Məhkəmə qərarları › İş №2(004)-2198/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2198/2022

28.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2198/2022 28.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Cavabdeh qarşı mənzildə payın naturada ayrılması, bu mümkün olmadıqda isə mənzilin hərracdan satılaraq satış pulunun payçılar arasında onların paylarına mütənasib surətdə bölünməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 14, mənzil 26 saylı ünvanda yerləşən sahəsi 71,2 kv.m olan mənzilin naturada ayrılması, bu mümkün olmadıqda isə, mənzilin açıq hərracdan satılaraq dəyərinin paylar üzrə, yəni iddiaçıya 7/8, cavabdehə isə 1/8 olmaqla bölünməsi, cavabdehə kompensasiya ödənilməklə əmlakdakı payın və istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı iddia tələbində cavabdehlə paylı mülkiyyətdə olan əmlakdan payının naturada ayrılmasını, bu mümkün olmazsa, əmlakın hərracdan satılaraq satışdan əldə olunmuş pul vəsaitinin paylara uyğun olaraq onunla cavabdeh arasında bölünməsini tələb edir. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı öz payının naturada ayrılması şərtləri və üsulu, bu mümkün olmazsa payının dəyərinin ona ödənilməsi təklifi ilə cavabdehə bildiriş göndərilməsinə və həmin bildirişin cavabdeh tərəfindən alınmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MM-nin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi, iddiaçı qanunla nəzərdə tutulmuş, cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət etməmişdir. Beləliklə, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş № 2(004)-2198/2022 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Yasamal rayon məhkəməsi Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Cavabdeh qarşı mənzildə payın naturada ayrılması, bu mümkün olmadıqda isə mənzilin hərracdan satılaraq satış pulunun payçılar arasında onların paylarına mütənasib surətdə bölünməsi tələbinə dair iddia ərizəsini 28 mart 2022-ci il tarixdə saat 14.00-da Bakı şəhərində, məhkəmənin binasında nəzərdən keçirərək məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək, iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdim Prosessual hərəkət saat 14:20-də başa çatdı. Protokol 28 mart 2022-ci il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar