Məhkəmə qərarları › İş №2(004)-2344/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2344/2020

02.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2344/2020 02.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı-nın nümayəndəsi və eyni zamanda vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı-nın Cavabdeh qarşı protokolun ləğv edilməsi və arayışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı-nın Cavabdeh qarşı protokolun ləğv edilməsi və arayışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən inşa edilmiş binanın tikintisinin davam etdirilməsini təmin etmək üçün maliyyə vəsaitlərinin cəlb edilməsi ilə üçün həmin binada yerləşən 51 saylı mənzilə (reyestrdən çıxarışda 1051 saylı) İddiaçı-nın təsisçisi ilə qohumluq münasibətlərində olan cavabdehin adına mülkiyyət hüququ rəsmiləşdirilmiş və dövlət qeydiyyatına alınmışdır. Bu əqdin bağlanmasında məqsəd evin cavabdehə satılması deyil həmin əmlakın ipoteka ilə yüklü edilərək kredit cəlb edilməsi olmuşdur. Həmin ev rəsmi olaraq cavabdehin mülkiyyətində olsa da, onun istifadəsində sahibliyində və sərəncamında olmamışdır. Evin Cavabdeh adına rəsmiləşdirilməsi üçün bütün prosedurlar iddiaçı tərəfindən icra edilmiş Cavabdeh həmin mənzil üçün İddiaçı-ya hər hansı ödəniş etməmişdir. Daşınmaz əmlakın dəyərinin ödənilməsindən sonrakı dövrdə də Cavabdeh həmin mənzilə daxil olmamış onun təmirini həyata keçirməmiş, mənzilin açarları belə onda deyil İddiaçı-nın əməkdaşlarında saxlanılmışdır. Mülki Məcəllədə də göstərildiyi kimi (152.1 maddə) Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam elementlərini özündə ehtiva edən bir hüquqdur. Cavabdeh bu hüquqa malik olsa da, onun heç bir elementini həyata keçirməmiş həyata keçirməyə cəhd belə etməmişdir. Bu da öz növbəsində yuxarıda qeyd edilən halları bir daha təsdiq edir ki, 7 ildən artıq bir müddət ərzində cavabdehin mülkiyyət hüququndan istifadə etməməsi özülyündə həmin hüququn yaranmasına əsas olan əqdin uydurma əqd olduğunu göstərir. Bu illər ərzində Cavabdeh həmin mənzilə daxil olmağa cəhd belə etməmiş, əgər cəhd edərdisə və ya hər hansı bir maneə ilə rastlaşaraq hüququnun pozulmasını aşkar edərdisə o halda dövlət tərəfindən qorunan mülkiyyət hüququnun müdafiəsinə qalxar və bunun üçün aidiyyatı dövlət orqanlarına müraciət edərdi. Bu halların heç biri mövcud olmamışdır. Göstərilənlərə əsasən İddiaçı üzvlərinin ümumi iclasının 01 N-li Protokolunun və həmin prtokol üzrə qəbul edilmiş qərarın Cavabdeh aid hissədə ləğv edilməsi, Cavabdeh təqdim edilmiş İddiaçı üzvlərinin ümumi iclasının 01 N-li Protokolunun xx.xx.2013 tarixli çıxarışının və eyni tarixdə verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 1 ünvanlı daşınmaz əmlaka Cavabdeh adına Daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ barədə qeydin ləğv edilməsi və həmin qeydə əsasən verilmiş Reyestrdən çıxarışlın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı üzvlərinin ümumi iclasının 01 N-li, xx xxxxxx 2013-cü il tarixli Protokolun Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən kooperativ binasının 1051 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi hissəsində ləğv edilməsi və Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən binanın İddiaçı-ya məxsus olması, bu binada 11-ci mərtbədə yerləşən 1051 saylı mənzilin dəyərinin Cavabdeh tərəfindən tam ödənilməsi və İddiaçı-ya borcunun olmaması barədə verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı-nın nümayəndəsi və eyni zamanda vəkili X2 iddia tələblərini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini etiraf edərək bildirdi ki, müqavilə formal olaraq onun adına bağlanmış və onun adına mənzilin ödənilməsinə dair arayış da, verilmişdir. O, həmin mənzilə dair heç bir qəpik belə pul ödəməmişdir. Bundan başqa həmin mənzildə olmamış, orada heç bir zaman yaşamamışdır. Odur ki, qeyd edilən tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: İddiaçı üzvlərinin ümumi iclasının 01 nömrəli, xx.xx.2013-cü il tarixli Protokolundan çıxarışdan görünür ki, vətəndaş Cavabdeh müəssisənin üzvü qəbul olunmaqla İddiaçı-nın Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A, ünvanında yerləşən kooperativ binasının 11-ci mərtəbəsində, ümumi sahəsi 139.5 kv.m, yaşayış sahəsi 73.1 kv.m olan 3 otaqlı, 1051 saylı mənzilin payçısı olması təqdiq edilmişdir. Ailə tərkibi 1 nəfərdən ibarətdir. İddiaçı tərəfindən verilmiş Maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən yaşayış binası İddiaçı-ya məxsusdur. Bu binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 139.5 kv.m, yaşayış sahəsi 73.1 kv.m olan 3 otaqlı, 1051 saylı mənzilin dəyəri Cavabdeh tərəfindən tam ödənilmişdir və İddiaçı-ya borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh məxsudur və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 2121 nömrəli reyestr kitabının 196254 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə xx xxxxxx 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Götərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən təmin edilməli, İddiaçı üzvlərinin ümumi iclasının 01 N-li, xx xxxxxx 2013-cü il tarixli Protokolu qismən, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən kooperativ binasının 1051 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi hissəsində ləğv edilməli, Bakı şəhəri, Yasamal rayonu H. Zərdabi prospekti 92A ünvanında yerləşən, İddiaçı-ya məxsus binanın 11-ci mərtbəsində yerləşən 1051 saylı mənzilin dəyərinin Cavabdeh tərəfindən tam ödənilməsi və İddiaçı-ya borcunun olmaması barədə verilmiş maliyyə arayışı etibarsız hesab edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı üzvlərinin ümumi iclasının 01 N-li, xx xxxxxx 2013-cü il tarixli Protokolu qismən, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən kooperativ binasının 1051 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi hissəsində ləğv edilsin. Bakı şəhəri, Yasamal rayonu H. Zərdabi prospekti 92A ünvanında yerləşən, İddiaçıya məxsus binanın 11-ci mərtbəsində yerləşən 1051 saylı mənzilin dəyərinin Cavabdeh tərəfindən tam ödənilməsi və İddiaçı-ya borcunun olmaması barədə verilmiş maliyyə arayışı etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar