Məhkəmə qərarları › İş №2(004)-232/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-232/2022

14.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-232/2022 14.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil2, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsızlığı, payın müəyyən edilməsi və pul” tələbinə dair ilkin, qarşıqlıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “faktın müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələrinə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik haqqında şəhadətnamənin ləğvi, pay bölgüsü və pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən verilmiş 08 oktyabr 2020-ci il tarixli, 2V-171 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X6 miras qalmış “Toyota Land-Cruiser Prado” minik markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1/3 hissəsinə Cavabdeh1, 1/3 hissəsinə İddiaçı1 və 1/3 hissəsinə İddiaçı2 payının müəyyən edilməsi, “Toyota Land-Cruiser Prado” minik markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərini təşkil edən 45000 manat məbləğində pulun 2/3 hissəsinin, yəni 30000 manat məbləğində pulun müştərək qaydada Cavabdeh1 və Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tutularaq İddiaçı1 və İddiaçı2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə İddiaçı1 və İddiaçı2 qarşı “faktın müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili Vəkil1 xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək birgə nikah dövründə alınmış və mərhum X6 miras qalmış “X11 Prado” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş pul vəsaitinin 1/2 hissəsinin Cavabdeh1 məxsus olmasının və həmin nəqliyyat vasitəsinin satışından əldə edilmiş vəsaitin bütünlüklə mərhumun son xəstəliyi ilə əlaqədar müalicə olunması, habelə dəfn və yas mərasimlərinin keçirilməsi üçün alınmış borcların qaytarılmasına sərf edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, iddiaçıların atası X9 24 sentyabr 2020-ci ildə ölmüşdür. Ataları öldükdən sonra iddiaçılar 16 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 müraciət edərək atalarının birinci növbədən olan vərəsələri kimi ondan miras qalmış əmlakdan pay istəmişlər. Lakin məlum olmuşdur ki, Cavabdeh2 08 oktyabr 2020-ci il tarixdə digər cavabdehdən Cavabdeh1 mirasın qəbulu ilə bağlı ərizə qəbul etmiş və elə həmin tarixdə də mübahisə predmeti olan “Toyota Land- Cruiser Prado” minik markalı, 90-ZJ9-80 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün tam hissədə pay alması ilə bağlı 2V-171 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinin tələbləri və iddiaçıların hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, cavabeh Cavabdeh1 09 oktyabr 2020-ci il tarixində digər şəxslərlə əlbir olaraq qeyd edilən nəqliyyat vasitəsini formal olaraq dəyərindən çox ucuz qiymətə, yəni 28000 manata satmışıdır. Təsadüfü deyil ki, 12 gün sonra qeyd edilən nəqliyyat vasitəsi real qiymətinə yaxın olan məbləğə, yəni 45000 manata başqa şəxsə satılmışdır. Cavabeh Cavabdeh1 isə qeyd edilən nəqliyyat vasitəsindən iddiaçılara düşən hissənin pulunu verməkdən imtina edir. Beləliklə cavabdehlər öz qeyri-qanuni hərəkətləri ilə iddiaçıların hüquqlarını kobud şəkildə pozurlar. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 izahat verərək bildirir ki, mübahisə predmeti olan avtomaşın birgə nikah dövründə əldə edildiyi andan paylar məlum olmayan ümumi birgə mülkiyyətdə olmuşdur, yəni avtomaşının 50 % mülkiyyətçisi Cavabdeh1 olmuşdur. Başqa sözlə, mərhum X7 miras payı həmin avtomaşının dəyərinin ½ hissəsi qismində ola bilər. Cavabdeh1 mərhumun borcları barədə notariusu xəbərdar etmiş, sonuncu da yuxarıda qeyd edilən xüsusatları qiymətləndirərək barəsində mübahisə edilən avtomaşına dair xx.xx.2020-ci il tarixli, 2V-171 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi vermişdir. Yaranmış vəziyyətdə qanunun tələblərini pozmadan notarius ən doğru olanı etmişdir. İddia tələbində göstərilən pul tələbinin məbləği də iddiaçıları növbəti absurd fərziyyələrindən başqa bir şey deyildir. Bununla əlaqədar məhkəmənin diqqətini həm də ona yönəltmək istəyir ki, əzik vəziyyətdə olan miras əmlakının satılmasına dair Cavabdeh1 ilə Şahid arasında bağlanmış alğı-satqı müqaviləsi ləğv edilməyincə və ya etibarsız hesab olunmayınca, həqiqilik prezumpsiyasını özündə saxlayır. Belə olan halda, tərəflər arasında olan əqdin qiymətini kənar meyarlarla, əsasən iddiaçıların fərziyyəsi ilə qiymətləndirmə müqavilə azadlığına dair mülki qanunvericiliyin tələblərinə tamamilə ziddir. Cavabdeh1 öz mülahizələrinə uyğun olaraq əmlakı üzərində istədiyi şərtlərlə sərəncam vermək hüququ mübahisələndirilə və ya məhdudlaşdırıla bilməz. Onun tərəfindən 16000 ABŞ dollarına ekvivalent olaraq təqribi 28000 manat məbləğinə satılan “Toyota Prado” markalı avtomaşında Cavabdeh1 payı 14000 manat edir. Qalan 14000 manat isə mərhum X6 qalan mirasın aktivinə aid olan hissə hesab edlməlidir. Həmin alğı-satqı əməliyyatından əldə olunan məbləğin miras aktivinə olan hissəsindən mərhumun 12500 manat miras passivinə aid borcları çıxıldıqda, bölünməli olan miras aktivinin tam məbləği cəmi 1500 manat həcmində müəyyən edilir. Həmin 1500 manat miras aktivini miras payçılarının sayına bərabər bölünsə, iddiaçıların hər birinə 500 manat olmaqla, cəmi 1000 manat öhdəliyi qalmışdır. Həmin məbləğ Cavabdeh1 tərəfindən iddianın qəbul olunan hissəsi hesab edilə bilər. İlkin iddia üzrə cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. İlkin iddia üzrə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AC № 509980 nömrəli nəqliyyat vasitəsinin qeydiyyatı şəhadətnaməsinin surətinə əsasən “X11 Prado” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alğı-satqı müqaviləsinə əsasında xx.xx.2015-ci ildə X7 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 104859 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixdə notarial qaydada yazılmış ərizənin surətinə əsasən o, xx.xx.2020-ci il tarixdə vəfat etmiş əri X7 yeganə vərəsəsi olduğunu bildirərək ondan miras qalmış “X11 Prado” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak “X11 Prado” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan İddiaçı1 tərəfindən xx.xx.2020-ci il tarixdə notarial qaydada yazılmış ərizənin surətinə əsasən o, Bakı şəhəri 17 saylı Notariat ofisinə müraciət edərək xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X6 miras qalmış daşınar və daşınmaz əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ondan başqa Cavabdeh1 və İddiaçı2 da vərəsələr olduğunu bildirmişdir. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-3404/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə Cavabdeh1 qarşı “avtomobilə dair miras payların müəyyən edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və Bakı şəhəri 17 saylı Notariat ofisinə qarşı “avtomobilin mərhumun xəstəxana xərclərinin çəkilməsi üçün alınmış borcun qaytarılması üçün satılması və cavabdehlərin həmin əmlaka vərəsəlik hüququnun olmamasının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, yeganə varis kimi tam hissədə payın alınması, avtomobilin birgə nikah dövründə alınmış ümumi mülkiyyət olmasının müəyyən edilməsi və qarşılıqlı iddia üzrə iddiaçıların irs almaq hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnaməyə əsasən X9 ilə Qənbərova (Qaraşova) Afət Yunis qızı xx.xx.2014cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin qətnaməyə əsasən “X11 Prado” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X9 tərəfindən xx.xx.2015-ci il tarixdə alınmışdır. 09 oktyabr 2020-ci il tarixli ərizəyə əsasən görünür ki, Cavabdeh1 buraxılış ili 2010-cu il, **-ZJ-*** dövlət qeydiyyat nişanlı, JTEBX9FJ3AK015389 BAN nömrəli avtomobili mülkiyyətçisi dəyişməklə, Şahid təhvil vermişdir. 09 oktyabr 2020-ci il traixli alğı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən 28000 manata satılmışdır. Həmin qətnamədə qeyd olunmuşdur ki, avtomobil alğı-satqı müqaviləsi əsasında digər şəxsə satılmışdır. Hal-hazırda X2 mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, əgər əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin qətnamədə qeyd dilmişdir ki, ilkin iddia təmin edilmədiyindən qarşılıqlı iddia da təmin edilmir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5310 nömrəli ekspert rəyinə əsasən 2010-cu il buraxılışlı, “X11 Prado” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təyinatı üzrə istifadəyə tam yararlı vəziyyətdə 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 40000 manat müəyyən olunur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində bildirmişdir ki, avomobili Afət xanımdan dostu Etibarın vasitəsilə almışdır. Onların avtomobil salonu var. Etibar ona belə bir avtomobilin olduğunu və satıldığını bildirmişdir. Gəlib baxdıqda görmüşdür ki, 2010-cu ilin “Prado” markalı avtomobilidir. Avtomobil arxa tərəfdən əzilmişdir. Etibar Afət xanımın bacısı oğlu ilə dost idi. Bacısı oğlu da yanında idi. Afət xanım qiymət demiş və razılaşaraq almışlar. Amma avtomobilin işləri var idi. Çünki arxadan əzilmişdir. Afət xanım özü də bildirmişdir ki, yasa gedəndə Yevlax tərəfdə avtomobili vurmuşlar. Oradan qayıtdıqdan sonra da həyat yoldaşı xəstəxanaya düşmüş və sonra da dünyasını dəyişmişdir. Avtomobili aldıqdan sonra Etibarın qazancı da bu cür işlərdən çıxdığı üçün Etibara da hörmət etmişdir. Avtomobili aldıqdan sonra arxadan əzildiyi üçün arxa buferi almışdır. Onu da bildirir ki, qəza olan vaxtı günah Afət xanımın həyat yoldaşında olmuşdur və ona protokol da tərtib edilmişdir. Sonra avtomobili avtoklinikaya Azər adlı ustanın yanına aparmışdır. Həmin usta detalın 1 ədədini 200 manata rəngləyir. Buferi isə 150 manata rəngləyir. Arxa qanadı (krılo) rənglətmişdir, arxa baqajı dəmirçi işləmiş və rənglətdirmişdir, arxa buferi dəyişmiş, qabaq buferdə çatlar olduğu üçün təmir etdirmişdir. Avtoşüşəsində (patpress) çat var idi, original avtoşüşə (patpress) ilə əvəz etmişdir. 4 ədəd təkər almışdır. Avtomobilin çexolunu Xətaidə Famil adlı ustaya 1250 manata çəkdirmişdir. Arxa stopları dəyişmişdir, kimyəvi təmizləmə, cilalama işləri gördürmüşdür. Güləli müəllimin “Sonata” markalı avtomobili var idi. Bu avtomobilə baxıb xoşuna gəlmişdir, dəyişməyi təklif etmişdir və razılaşmışlar. 41500 manata avtomobili satmış, dəyişmişdir. Yenidən “Sonata” markalı avtomobilə də xərc qoymuşdur. Sonra onu da satmışdır. Suala cavab olaraq bildirir ki, avtomobilin təmirinə 1300 manat malyara, 250 manat buferə, 270 manat arxa stoplara, 1070 manat 4 ədəd təkərə, 250 manat dəmirçiyə, 450 manat kimyəvi təmizləməyə və cilalamaya, 1250 manat çexola, 25 manat sükanın rənglənməsinə xərcləmişdir. Avtomobili 41500 manata satmışdır. Hadisə Yevlaxda baş vermiş və protokol Yevlaxda tərtib edilmişdir. Afət xanımın bildirdiyinə əsasən həyat yoldaşının bacısının yasına gedərkən hadisə baş vermişdir. Digər detalların dəyişməsinin avtomobilin arxadan əzilməsinə aidiyyatı yox idi, öz istəyi ilə dəyişmişdir. Qəza hadisəsi ilə bağlı ona hansısa sənəd verilməmişdir, bu cür sənədi qəza vaxtı avtomobili sürən şəxsə verirlər. Avtomobilin arxasına çəkdiyi xərclər bunlardır: 1300 manat malyar, buferə 250 manat, 270 manata arxa stoplar almış, kimyəvi təmizləmə, cilalama işləri gördürmüşdür. Təmirə 1 həftə vaxt getmişdir. İşin müəyyən olunmuş halları odur ki, X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İlkin iddia üzrə iddiaçılar onun övladları, Cavabdeh1 isə arvadıdır. Mübahisə predmeti olan nəqliyyat vasitəsi isə mərhumun miras əmlakıdır. Onun qanun üzrə vərəsələri arvadı Cavabdeh1, oğlu İddiaçı2 və qızı İddiaçı1 olduğu halda, xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə miras əmlak olan **-ZJ-*** dövlət qeydiyyat nişanlı, “X11 Prado” minik markalı nəqliyyat vasitəsinə arvadı Cavabdeh1 tam payı müəyyən edilmişdir. Avtomobil xx.xx.2020-ci il tarixdə Cavabdeh1 tərəfindən Şahid 28000 manata satılmışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə digər vərəsə İddiaçı1 ərizə ilə notariat ofisinə müraciət edərək miras əmlak olan **-ZJ-*** dövlət qeydiyyat nişanlı, “X11 Prado” minik markalı nəqliyyat vasitəsi və digər əmlaklar barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı2 və İddiaçı1 mərhumun vərəsələri elan olunaraq onlara digər miras əmlak olan daşınmaz əmlak barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda ilkin iddia üzrə iddiaçılar xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlak olan nəqliyyat vasitəsinə hər üç vərəsənin 1/3 hissədə payının müəyyən edilməsi və nəqliyyat vasitəsinin dəyərinin 2/3 hissəsi olan 30000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada onların xeyrinə tutulmasını xahiş edirlər. Qarşılıqlı iddia üzrə cavabdeh isə ilkin iddianın əsassız olduğunu bildirərək mübahisə predmeti olan nəqliyyat vasitəsinin birgə nikah dövründə alınmış əmlak kimi qiymətləndirilərək satışından əldə edilmiş vəsaitin ½ hissəsinin ona məxsus olması və vəsaitin mərhumun müalicəsi, dəfn və yas mərasimi xərclərinə sərf edilməsinin müəyyən edilməsini xahiş edir. Məhkəmə ilkin və qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz halıdır ki, ilkin iddia üzrə iddiaçılar mərhumun qanun üzrə vərəsələridir. Miras qalmış daşınmaz əmlaklara onların payı müəyyən olunmuşdur. Mübahisə predmeti olan avtomobil isə ilkin iddia üzrə cavabdeh tərəfindən Şahid satılmış, Şahid isə avtomobili X1. Yekin məhkəmə qətnaməsinə əsasən X5 vicdanlı alıcı hesab olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, avtomobilə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilərək avtomobilə payın müəyyən olunması hissəsində iddia tələbi təmin edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, ilkin iddia üzrə Cavabdeh1 miras əmlaka daxil olan avtomobili tez tələsik satmaqla ilkin iddia üzrə iddiaçılara onlara çatası paydan məhrum etməklə maddi zərər vurmuşdur. Göründüyü kimi Cavabdeh1 mübahisə predmeti olan “X11 Prado” minik markalı nəqliyyat vasitəsini 28000 manata satmışdır. Məhkəmə qeyd edir ki, ekspert rəyinə əsasən isə mübahisə predmeti olan nəqliyyat vasitəsinin yararlı vəziyyətdə dəyərinin 40000 manat olduğu müəyyən edilmişdir. Lakin iş materiallarından və şahid ifadəsindən müəyyən olunur ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi satılarkən yararlı vəziyyətdə olmamışdır. Habelə avtomobili Cavabdeh1 müqavilə əsasında alan Şahid məhkəmə icıasında şahid kimi ifadə verərək avtomobili 28000 manata aldığını bir daha təsdiq etmişdir. Bundan əlavə işin mübahisəsiz halıdır ki, mübahisə predmeti olan avtomobil birgə nikah dövründə əldə edilmişdir. Yəni miras əmlakın ½ hissəsi bölgü predmeti ola bilərdi. Bu halda məhkəmə hesab edir ki, birgə nikah dövründə əldə edilmiş əmlak kimi nəqliyyat vasitəsinin satışından əldə olunan vəsaitin ½ hissəsi Cavabdeh1 aid edilməlidir. Bundan sonra satışından əldə olunmuş vəsaitin qalan ½ hissəsi olan 14000 manat məbləğində pulu isə hər üç vərəsənin miras əmlakdan almalı olduqları pay hissəsinə mütənasib olaraq böldükdə hər vərəsəyə 4666,67 manat məbləğində pul düşür (14000:3=4666,67). Məhkəmə əmlakın satışından əldə olunan vəsaitin Cavabdeh1 götürdüyünü nəzərə alaraq qeyd edir ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin xeyrinə 4666,67 manat məbləğində pul Cavabdeh1 tutulmalıdır. Məhkəmə ilkin iddia üzrə iddiaçıların Rusiya Federasiyasında doğulduqlarını, Cavabdeh1 isə mirasdan pay almaq üçün müraciətində mərhumun ondan başqa vərəsəsinin olmadığını qeyd etməsini və mülki qanunvericilikdə notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat olduğu halda vərəsəlik şəhadətnaməsinin altı aydan da tez verildiyini nəzərə alaraq hesab edir ki, pulun cavabdehlə yanaşı müştərək qaydada notariusdan tutulması hissəsində iddia əsassızdır. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia nəqliyyat vasitəsinin satışından əldə edilmiş vəsaitin mərhumun son xəstəliyi ilə əlaqədar müalicə olunması, habelə dəfn və yas mərasimlərinin keçirilməsi üçün alınmış borcların qaytarılmasına sərf edilməsinin müəyyən edilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1249-cu maddəsinə əsasən digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh1 “X11 Prado” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olunan 28000 (iyirmi səkkiz min) manat məbləğin ½ hissəsinin 1/3 hissəsi olan 4666,67 (dörd min altı yüz altmış altı manat altmış yeddi qəpik) manat İddiaçı1 və 1/3 hissəsi olan 4666,67 (dörd min altı yüz altmış altı manat altmış yeddi qəpik) manat İddiaçı2 xeyrinə tutulmalı, qarşılıqlı iddia qismən təmin edilməli, “X11 Prado” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş pul vəsaitinin ½ hissəsinə (14000 manat) Cavabdeh1 payının olması müəyyən edilməli, iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ekspertizanın keçirilməsi ilkin iddia üzrə iddiaçıların vəsatətinə əsasən keçirildiyindən ekspertiza xərci özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh1 “X11 Prado” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olunan 28000 (iyirmi səkkiz min) manat məbləğin ½ hissəsinin 1/3 hissəsi olan 4666,67 (dörd min altı yüz altmış altı manat altmış yeddi qəpik) manat İddiaçı1 və 1/3 hissəsi olan 4666,67 (dörd min altı yüz altmış altı manat altmış yeddi qəpik) manat İddiaçı2 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qarşıqlıqlı iddia qismən təmin edilsin. “X11 Prado” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş pul vəsaitinin ½ hissəsinə (14000 manat) Cavabdeh1 payının olması müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 60 (altmış) manat İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar