Məhkəmə qərarları › İş №2(004)-2197/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2197/2021

26.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2197/2021 26.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC ilə Musayev Ramil Nuru oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Musayev Ramil Nuru oğluna illik 19% ilə 200.000 (iki yüz min) manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi xx.xx.2013-cü il tarixdə X4 və Musayev Nuru Musa oğlu ilə bank arasında ipoteka müqavilələri bağlanmışdır. xx.xx.2013-cü il tarixli ipoteka müqavilələrinə əsasən X2 məxsus ipoteka predmeti - Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 41, 78 saylı mənzil və Musayev Nuru Musa oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 2, 3 saylı fərdi yaşayış ev ipotekaya qoyularaq ipoteka ilə yüklü edilmişdir. Musayev Ramil Nuru oğlu kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozaraq, borcunu tələb olunan qaydada ödəməmişdir. Bank tərəfindən Musayev Ramil Nuru oğluna kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmişdir. Bununla bağlı Cavabdeh ASC məhkəməyə kredit borcunun ödənilməsi ilə bağlı iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-199/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, cavabdeh Musayev Ramil Nuru oğlundan 199075 manat əsas borc, 14239 manat faiz borcu, gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış cərimə faizləri üzrə 50 manat, 38245 manat əldən çıxmış fayda, 30 manat dövlət rüsumunun, 60 manat məbləğində digər xərclərin, ümumilikdə 251699 manat tutularaq, iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh X2 məxsus ipoteka predmeti - Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 41, 78 saylı mənzilnə, cavabdeh Musayev Nuru Musa oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 2, 3 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlaklar açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına borc məbləği ödənilməsi, cavabdehlər ilə birlikdə yaşayan ailə üzvləri, həmçinin qeydiyyatda olan digər şəxslər həmin fərdi yaşayış evi və mənzili 1 ay ərzində könüllü tərk etmədikləri halda, onlar məcburi qaydada çıxarılmaları və aparılmış tədqiqatların dəyəri olan 200 manat ekspertiza xərci cavabdehlərə aid edilərək həmin məbləğin onlardan müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh Musayev Ramil Nuru oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1264/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş, ipoteka predmeti olan X2 məxsus mənzilin ilkin satış qiymətinin 72.000 manat, Musayev Nuru Musa oğluna məxsus fərdi yaşayış evinin ilkin satış qiymətinin 60.000 manat müəyyən olunması qət edilmiş, qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh Musayev Ramil Nuru oğlu Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1264/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5199/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdeh Musayev Ramil Nuru oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1264/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdeh Musayev Ramil Nuru oğlundan əldən çıxmış faydaya görə 38.245 manat tutulmasına dair hissədə ləğv edilmiş, həmin hissəyə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12420/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Musayev Ramil Nuru oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-199/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi qismən - 38245 manat əldən çıxmış faydanın tutulması hissəsində ləğv olunaraq və həmin hissədə iddia yələbi təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyərək yanlış qətnamə qəbul etmişdir. Belə ki, X5 onun həyat yoldaşıdır. Birgə nikahdan əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 41. 78 saylı mənzil X1 xüsusi mülkiyyətindədir. İpoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 41, 78 saylı mənzil X5 ilə birgə təsərrüfat nəticəsində əldə edilmiş mənzildir. Buna görədə həmin mənzildən onun pay və istifadə hüququ vardır. Lakin, X4, Musayev Ramil Nuru oğlunun Cavabdeh ASC-dən götürdüyü 200.000 (iki yüz min) manat kreditin təminatı kimi, xx.xx.2013-cü il tarixdə bank arasında ipoteka müqaviləsi bağlanmış, həmin bağlanmış ipoteka müqaviləsindən onun xəbəri və razılığı olmamışdır. Məhkəmə proseslərindən onun xəbəri olmamışdır. Belə ki, o, Naxçıvan şəhərində qeydiyyatda olan evinə 2019-cu il tarixdən getmişdir və işi ilə əlaqədar orda olmuşdur. Bundan sonra mövcud pandemiya ilə əlaqədar Bakı şəhərinə qayıda bilmirdi. Bu səbəbdən məhkəmə proseslərindən və qəbul olunmuş məhkəmə aktlarından xəbəri olmamışdır. Göstərilənlərə əsasən, X4 ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə olunmasını xahiş etmişdir. İddiaçı baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə işə mahiyyəti üzrə baxılmasını tələb edərək, iddia tələbini qəbul etməyərək və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, izahatında göstərdi ki, Cavabdeh ASC-nin cavabdehlərə qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbi ilə bağlı məhkəmə araşdırmaları olmuş, Binəqədi Rayon Məhkəməsi bankın xeyrinə qətnamə qəbul etmiş, həmin qətnamə apellyasiya və ali instansiya məhkəmələrində mübahisələndirilmiş, yekun qərar qüvvəyə minmişdir. Həmin qərardan 3 ilə yaxın müddət keçmişdir. Cavabdeh həmin müqaviləni mübahisələndirməmişdir. Halhazırda ipoteka ilə yüklü edilmiş X2 məxsus əmlak hərrac mərkəzinin icraatındadır. Hazırki iddia ilə məhkəməyə müraciət etmək hərrac prosesinin süni şəkildə uzadılmasına xidmət edir. Bu səbəbdən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh Bank ASC-lə Musayev Ramil Nuru oğlu arasında bağlanılmış xx xxxx 2013-cü il tarixli 101-30121/KX/2 saylı kredit xətti müqaviləsinin surətindən və məzmunundan görünür ki, Musayev Ramil Nuru oğluna illik 19% olmaqla 200.000 (iki yüz min) manat kredit verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-cı il tarixli 2(001)- 199/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilərək, cavabdeh Musayev Ramil Nuru oğlundan 199075 manat əsas borc, 14239 manat faiz borcu, gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış cərimə faizləri üzrə 50 manat, 38245 manat əldən çıxmış fayda, 30 manat dövlət rüsumunun, 60 manat məbləğində digər xərclərin, ümumilikdə 251699 manat tutularaq, iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, Tutmanın cavabdeh X2 məxsus ipoteka predmeti - Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 41, 78 saylı mənzilnə, cavabdeh Musayev Nuru Musa oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 2, 3 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına borc məbləğinin ödənilməsi, cavabdehlər ilə birlikdə yaşayan, ailə üzvləri, həmçinin qeydiyyatda olan digər şəxslər həmin fərdi yaşayış evini və mənzilini 1 ay ərzində könüllü tərk etmədikləri halda, onların məcburi qaydada çıxarılmaları qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-12420/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh Musayev Ramil Nuru oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(001)-199/2018 saylı qətnaməsi qismən -38245 manat əldən çıxmış faydanın tutulması hissəsində ləğv olunmuş və həmin hissədə iddia tələbi təmin olunmamışdır. xx xxxxxx 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı İddiaçı oğlu tərəfindən məhkəmədə müvafiq iddia tələbini qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-cı il tarixli 2(001)-199/2018 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh Musayev Ramil Nuru oğlundan 199075 manat əsas borc, 14239 manat faiz borcu, gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış cərimə faizləri üzrə 50 manat, 38245 manat əldən çıxmış fayda, 30 manat dövlət rüsumunun, 60 manat məbləğində digər xərclərin, ümumilikdə 251699 manatın tutularaq, iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh X2 məxsus ipoteka predmeti - Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 41, 78 saylı mənzilnə, cavabdeh Musayev Nuru Musa oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 2, 3 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına borc məbləği ödənilməsi, cavabdehlər ilə birlikdə yaşayan, ailə üzvləri, həmçinin qeydiyyatda olan digər şəxslərin həmin fərdi yaşayış evini və mənzilini 1 ay ərzində könüllü tərk etmədikləri halda, onların məcburi qaydada çıxarılmaları qət edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(103)-12420/2019 nömrəli qətnaməsi ilə isə cavabdeh Musayev Ramil Nuru oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(001)-199/2018 saylı qətnaməsi qismən - 38245 manat əldən çıxmış faydanın tutulması hissəsində ləğv olunmuş və həmin hissədə iddia tələbi təmin olunmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunverciliyinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Odur ki, müvafiq qətnamələr məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx xxxxxx 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmlş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsızlığı barədə xx.xx.2021-ci il tarixdə iddia qaldırmaqla, Azərbaycan Respublikası MM-in 354.2-ci maddəsi ilə müəyyən olunmuş iddia müddətini pozmuşdur. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan hüquq normalarına əsaslanmaqla hesab edir ki, İddiaçı cavabdeh X4 ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsızlığı əsaslandıra bilmədiyindən, həmçinin, cavabdeh tərəfindən əqdin etibarsız sayılması barədə iddia tələbinə iddia müddətinin tətbiq olunması barədə ərizə verildiyindən iddia ərizəsi həm əsassız olduğuna, həm də iddia müddəti ötürülməklə verildiyinə görə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar