Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2391/2025 09.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 09 yanvar 1952-ci ildə anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 onun anasıdır. 2017-ci ildə anası-X5 beyin infarktı keçirmiş və o vaxtdan yataq xəstəsi olmuşdur. Onun kənar şəxsin qulluğuna ehtiyacı olduğundan ərizəçinin müraciəti əsasında Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayədarlıq Komissiyasının xx.xx.2023-cü il tarixli 52 saylı qərarı ilə X6 rayonu Bədirqala kəndində yaşayan 09 yanvar 1952-ci ildə anadan olmuş X3 patron (köməkçi) təyin edilmiş və onun hüquqlarının qorunması X8 həvalə edilmişdir. Ərizəçi 2 xəstə-əlil övladları, eyni zamanda beyin infarktı keçirmiş anası ilə birlikdə Bakı şəhəri Yeni Yasamal 1 ev 10 mən. 4-də 2007-ci ildən kirayə yaşayır. Anası 2017-ci ildən onunla birlikdə Yasamal rayonunda yaşayır. Yasamal rayon 39 saylı Poliklinikada qeydiyyatdadır, həkim nəzarətindədir. Anası ümumiyyətlə yataq xəstəsidir. Beyni işləmir. Əzələləri boşdur. Hətta danışa bilmir, yataqdan ayağa qalxmır, hər hansı bir məsələ üzərində reaksiya verə bilmir. Ərizəçi hesab edir ki, onun üzərində qəyyum olaraq o təyin edilməlidir. Digər ailə üzvlərinin buna etirazı yoxdur. Çünki anasına ərizəçi baxır, o məhdud fəaliyyət qabiliyyətlidir. Daim onun himayəsindədir. Buna görə də müəyyən sənədləşmə işləri və sair məsələlərin həlli ilə bağlı olaraq, onun üzərində qəyyum təyin edilməsi zəruridir. Bununla bağlı ərizəçi, Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin hələ cavab daxil olmamışdır, lakin şifahi olaraq ərizəçiyə yalnız fəaliyyət qabiliyyətsiz olmasına dair qətnamə olduğu təqdirdə anasının üzərində qəyyum təyin edilə biləcəyini bildirmişlər. Ərizəçi məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında işi ilə əlaqədar iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onu iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə etdiyini, anasının beyin infarktı keçirdiyini, yataq xəstəsi olduğunu bildirmişdir. Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan İX-ЖГ seriyalı 264623 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1983-cü il tarixdə Qusar rayonu Bədirqala kəndində anadan olmuş, ata qrafasında X12, ana qrafasında X5 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1983-cü il tarixdə 16 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X3 “keçirilmiş beyin infarktının nəticələri (2017). Yataq xəstəsidir. Kənar şəxsin yardımına ehtiyacı vardır. Sağ tərəfli hemiplegiya (əzələ gücü 0-1 baldır)” diaqnozu qoyulmuşdur. İş materiallarında olan AZE seriyalı 03040889 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X5 xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan “Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi” X16 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1776 saylı qiyabi sənədlər üzrə məhkəmə psixatrik ekspertizasının rəyindən müəyyən olunur ki, X2 işemik insultdan sonrakı damar mənşəli demensiya (ağıl zəifliyi) müəyyən edilir. X5 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 qızı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X2 işemik insultdan sonrakı damar mənşəli demensiya (ağıl zəifliyi) müəyyən edilməsi, psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarında olmaması tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X5 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1952-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2391/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2391/2025
09.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver