Məhkəmə qərarları › İş №2(004)-2323/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2323/2025

15.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2323/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "sayğacın quraşdırılması, borc tələbinin qanunsuz hesab edilməsi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "sayğacın quraşdırılması, borc tələbinin qanunsuz hesab edilməsi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin üzərinə mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində onun adına işıq sayğaçının quraşdırılması öhdəliyinin qoyulması; cavabdeh "xxxx" ASC tərəfindən ondan əvvəl həmin yaşayış sahəsinin mülkiyyətçisi X2 adına **********20140 nömrəli abonent kodunda olan 2415,19 manat borcun onun tərəfindən ödənilməsi tələbinin qanunsuz hesab edilməsi; ona vurulmuş mənəvi ziyana görə cavabdeh "xxxx" ASC-dən 5000 (beş min) manat tutularaq ona ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" ASC-yə mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində işıq sayğaçının quraşdırılması üçün müraciət etmişdi. Cavabdeh "xxxx" ASC-dən ona bildirilmişdir ki, ondan əvvəl həmin yaşayış sahəsinin mülkiyyətçisi X2 adına **********20140 nömrəli abonent kodunda 2415,19 manat borc olduğu müəyyən edilmiş və mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində onun adıma işıq sayğaçının quraşdırılmasından imtina edilmişdir. Bildirir ki, "xxxx" ASC tərəfindən sayğacın quraşdırılması ilə əlaqədar bir istehlakçı kimi ondan əvvəl həmin yaşayış sahəsinin mülkiyyətçisi X2 adına **********20140 nömrəli abonent kodunda olan 2415,19 manat borcun onun tərəfindən ödənilməsinin tələb edilməsi qanunvericiliyin tələbinə uyğun deyil. "xxxx" ASC tərəfindən əsassız olaraq mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində işıq sayğaçının quraşdırılmasından imtina edilməsi və ondan əvvəl həmin yaşayış sahəsinin mülkiyyətçisi X2 adına **********20140 nömrəli abonent kodunda olan 2415,19 manat borcun onun tərəfimdən ödənilməsinin tələb edilməsi iddiaçının bir istehlakçı kimi qanunvericiliklə müəyyən edilmiş hüquqlarını kobud şəkildə pozur. Əgər ondan əvvəl həmin yaşayış sahəsinin mülkiyyətçisi X2 adına **********20140 nömrəli abonent kodunda 2415,19 manat borc varsa, hansı hüquqi əsas və məntiqlə istehlakçı məsuliyyət daşımalıdır? Yenə də "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçının istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına və öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə hüququ vardır. Eyni zamanda bildirirəm ki, göstərilən qanunun 7-ci maddəsinə əsasən istehlakçının qüsurlu malı lazımi keyfiyyətli mala dəyişdirməyi tələb etmək hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinə əsasən istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Yenə də həmin qanunun 26-cı maddəsinə əsasən istehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmiş, izahatında bildirmişdir ki, ev divar qonşusunundur, dünyasını dəyişmişdir. Sayğac onun deyil, Əlisgəndərin adınadır. Onun adına kod açılması və ona yazılmış borcla bağlı dəfələrlə cavabdehə müraciət etmişdir. Verilən suala cavab olaraq bildirdi ki, mənəvi ziyanı "xxxx" ASC-yə gedib-gəlməsi və əziyyət çəkməsi ilə əlaqədar tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, sayğac oğurlanmışdı və onların əməkdaşları gələndə sayğac yerində yox idi. Sonradan yeni sayğac quraşdırıldı. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə vaxtında müraciət edilməyib. Sayğacın şəxsin adına keçirilməsi alqı-satqı müqaviləsi əsasında aparılır. Abunə kodu başqasının adınadır, iddiaçı bağ evini alsa da, müqavilənin bağlanması barədə bizə müraciət edilməmişdir. Verilən suala cavab olaraq bildirmişdir ki, borc hissə-hissə ödənilib və 2592 manat qalıb. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: X1 ilə İddiaçı arasında bağlanmış ******* nömrəli, xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 41,3 kv/m olan fərdi yaşayış evini 52.000 (əlli iki min) manata alıcı İddiaçı satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********89-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, sahəsi 41,30 kv.m olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş Abunə haqqında məlumatdan görünür ki, ünvan 2 ünvanına verilmiş **********20140 nömrəli abonent kodu X3 adınadır. Sayğac quraşdırma tarixinə borc 2415,19 manatdır. 335493 saylı, 18 mart 2024-cü il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş Aktdan görünür ki, Bakı şəhəri Pirşağı qəsəbəsi ünvanında **********20140 nömrəli abonent kodu ilə istehlakçı X3 adına olan sayğaca “elektrik enerjisindən istifadə qaydaları”na (EEİQ) riayət olunması yoxlanıldı və müəyyən edildi ki, sayğac yerində yoxdur. Həyət evinə yeni sayğac quraşdırılmasıması tələb olunur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş Abunə haqqında məlumatdan görünür ki, ünvan 2 ünvanına verilmiş **********20140 nömrəli abonent kodu üzrə borc 2491 manatdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş Abonentin hərəkət cədvəlindən görünür ki, X2 **********20140 nömrəli abonent kodu üzrə 2025-ci il üzrə borcu 2592,65 manat təşkil edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 2 fevral 2005-ci il tarixli qərarının 7.9-cu bəndinə əsasən, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.18-ci maddəsinə əsasən, istehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlə-dən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Həmin Qaydaların 8.21-ci maddəsinə əsasən elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Həmin Qaydaların 8.22-ci bəndinə əsasən, məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir Həmin Qaydaların 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 9.1-ci bəndinə görə İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X4 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə elektrik enerjisindən istifadə Qaydalarının və qanunvericiliyin müddəalarını, habelə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X1 ilə İddiaçı arasında bağlanmış ******* nömrəli, xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 41,3 kv/m olan fərdi yaşayış evini alıcı İddiaçı satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən İddiaçı adına Çıxarış verilmişdir. "xxxx" ASC tərəfindən iddiaçının mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində işıq sayğaçının quraşdırılmasından imtina edilmişdir və ondan əvvəl həmin yaşayış sahəsinin mülkiyyətçisi X2 adına **********20140 nömrəli abonent kodunda borcun onun tərəfimdən ödənilməsinin tələb edilmişdir. Hazırda iddiaçı fərdi yaşayış evinə iddiaçının adına işıq sayğacının quraşdırılması vəzifəsi cavabdehin üzərinə qoyulması və borcun ondan tələb edilməsinin qanunsuz hesab edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 2415,19 manat məbləğində yaranmış borc iddiaçıdan əvvəlki mülkiyyətçiyə aid olduğundan, yaşayış sahəsinin əvvəlki mülkiyətçisindən qalan borc məbləği yeni mülkiyyətçidən, yəni iddiaçıdan tələb edilə bilməz. Yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Lakin işin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus mənzilə sayğac quraşdırılmamış və əvvəlki mülkiyyətçiyə məxsus olan borc ondan tələb olunmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı fərdi yaşayış evinə iddiaçının adına işıq sayğacının quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və borcun ondan tələb edilməsinin qanunsuz hesab edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 8-ci bəndində qeyd edilir ki, “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur...” Məhkəmə hesab edir ki, aparılmış məhkəmə araşdırması zamanı cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan dəyməsi halı aşkar edilməmişdir. Həmçinin iddiaçı məhkəməyə ona dəymiş zərəri təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə mənəvi zərərin ödənilməsi hissəsində iddianı əsaslı hesab etmir. Mülki prosessual qanunvericiliyə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının adına işıq sayğacının quraşdırılması vəzifəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 4 ünvanına (Abonent kodu: **********20140) xx.xx.2007-xx.xx.2022-ci il tarixləri üzrə hesablanmış 2415,19 (iyirmi dörd min on beş manat on doqquz qəpik) manat məbləğində borcun İddiaçı tələb edilməsi qanunsuz hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının adına işıq sayğacının quraşdırılması vəzifəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 4 ünvanına (Abonent kodu: **********20140) xx.xx.2007-xx.xx.2022-ci il tarixləri üzrə hesablanmış 2415,19 (iyirmi dörd min on beş manat on doqquz qəpik) manat məbləğində borcun İddiaçı tələb edilməsi qanunsuz hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar