Məhkəmə qərarları › İş №2(004)-230/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-230/2023

04.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-230/2023 04.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndəsi X4, cavabdehlər Cavabdeh8, Cavabdeh5, Cavabdeh6 iştirakı ilə, İddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh11, Cavabdeh6, X2, Cavabdeh8, Cavabdeh10, Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Memarlıq və İnşaat Universiteti cavabdehlər Cavabdeh11 və digərlərinə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək universitetin tələbə şəhərciyinin yataqxanalarının həyətində qanunsuz tikilən obyektlərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1990-ci illərdə erməni təcavüzkarları tərəfindən Azərbaycanın bir sıra rayonlarının işğal edilməsi nəticəsində həmin rayonların əhalisi öz dədəbaba yurdundan məcburi köçkün düşmüşdürlər. O dövrdə respublikanın siyasi, sosial-iqtisadi vəziyyəti ağır olduğundan həmin məcburi köçkünlər Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə şəhərciyinin yataqxanalarında yerləşdilər. Sonrakı illərdə inkişaf etmiş, dövlətin sosial-iqtisadi gücü artdıqca məcburi köçkünlər üçün yaşayış binaları tikmiş, mənzillərlə təmin etmişdir. Lakin Universitetin yataqxanasında məskunlaşan məcburi köçkünlərin bir hissəsi mənzillə təmin olunsalar da yataqxananı tərk etməmişlər. Həmin ailələr, Bakı şəhər İcra Hakimiyyətinin 09/91 saylı (iş- № 08/i -310) Ayrıc aktı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən tələbə şəhərciyinin yataqxanalarında məskunlaşmışlar. Bütün bu dövr ərzində məcburi köçkünlər tələbə şəhərciyinin ərazisində yerləşən İV və V saylı yataqxanların qarşısında heç bir hüquqi sənəd olmadan, müvafiq strukturlarla razılaşdırılmadan, icazə almadan qanunsuz olaraq müxtəlif tipli iaşə və digər obyektləri tikərək icarəyə vermişlər (istifadə etmişlər) və hələ də qanunsuz tikililərdən istifadə edirlər. Cavabdehlərin hərəkətləri nəticəsində həmin ərazi yararsız hala salınmış, yataqxanaya ciddi ziyan vurulmuşdur. Tələbə şəhərciyinin ərazisində tikilmiş qanunsuz tikililər tələbələrin müasir tələblərə uyğun olaraq yaşamaları və təhsil almaları, təhlükəsizliyi, sağlamlığı baxımından ciddi təhlükə mənbəyidir və yaranan səs-küy, anti-sanitar vəziyyət artıq ciddi problemlər yaradır. Haqlı olaraq həmin tələbələr bununla bağlı öz narazılıqlarını bildirirlər. Universitetin dəfələrlə müraciət və xahiş etməsinə baxmayaraq, həmin şəxslər yataqxananı tərk etmirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, universitetin tələbə şəhərciyinin ərazisində məlum səbəblərdə qaçqın və məcburi köçkünlər yerləşdirilmişdilər. Daha sonra dövlət tərəfindən həmin ailələrin 80 faizi Qobu qəsəbəsində evlə təmin edildilər. 65 nəfər isə hal-hazırda da universitetin tələbə yataqxanasında məskunlaşmışdır. Hal-hazırda söküntüsü tələb olunan tikililər yataqxana yox, şəhərciyin ərazisində yerləşən qanunsuz tikililərdir. Bura çörək dükanı, market, bərbərxana kimi obyektlərdir. Cavabdehlərdən Cavabdeh5 isə ailəsi ilə həmin ərazidə tikilmiş qanunsuz tikilidə yaşayır. Bakı sakinidir, qaçqın deyildir. Onun ailəsi olmasını nəzərə alaraq univeristet rəhbərliyi tərəfindən 5 saylı korpusda müvəqqəti olaraq 1 otaqlı evlə təmin edilə bilər. Lakin şəhərciyin ərazisində yerləşən tikililər sökülməlidir. Çünki hamısı qanunsuz tikililərdir. Ərazi yalnız tələbələrin yerləşməsi üçün nəzərdə tutulmuşdur. Hal-hazırda burada abadlaşdırma işləri gedir. Lakin mövcud tikililərin olması abadlaşdırma və genişləndirmə layihəsinin icrasına maneçilik yaradır. Xüsusilə xarici tələbələr şəhərciyin ərazisindəki bu vəziyyəti, şəraitsizliyi görüb burada yerləşmək istəmirlər. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 15-20 ilə yaxındır ki, həmin evdə yaşayır. Evi Ebrus adlı şəxsdən təmirsiz olaraq 5000 manat verərək almışdır. Evə dair hər hansı sənəd verməmişdir. Həmin evdə anası və ailəsi ilə yaşayır. Kommunal xərcləri ödəyir. Yaşamağa başqa yeri yoxdur. Bərbər kimi işləyərək ailəsini saxlayır. Evdən çıxmağa o halda razıdır ki, evə çəkdiyi xərcin əvəzinə kompensasiya versinlər. Yaxud da təklif etdikləri 1 otaqlı deyil, 2 otaqlı evi versinlər. Kompensasiya verdikləri halda evdən çıxmağa razıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh8 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, məcburi köçkün kimi tələbə şəhərciyinin yataqxanasında məskunlaşmışlar. Söküntüsü tələb edilən yer isə mağaza kimi işlətmişdir. Son bir ildir ki, qaçqınlar mənzillərlə təmin olunaraq ordan çıxarıldıqlarından ərzaq mağazası fəaliyyətini dayandırmışdır. 1996-cı ildə Yasamal İcra Hakimiyyəti başçısının sərəncamı ilə həmin obyektin işlədilməsinə nənəsinə icazə verilmişdir. Əgər həmin obyekti sökülməsi nəzərdə tutulubsa, kompensasiya verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onun məskunlaşdığı evi 5000 manat verədək adını xatırlamadığı şəxsdən almışdır. 2 otaqlı tikilidir, bir otağını gözəllik salonu kimi işlətmişdir. 3 ilə yaxın müddətdir ki, dövlət tərəfindən müvəqqəti yaşamq üçün Qobu qəsəbəsində 3 otaqlı evlə təmin olunaraq oraya köçmüşdür. Amma salonu olduğuna görə gedib-gəlirdi. Bir müddət əvvəl rayona getmiş, qayıtdıqda isə başqa şəxsləri tikilini zəbt etdiklərini görmüşdür.Oraya xərc çəkmişdir. Sökmək istəyirlərsə, çəkmiş olduğu xərcin verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehlər Cavabdeh11, və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdehlər Cavabdeh11, X2, Cavabdeh10, Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən xx.xx.2009-cu il tarixli, 09/91 saylı ayrıc aktından görünür ki, Yasamal rayonu İ.Zülalov küçəsi, 3137-ci məhəllədə cizgidə göstərilən sərhədlər daxilində 3.0888 hektar mövcud tələbə şəhərciyinin sərhədlərinin dəqiqləşdirilməsi verilib. İş materiallarında olan Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996cı il tarixli, 1803 nömrəli sərəncamından müəyyən olunur ki, Yasamal rayon İnşaat Mühəndisləri Universitetinin tələbə şəhərciyində məskunlaşan məcburi köçkünlərə şəhərciyin daxilindəki istifadəsiz köşkdə müvəqqəti olaraq çörək və ərzaq ticarəti təşkil edilməsinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin 8/5 nömrəli, 21 may 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh6 məcburi köçkün düşdükdən sonra 2009cu il tarixdən ailə üzvləri X3, X5, X6 ilə birlikdə AzMİU-nun yardımçı tikilidə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8195 saylı ekspert rəyinə əsasən verilmiş ilkin sualar cavab olaraq bildirilmişdir ki, iş materiallarında olan şəkillərdə öz əksini tapan tikililər Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə şəhərciyinin ərazisində yerləşdiyi müəyyən edilmişdir. Verilən ikinci suala cavab olaraq bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən tələbə şəhərciyinin ərazisində iddiaçı tərəfindən mübahisələndirilən tikililərin özbaşına tikili olub-olmamasının müəyyən edilməsi hüquqi xarakter daşıdığından bu sual üzrə tədqiqat aparılmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, iş materialları ilə sübut olunur ki, cavabdehlər Azərbaycan Memarlıq və İnşaat Universitetinin qanuni sahibliyində olan ünvan 1 ünvanda yerləşən tələbə şəhərciyinin ərazisində cavabdehlər tərəfindən müxtəlif təyinatlı tikililər inşa edilmiş və həmin tikilələrə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Nəticədə qanuni sahib iddiaçı Universitetin sahiblik hüququ cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Həmin tikililərin iddiaçının balasında olan torpaq sahəsində yerləşməsi iş materialları ilə sübuta yetmişdir. Mübahisəli tikililərə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən həmin tikililərin özbaşına tikililər olması işin mübahisəsiz halıdır. Həmin tikililər iddiaçının qanuni sahiblik və istifadəsinə maneçilik yaratdığından iddiaçı haqlı olaraq qanunsuz tikililərin sökülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarında olan Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 1803 nömrəli sərəncamı ilə bağlı qeyd edir ki, sərəncamın məzmunundan göründüyü kimi Universitetinin tələbə şəhərciyində məskunlaşan məcburi köçkünlərə şəhərciyin daxilindəki istifadəsiz köşkdə müvəqqəti olaraq çörək və ərzaq ticarəti təşkil edilməsinə icazə verilmişdir. Məhkəmə müvəqqəti dedikdə, 27 illik müddəti ağlabatan müddət kimi qəbul edilməsini məqbul saymır. Eyni zamanda, məhkəmə araşdırması ilə də müəyyən olunmuşdur ki, sözügedən ərazidəki yataqxanada məskunlaşmış məcburi köçkünlərin əksəriyyəti Qobu qəsəbəsində inşa edilmiş yaşayış məntəqəsindəki mənzillərlə təmin edilmişdir. Bundan əlavə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.1.-ci maddəsinə əsasən, normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. Həmin Qanunun 4.17-ci maddəsinə əsasən, yerli icra hakimiyyəti orqanlarının qərarları normativ xarakterli aktdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllə normativ hüquqi aktdır və normativ xarakterli aktlardan, yəni, yerli icra hakimiyyəti orqanlarının qərarlarından üstün hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasaən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində olan ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə şəhərciyinin ərazisində yerləşən cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tikililər sökülsün. Keçirilmiş ekspertiza xərci olaraq 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh11, Cavabdeh6, X2, Cavabdeh8, Cavabdeh10, Cavabdeh1, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar