiya təklif olunmuşdur. Göründüyü kimi, iddaçının həm bu özbaşına hərəkətləri, həm də onun tərəfindən təqdim edilən kompensasiya məbləği qanuni və ədalətli hesab edilə bilməz. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş olunur. Cavabdeh məhkəmənin hazırlıq iclasında nümayəndəsi və vəkili Vəkil məhkəmənin hazırlıq iclasında iddianı qəbul etmədi, nümayəndəsi və vəkilinin izahatı ilə razı olduğunu bildirdi. Məhkəmə cavabdehin, onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 19-cu bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. Hazırkı iddia tələbi kommersiya fəaliyyəti ilə əlaqədar olduğundan, yəni həm iddiaçı kommersiya hüquqi şəxsi olduğundan, həmçinin cavabdeh fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan və VÖEN-ni mövcud olduğundan, iddia tələbində göstərilən sökülməsi tələb oluna sahə daş sexi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi olduğundan işə kommersiya məhkəməsində baxılmalıdır. İş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunur. Belə ki, caabdehin təqdim etdiyi vergi ödəyicilərinin uçota alınması haqqında xx.xx.2006-cı il tarixli şəhadətnamədən müəyyən edilir ki, Cavabdeh vergi ödəyicisi kimi xx.xx.2006-cı il tarixdə Vergilər Nazirliyində uçota alınmış və ona VÖEN ********** nömrəsi verilmişdir. Cavabdeh söküntüsü tələb olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsini daş sexi kimi işlədir və fərdi sahibkar kimi fəaliyyət göstərir. İddiaçı da hüquqi şəxs olmaqla, həmin ərazidə yerləşən özbaşına tikililərini sökməklə, yüksək mərtəbəli binalar inşa etməklə kommersiya fəaliyyətini həyata keçirməklə məşğul olur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Yasamal rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2007-ci il tarixli məktubundan müəyyən edilir ki, Qanlı gölün qərb sahili 34 saylı ünvanda yerləşən daş sexində sanitariya müayinəsi aparmış və onun fəaliyyətinə etiraz etmir. Bu səbəbdən hazırkı iddia tələbinə “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına uyğun olaraq məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 263264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki iş, kommersiya mübahisəsi kimi mülki icraat qaydasında baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2189/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2189/2024
21.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver