Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2384/2023 23.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda (abonent kodu 43448) itirilmiş sayğacın yenidən quraşdırılması və əsassız olaraq hesablanmış 907,24 manat borcun silinməsinin "xxxx" ASC Baş idarəsinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanda (abonent kodu 43448) yerləşən qeyri-yaşayış sahəsi üzrə suya görə əsassız hesablanmış 907,24 manat borcun silinməsinin "xxxx" ASC Baş idarəsinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 27-də tikinti və abadlıq işləri ilə əlaqədar ona məxsus olan qeyriyaşayış sahəsinin sökülməsi zərurəti yaranmış, lakin sökülməmişdir. Nərimanov Sukanal idarəsinin əməkdaşları ona məlumat vermədən, heç bir akt tərtib etmədən obyektə məxsus sayğacı aparmı.lar. Bununla yanaşı, Nərimanov Sukanal idarəsi həmin dövrdə obyektə naməlum 907, 24 manat borc yazmışdır. xx.xx.2023-cü ildə borcun silinməsi və sayğacın quraşdırılması barədə Sukanal idarəsinə müraciət etsə də? həmin idarə 27 fevral tarixində Ağa Nemətulla küçəsi 27 ünvanda su təchizatı və tullantı sularının axıdılmasına görə 907,24 manat borc bildirmişlər. Azərsu ASC tərəfindən təqdim olunan abonent kartından görünür ki, 43448 saylı abonent Kodunda yaranmış borc 2014-cü ilədək olan borcdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3 maddəsinin tələbinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, abonent kartıtnda da görünür ki, borc sayğac göstəricisinə əsasən su və tullantı xidmətlərindən istigadəyə görə yaranmışdır. Ona görə də borcu əsaslı hesab edir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçıya məxsus abonent kartından görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi üçün su və tullantı tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə xx.xx.2022-ci il tarixli 19209517 nömrəli müqavilə üzrə sayğac göstəriciləri əsasında 2006-cı il üzrə 68,66 manat, 2007-ci il üzrə 136,28 manat, 2008-ci il üzrə 88 manat, 2010-cu il üzrə 45 manat, 2011-ci il üzrə 86,6 manat, 2012-ci il üzrə 423,9 manat, 2013-cü il üzrə 93,8 manat borc hesablanmış, 2009-cu il üzrə isə əksinə 35 manat artıq ödəniş edilmiş və nəticədə 907,24 manat borc yaranmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Məhkəmə qeyd edir ki, mübahisəli borc Cavabdeh ASC-nin tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi onun üzərinə düşür. Lakin, cavabdehin nümayəndəsi iddiaçıya məxsus qeyri-yaşayış sahəsi üçün su və tullantı tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanılmış 907,24 manat məbləğində borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçıya məxsus abonent kartında isə sərfiyyatın həcmi, yaranmış borcun və ödənişlərin məbləği aylar üzrə göstərilməmiş, yaranmış borcun və ödənişin məbləği illər üzrə göstərilməklə, sərfiyyatın həcmi isə ümumiyyətlə göstərilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, Cavabdeh ASC iddiaçıya məxsus qeyri-yaşayış sahəsi üçün su və tullantı tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun 2006-2013-cü illəri əhatə etmiş, qeyd edilən müddət ərzində ödəmə olmadığı təqdirdə su təchizatının dayandırılması barədə tədbir görməmişdir. Həmçinin, qeyd edilən ünvanda 2014-cü ildən sayğac çıxarılmış və yeni sayğac quraşdırılmamış, borcun yaranmasından 10 ildən artıq müddət keçməsinə baxmayaraq Cavabdeh ASC tərəfindən yaranmış borcun tələb edilməsi üçün tədbirlər görülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə analogiya kimi “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli Qərarına istinad etməyi zəruri hesab edir. Həmin qərarda qeyd edilmişdir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə əsassız hesablanmış 907,24 (doqquz yüz yeddi manat iyirmi dörd qəpik) manat borc Cavabdeh ASC tərəfindən İddiaçı abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə əsassız hesablanmış 907,24 (doqquz yüz yeddi manat iyirmi dörd qəpik) manat borc Cavabdeh ASC tərəfindən İddiaçı abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2384/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2384/2023
23.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver