Məhkəmə qərarları › İş №2(004)-2380/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2380/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2380/2021 08.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, cavabdeh X5 Kompleksi MMC-nin nümayəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X5 Kompleksi MMC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 Kompleksi MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 Kompleksi MMC-dən məntəqənin təhvil götürdüyü xam pambıq məhsulundan borclu qalan 500 (beş yüz) manat pulun və məhkəmə xərclərinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, fiziki şəxs kimi X5 Kompleksi MMC ilə xx xxxxxx 2018-ci il tarixdə 2019-cu il mövsümü üzrə xam pambığın alqı-satqısına dair 050 nömrəli müqavilə bağlamışdır. O, 2019-cu ildə 2.8 ha sahədə pambıq əkib becərmişdir. X4 Sənaye Kompleksi MMC-nin X7 və tədarükü məntəqəsinə təhvil vermişdir. Son hesablaşmada bütün borclar tutulandan sonra cavabdeh ona 750 manat borclu qalmışdır. O, əlaqədar təşkilatlara şikayət etdikdə X8 İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən X5 Kompleksi MMC-nin İmişli filialının, nümayəndələrinin iştirakı ilə araşdırma aparılmış və əkin sahəsində yığılmamış pambığın məntəqə tərəfindən yığılaraq başqa şəxsin adına mədaxil edilməsi, ona 750 manat ziyan vurulması müəyyən edilmişdir. Bu ziyanın 250 manatı cavabdeh təşkilat tərəfindən ona ödənilmiş, lakin 500 manat ödənməmiş qalır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubunda 500 manat borcun ödənilməsi öhdəliyi X5 Kompleksi MMC üzərinə götürdüyü göstərilsə də, həmin ziyan ödənilməmiş qalır. Hətta cavabdeh təşkilata bu barədə yazdığı məktuba cavab verilməmişdir. O, cavabdehə yenidən 1 1.02.2021-ci ildə pretenziya göndərmiş, lakin indiyə kimi cavab verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəf özü ona bildirilmədən onun sahəsindən pambıq yığımı həyata keçirilmiş, lakin pambığın pulunu bügunə kimi ona ödəməmişdir. Bununla bağlı o, hələ 2019-cu il tarixdə müvafiq qurumlara, o cümlədən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmiş, müvafiq komissiya təşkil olunaraq araşdırıılma aparıldıqdan sonra ona dəymiş ziyanın məbləbği 750 manat olduğu müəyyən edilmiş və cavabdeh müvafiq İmişli şöbəsi tərəfindən ona dəymiş ziyandan 250 manat ödəniş edilmiş, qalan 500 manatın ödənilməsi üzərinə öhdəlik götürülsə də, bu məbləği ödəməmişdir. Bu barədə müvafiq Nazrilik tərəfindən ona rəsmi olaraq məktubda yazılmış, təkrar müraciətindən sonra isə pul tələbinə dair cavadbehə və ya məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 Kompleksi MMC-nin nümayəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, işin halları barədə onda geniş məlumat olmasa da, bununla bağlı həmin məntəqənin mühasibatlığı ilə əlaqə saxlamış və oradan ona müxtəlif dövrlərdə pambıq yığımı üçün pul vəsaitinin ödənilməsi bildirilmişdir. Ödənilmiş məbləğlərin hansı mövsüm pambıq yığımı üçün ödənilməsi barədə onda dəqiq məlumat yoxdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlər və mübahisəli halla bağlı komissiyanın araşdırması, araşdırmanın nəticəsindən asılı olaraq iddiaçıya 500 manat məbləğin borclu qalaraq, həmin məbləğin X7 və Tədarükü mənqtəsi tərəfindən ödənilməsinə dair öhdəlik götürülməsi barədə də, məlumatı olmamışdır. Odur ki, məhkəmədən ədalətli məhkəmə qərarının çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2019-cu il mövsümü üzrə xam-pambığın alqısatqısına dair 050 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, fermer İddiaçı mülkiyyətində, istifadəsində və ya icarəsində olan 2.8 ha torpaq sahəsində pambıq əkib alıcı X5 Kompleksi MMC-yə satmağı, alıcı isə fermerin istahsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, X8 inkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən İddiaçı və “xxxx” MMC İmişli filialının nümayəndələrinin iştirakı ilə yerində araşdırılmış və müəyyən olunmuşdur ki, “xxxx" MMC ilə 2.8 ha sahədə pambıq əkininə görə bağlanılmış müqavilə əsasında yerinə yetirilmiş aqrotexniki tədbirlərə görə hesablanmış borc, xam pambıq təhvil verilərkən müəyyən edilmiş formada tutulmuşdur. Sahədə yığılmamış məhsul məntəqə tərəfindən yığılaraq İddiaçı qardadşı oğlu X3 adından mədaxil edilmişdir. Yığılmamış pambığa görə dəymiş ziyan 750 manat məbləğində müəyyən edilmişdir. “xxxx” MMC-nin X7 və Tədarükü məntəqəsi dəymiş ziyanın 250 manatın İddiaçı ödəmiş, qalan 500 manat məbləğin isə ödənilməsini öhdəlik kimi öz üzərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, 2019-cu ilin dekabr ayında X8 inkişaf Mərkəzinin və “xxxx” MMC-nin nümayəndələrinin iştirakı ilə araşdırılması zamanı İddiaçı dəymiş ziyanın 750 manat məbləğində oİduğu müəyyən edilmiş və “xxxx” MMC-nin İmişli filialı dəymiş ziyanın 250 manatını İddiaçı ödəmişdir. Qalan məbləğin ödənilməsi ilə bağlı “xxxx" MMC-yə və ya məhkəməyə müraciət edə biləcəyi hüququ sonuncuya izah edilmişdir. Məhkəmə belə hesab edir ki, tərəflər arasında xam-pambığın alqı-satqısı müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, 2019-cu il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 050 nömrəli, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, fermer İddiaçı mülkiyyətində, istifadəsində və ya icarəsində olan 2.8 ha torpaq sahəsində pambıq əkib alıcı X5 Kompleksi MMC-yə satmağı, alıcı isə fermerin istahsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya pambığa görə ödəməli olduğu 750 manat pul məbləğindən ümumilikdə 250 manat ödəniş etmiş və hazırda onun iddiaçıya 500 manat məbləğində borcu qalmışdır. Sözü gedən bu hal Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2020ci il tarixli məktubu ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X5 Kompleksi MMC-dən 500 (beş yüz) manat məbləğində pul vəsaitit tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyidən, iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdeh X5 Kompleksi MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 238, 244, 358 və 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X5 Kompleksi MMC-dən 500 (beş yüz) manat məbləğində pul vəsaitit tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdeh X5 Kompleksi MMCdən tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar