Məhkəmə qərarları › İş №2(004)-2401/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2401/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2401/2020 24.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı “əmlakın geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdən xx.xx.2012-ci il tarixli 47\L-12 saylı lizinq müqaviləsinə görə lizinq obyekti olan bir ədəd SHACMAN SX3314DM366 markalı yük avtomobilinin geri alınaraq iddiaçının mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 izahat verərək bildirir ki, İddiaçı ilə “xxxxxxxxxxx” MMC arasında xx.xx.2012-ci il tarixli 47/L-12 saylı Lizinq müqaviləsi və X2 arasında xx.xx.2012-ci ii tarixli 42 saylı alğı-satqı müqaviləsi bağlanaraq bir ədəd “SHACMAN” SX3314DM366 markalı yük avtomobili iddiaçı tərəfindən lizinqə götürülmüşdür. İddiaçı ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 47/L-12 saylı Lizinq müqaviləsinə görə, eləcə də 42 saylı, xx.xx.2012-ci il tarixli üçtərəfli alğı- satqı müqaviləsinə görə lizinqin ümumi dəyəri 67000 manat təkil etmişdir. İddiaçı tərəfindən lizinq ödənişlər bir müddət həyata keçirilsə də, sonradan müəyyən fasilə yaranmış və bu səbəbdən Lizinqverən “xxxxxxxxxxx” MMC Yasamal rayon məhkəməsinə müraciət edərək, iddiaçıdan və digər zamin şəxslərdən lizinq ödənişlərinin, dəbbə pulunun, əldən çıxmış faydanın ödənilməsini və lizinq obyektinin qaytarılmasını məhkəmədən xahiş etmişdir. Yasamal rayon məhkəməsinin 2(004)-240/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsilə iddia qismən təmin edilmiş, İddiaçı 22.183 manat əsas borc, 4854 manat faiz borcu olmaqla, cəmi 277037 manat məbləğində pul vəsaiti “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmuşdur. İddia tələbində olan iki tələb əldən çıxmış fayda və lizinq obyektinin qaytarılması hissəsində iddia tələbi təmin edilməmişdir. Bu qətnamədən apellyasiya şikayəti verilsə də qətnamə qanuni qüvvəsində saxlanılmışdır. Lakin cavabdeh “xxxxxxxxxxx” MMC həm lizinq obyektinin dəyərini hər ay İddiaçı əmək haqqına tutmaların yönəldilməsi yolu ilə ondan alır, həm də lizinq obyekti olan maşını ona qaytarmamışdır. Yasamal rayon məhkəməsinin 2(004)-240/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə maşının qaytarılması tələbi təmin edilmiş və lizinq obyetktini lizinq alanda, yəni İddiaçı saxlamışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirir ki, vəkilinin verdiyi izahatla razıdır və təsdiq edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək öz izahatında bildirir ki, müqavilə xx xxxxxx 2013-cü ildə bağlanmışdır. 22 min manat ilkin ödəniş olmuşdur. 45 min manat isə lizinqə ödəniş edib. İddiaçı qanunsuz olaraq maşını başqasına verib. İddiaçı maşını Goranboy sakininə verib, o da maşını pis vəziyyətə qoyub. Onlar maşını təhvil alanda maşının üstündə heç nə yox idi. Maşını güclə alıb evakuatorla gətirmişlər. xx xxxxxx 2014-cü ildə qətnamə qəbul olunmuşdur. İddiaçı indiyə kimi 3750 manat ödəniş etmişdir. Lizinq qaydalarına əsasən 2 ay ərzində ödəniş olmasa, maşın geri qaytarılmalıdır. Xərcləri qarşı tərəf çəkməlidir. Onlar maşını 4500 manata satıb, 4500 manatdan onun verdiyi pulu çıxmışlar. İddiaçı axırıncı dəfə 12 iyunda 285 manat ödəniş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan “xxxxxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 47/L-12 saylı lizinq müqaviləsinə əsasən “xxxxxxxxxxxx” MMC ümumi dəyəri 67000 manat olan bir ədəd Shacman markalı yük nəqliyyat vasitəsini yararlı vəziyyətdə 36 ay müddətinə İddiaçı müvəqqəti sahiblik və istifadəsinə verməyi, İddiaçı müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini qəbul edərək lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı Apelyasiya Məhkəsininin xx.xx.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2017ci il qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh İddiaçı 22183 (iyirmi iki min yüz səksən üç) manat əsas borcun, 4854 manat faiz (mükafat) borcu olmaqla, cəmi 27037 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı «xxxxxxxxxxxx» MMC-nin xeyrinə verilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı «xxxxxxxxxxxx» MMC- yə ödənilməsi qət edilmişdir Bakı Apelyasiya Məhkəsininin həmin qətnaməsi ilə müəyyən olunur ki, həm mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları, həm də tərəflər arasındakı daxili lizinq müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh bağladığı müqavilə ilə müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda ödənişləri aparmamış və müqavilə şərtlərinə tam əməl etməmişdir. Belə olan halda isə öhdəliyin lazımınca icra edilməməsinə görə cavabdehin məsuliyyət məsələsi Mülki Məcəllənin 143.1 -ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyi borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. İşin mübahisəsiz halı odur ki, İddiaçı lizinq müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmədiyinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı Cavabdeh-nin xeyrinə lizinq müqaviləsi üzrə əsas və faiz borcu tutulmuşdur. İşin mübahisələndirilən hallarından biri odur ki, iddiaçı bildirir ki, Yasamal rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə maşının qaytarılması tələbi təmin edilməmişdir. Məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edir. Çünki, Bakı Apelyasiya Məhkəməsinin x xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, iddiaçı Cavabdeh pulun tutulması və lizinq obyektinin qaytarılması barədə iddia qaldırsa da, birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçının nümayəndəsi iddia tələbinin həcmini azaldaraq ancaq lizinq müqaviləsi üzrə pul tələb etmişdir. İddiaçının digər dəlili odur ki, nə qədər ki, məhkəmə qətnaməsinə əsasən lizinq obyektinə görə əsas və faiz borcu İddiaçı tutulub, maşın ona qaytarılmalıdır. Məhkəmə iddiaçının bu dəlilini də əsassız hesab edir. Çünki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2.3-cü bəndinə əsasən lizinq alan lizinq ödənişlərini tam ödədikdən sonra lizinq obyektinə mülkiyyət hüququ əldə edir. Lakin hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən Yasamal rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli və Bakı Apelyasiya Məhkəməsinin x xxxx 2018-ci il tarixli qətnamələri ilə müəyyən olunur ki, İddiaçı lizinq müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmişdir. İddiaçı məhkəmə qətnaməsinə əsasən əsas və faiz borcun tutulmasi öhdəliyin icrası deyil, kreditora dəymiş zərərin əvəzinin ödənilməsidir. AR Mülki Məcəlləsinin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. AR Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh-yə qarşı Cavabdeh-dən xx.xx.2012-ci il tarixli 47\L-12 saylı lizinq müqaviləsinə görə lizinq obyekti olan bir ədəd SHACMAN SX3314DM366 markalı yük avtomobilinin geri alınaraq iddiaçının mülkiyyətinə qaytarılması barədə tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar