Məhkəmə qərarları › İş №2(004)-2445/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2445/2021

31.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2445/2021 31.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə 11.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun oğlu - 19.11.2002-ci ildə RF Moskva şəhərində doğulmuş, ünvan 1 ünvanda yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası iş üzrə maraqlı şəxs qismində göstərilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli 2(004)-2445/2021 nömrəli qərardadı ilə ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, 19.11.2002-ci ildə RF Moskva şəhərində doğulmuş X2 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə həvalə edilmiş, ekspertizanın rəyi məhkəməyə təqdim edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 24.04.2021-ci il tarixli 892 nömrəli ekspert rəyi 04.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli 2(004)-2445/2021 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və məhkəmə baxışı iclası 31.05.2021-ci il tarixə 10:00a təyin edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, Ərizəçi ünvan 2 ünvanda yaşayır. Evlidir, X1 19.11.2002-ci ildə doğulmuşdur. X1 birinci dərəcəli əlildir, kənar yardıma ehtiyacı vardır və ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları diaqnozu ilə müddətsiz ümumi xəstədir. X5 ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, valideyn kimi onun adından dövlət orqanlarına müraciət etmək, müəyyən sənədləri imzalamağa ehtiyac yaranır ki, bunu da etməyə hüquqi bir əsası olan sənəd lazımdır. Notariat orqanında onun adından ərizəçiyə etibarnamə verilməsi də mümkün deyildir. Bu səbəbdən X2 üzərində qəyyum təyin edilməsi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri, ekspertizanın rəyini nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 16.02.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, 19.11.2002-ci il təvəllüdlü X5 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmagıllıq kəskin imbesillik kobud nitq və davranış pozuntuları ilə, kənar şəxslərin himayəsinə ehtiyac; diaqnozu ilə xəstədir. X6 oğluna birinci dərəcəli müddətsiz əlil təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 24.04.2021-ci il tarixli 892 nömrəli ekspert rəyindən görünür ki, X3 - kəskin imbesillik dərəcəsində oliqofreniya müəyyən edilir. X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X2 onda müəyyən edilən kəskin imbesillik dərəcəsində oliqofreniya ilə əlaqədar səhhəti məhkəmə baxışında iştirakına yol vermir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-in 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən şəxsin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, 19.11.2002-ci ildə Rusiya Federasiyası Moskva şəhərində doğulmuş X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 305, 306, 317-322, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19.11.2002-ci ildə Rusiya Federasiyası Moskva şəhərində doğulmuş X5 (FİN 6VY4PZ4) tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Bu qətnamə, X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar