Məhkəmə qərarları › İş №2(004)-2415/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2415/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2415/2023 08.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu, İddiaçı X1 Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh 1400 (min dörd yüz) manat əsas və 34 (otuz dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun mağazasına gələrək, paltaryuyan və televizor almaq istədiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə onunla nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdehə SHİVAKİ AR5012FB qara 7 kq markalı 700 (yeddi yüz) manat dəyərində paltaryuyan və SHİVAKİ SMART 109 43 markalı 700 (yeddi yüz) manat dəyərində televizor təhvil verilmişdir. Həmin malların cəmi məbləği 1400 (min dörd yüz) manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən onun aylıq ödənişi 100 manat təşkil etmişdir. Lakin cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir, beləliklə onun 1400 (min dörd yüz) manat məbləğində borcu qalmışdır. Müqavilənin bağlanıldığı tarixdən etibarən cavabdeh ödəniş etməmişdir. İddiaçının cavabdehə dəfələrlə şifahi və yazılı surətdə müraciətlər etməsinə baxmayaraq hələ də ödəniş etməmişdir. Cavabdeh borcun qaytarılması ilə bağlı iddiaçının tələblərinə məhəl qoymur, borcu qaytarmaqdan yayınır. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Belə ki, müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iddiaçı X3 Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə 700 manat dəyərində SHİVAKİ AR5012FB qara 7 kq markalı paltaryuyan və 700 manat dəyərində SHİVAKİ SMART 109 43 markalı televizorun nisyə alqısatqısına dair müqavilə bağladığını və cavabdehin müqavilə öhdəliyini yerinə yetirmədiyini qeyd etməklə, ondan xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etsə də, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsini və müqaviləyə əsasən həmin əşyaların cavabdehə təhvil verilməsini təsdiq edən təhvil-təslim aktını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəflər arasında yazılı müqavilənin bağlanmasını təsdiq edən, həmçinin tərəflərin müqavilə üzrə öhdəliklərinin yaranması baradə əsaslı sübutları məhkəməyə təqdim edə bilmədiyinə görə, mövcud olmayan müqaviləyə istinad etməklə borcun ödənilməsini cavabdehdən tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı belə bir mötəbər sübutların mövcud olmasını təsdiq edən rəsmi sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Bu səbəbdən onun iddia tələbi özü-özlüyündə əsassız olduğundan təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasasən məhkəmə hesab edir ki, iddiaçı X1 Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası rədd edilməli, iş üzrə ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu iddiaçı “X2 aid edilməldir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216- 220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı X1 Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu iddiaçı “X2 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar