Məhkəmə qərarları › İş №2(004)-2477/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2477/2021

26.05.2021 · Müqavilələrin ləğv edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2477/2021 26.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi, bağışlama müqaviləsi əsasında verilmiş mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi və məcburi payının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi, bağışlama müqaviləsi əsasında verilmiş mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi və məcburi payının artırılması” tələbinə dair iddia ərizəsi ilə 12.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin ümumi sahəsi 54,4 kv.m sahəsi olan 87 nömrəli mənzilinə dair X7 ilə Cavabdeh2 arasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış 21.05.2019-cu il tarixli 4Ə-838 reyestr nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi, həmin bağışlama müqaviləsi əsasında verilmiş mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi və onun məcburi payının həmin mənzil hesabına artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı oğlu X7 09.04.2020-ci il tarixdə vəfat etmişdir. 26.08.2020-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində 19/2020 saylı vərəsəlik işi açılmışdır. 14.09.2020-ci il tarixdə 2V-59 nömrəli reystrdə qeyd edilməklə mərhum X4 xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Nərimanov küçəsi 57/24 nömrəli evin 22 nömrəli mənzilinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X4 vərəsələri - anası İddiaçı, arvadı Cavabdeh2 və oğlu X5r. İddiaçının mərhum oğlu X4 xüsusi mülkiyyətində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin 87 nömrəli mənzili olmuşdur. X7 həmin mənzili valideynlərinin hesabına əldə etmişdir. Bu səbəbdən mənzil birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Həmin mənzili 21.05.2019-cu il tarixdə X7 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində bağışlanma müqaviləsi əsasında arvadı Cavabdeh2 bağışlamışdır. X7 09.04.2020-ci il tarixdə heroindən zəhərlənmədən ölmüşdür. Hesab edir ki, bağışlama müqaviləsi ləğv edilməli, həmin müqavilə əsasında Aynur Quliyevanın adına verilmiş çıxarış ləğv edilməli və iddiaçının payı həmin mənzilin hesabına artırılmalıdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh2 və X7 21.09.2004-cü ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan onların 05.12.2009-cu il təvəllüdlü X8 adlı bir övladı vardır. “xxxx” MTK-nın “kooperativ üzvlüyünə qəbulu və mənzillərin payçılar arasında bölünməsi barədə” 02.12.2006-cı il tarixli 278 nömrəli protokoldan çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin ümumi sahəsi 54,4 kv.m sahəsi olan 1 otaqlı 87 nömrəli mənzilini Cavabdeh2 və X7 birgə dövründə əldə etdikləri vəsait hesabına 16.400 ABŞ dollarına X4 adına əldə etmişlər. “xxxx” MTK tərəfindən verilmiş 02.12.2006-cı il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, X7 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin ümumi sahəsi 54,4 kv.m sahəsi olan 1 otaqlı 87 nömrəli mənzilinin payçısıdır və 16.400 ABŞ dolları pay haqqını 02.012.2006-cı il tarixdə “xxxx” MTK-ya tam ödəmişdir. Sonradan mənzili 10.05.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X4 adına ilkin hüquqi qeydiyyatdan keçirmiş və çıxarış əldə etmişlər. 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış 21.05.2019-cu il tarixli 4Ə-838 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X7 xüsusi mülkiyyətində olan və birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin ümumi sahəsi 54,4 kv.m sahəsi olan 87 nömrəli mənzilini arvadı Cavabdeh2 bağışlamışdır. Bağışlama müqaviləsinə əsasən həmin mənzil 07.06.2019-cu il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona elektron çıxarış verilmişdir. Cavabdeh2 əri X7 09.04.2020-ci il tarixdə vəfat etmişdir. 26.08.2020-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində 19/2020 saylı vərəsəlik işi açılmış və 14.09.2020-ci il tarixdə 2V-59 nömrəli reystrdə qeyd edilməklə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mərhum X3 miras qalmış Bakı şəhəri Yasamal rayonu Nərimanov küçəsi 57/24 nömrəli evin 22 nömrəli mənzilinə dair X4 qanun üzrə birinci növbə vərəsələri olan - arvadı Cavabdeh2, oğlu X8 və anası İddiaçı hər birinin payı 1/3 hissədə müəyyən edilmişdir. İddiaçı mərhum oğlu X3 miras qalmış mənzildən payını almışdır. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin 87 nömrəli mənzili isə Cavabdeh2 xüsusi mülkiyyətində olduğuna görə, miras əmlakın kütləsinə daxil deyildir. Bağışlama müqaviləsi bağlanarkən və çıxarış verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Müqavilənin və çıxarışın ləğvi üçün qanuni əsaslar mövcud deyildir. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh notariusun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı rəsmi sənədlərlə mübahisəsiz qaydada təsdiq edildi ki, Quliyeva (Daşdiyeva) Aynurə Fazil qızı və X7 21.09.2004-cü il tarixdə Səadət Sarayında 2311 nömrəli akt qeydi ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan onların 05.12.2009-cu il təvəllüdlü X8 adlı bir övladı vardır. “xxxx” MTK-nın “kooperativ üzvlüyünə qəbulu və mənzillərin payçılar arasında bölünməsi barədə” 02.12.2006-cı il tarixli 278 nömrəli protokoldan çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin ümumi sahəsi 54,4 kv.m sahəsi olan 1 otaqlı 87 nömrəli mənzilini Cavabdeh2 və X7 birgə dövründə əldə etdikləri vəsait hesabına 16.400 ABŞ dollarına X4 adına əldə etmişlər. “xxxx” MTK tərəfindən verilmiş 02.12.2006-cı il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, X7 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin ümumi sahəsi 54,4 kv.m sahəsi olan 1 otaqlı 87 nömrəli mənzilinin payçısıdır və 16.400 ABŞ dolları pay haqqını 02.012.2006-cı il tarixdə “xxxx” MTK-ya tam ödəmişdir. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin ümumi sahəsi 54,4 kv.m sahəsi olan 1 otaqlı 87 nömrəli mənzili 10.05.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X4 adına ilkin hüquqi qeydiyyatdan keçirmiş və ona **********79-05301-093241 reyestr nömrəli elektron çıxarış verilmişdir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Mülki Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. 4Ə-838 reyestr nömrəli notariat işindən müəyyən edilir ki, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış 21.05.2019-cu il tarixli 4Ə-838 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X7 xüsusi mülkiyyətində olan və birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin ümumi sahəsi 54,4 kv.m sahəsi olan 87 nömrəli mənzilini arvadı Cavabdeh2 bağışlamışdır. Bağışlanan mənzilə dair məhdudiyyətlər və yüklülük qeydə alınmamışdır. Bağışlama müqaviləsi bağlanarkən notarius tərəfindən Mülki Məcəllənin 666-674-cü maddələrinin məzmunu tərəflərə izah edilmişdir. Tərəflərin şəxsiyyəti müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən əmlakın X6 məxsus olması yoxlanılmışdır. Cavabdeh2 21.05.2021-ci il tarixli ərizəsinə əsasən 21.05.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin ümumi sahəsi 54,4 kv.m sahəsi olan 87 nömrəli mənzili 07.06.2019-cu il tarixdə Cavabdeh2 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində elektron qaydada qeydiyyata alınmış və ona ********** nömrəli elektron çıxarış verilmişdir. 10.05.2006-cı il tarixli MH ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Nərimanov küçəsi 57/24 nömrəli evin 3 otaqlı 22 nömrəli mənzili X4 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 10.05.2006-cı il tarixdə qeydiyyata alınmışdır. İddiaçının oğlu və cavabdehin əri X7 09.04.2020-ci il tarixdə vəfat etmişdir. 26.08.2020-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində 19/2020 saylı vərəsəlik işi açılmış və 14.09.2020-ci il tarixdə 2V-59 nömrəli reystrdə qeyd edilməklə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mərhum X3 miras qalmış Bakı şəhəri Yasamal rayonu Nərimanov küçəsi 57/24 nömrəli evin 22 nömrəli mənzilinə dair X4 qanun üzrə birinci növbə vərəsələri olan - arvadı Cavabdeh2, oğlu X8 və anası İddiaçı hər birinin payı 1/3 hissədə müəyyən edilmişdir. İddiaçı mərhum oğlu X3 miras qalmış Bakı şəhəri Yasamal rayonu Nərimanov küçəsi 57/24 nömrəli evin 22 nömrəli mənzilindən qanun üzrə birinci növbə vərəsə kimi özünə çatası 1/3 payını 14.09.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında almışdır. Göründüyü kimi, X7 və Cavabdeh2 birgə nikahda olduqları müddətdə - Bakı şəhəri Yasamal rayonu Nərimanov küçəsi 57/24 nömrəli evin 3 otaqlı 22 nömrəli mənzilini 10.05.2006-cı il tarixdə və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin ümumi sahəsi 54,4 kv.m sahəsi olan 1 otaqlı 87 nömrəli mənzilini 02.12.2006-cı il tarixdə X4 adına əldə etmişlər. X2 mənzillərdən birini, yəni Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin ümumi sahəsi 54,4 kv.m sahəsi olan 1 otaqlı 87 nömrəli mənzilini 21.05.2019-cu il tarixdə arvadı Cavabdeh2 bağışlamış, digər Bakı şəhəri Yasamal rayonu Nərimanov küçəsi 57/24 nömrəli evin 3 otaqlı 22 nömrəli mənzili isə X4 öz mülkiyyətində qalmışdır. Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.01.2021ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Mülki Məcəllənin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. X7 09.04.2020-ci il tarixdə heroindən zəhərlənmə nəticəsində ölmüşdür. X7 09.04.2020-ci il tarixdə vəfat etdiyi zaman Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin 87 nömrəli mənzili Cavabdeh2 xüsusi mülkiyyətində olduğuna görə, bu mənzil miras əmlakın kütləsinə daxil olmamışdır və miras əmlak hesab edilmir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin 87 nömrəli mənzilinə dair X7 ilə Cavabdeh2 arasında 21.05.2019-cu il tarixli bağışlama müqaviləsi bağlanarkən və həmin mənzilə dair Cavabdeh2 adına 07.06.2019-cu il tarixli elektron çıxarış verilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Bağışlama müqaviləsinin və çıxarışın ləğvi üçün qanuni əsaslar mövcud deyildir. Həmçinin İddiaçı mərhum oğlu M.Quliyevin qanun üzrə birinci növbə vərəsəsi kimi mərhum X1 birgə nikah dövründə əldə etdikləri ər-arvadın ümumi əmlakı hesab edilən mənzili öz arvadı Cavabdeh2 bağışlamasına dair, ər-arvad arasında bağlanmış bağışlama müqaviləsinin və həmin müqavilə əsasında bağışlanan əmlaka dair arvadın adına verilmiş çıxarışın ləğv edilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Çünki, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Hazırkı iş üzrə İddiaçı 21.05.2019-cu il tarixli bağışlama müqaviləsinin tərəfi olmadığına görə, onun həmin müqavilənin ləğv edilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Rəsmi sənədlərlə və işin müəyyən edilmiş həqiqi halları ilə təsdiq edilir ki, qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırkı mübahisə üzrə bağışlama müqaviləsinin notarial qaydada bağlanmasına əməl edilmişdir. Mərhum M.Quliyev mülkiyyətçi kimi sərəncam hüququndan istifadə etməklə, öz iradəsi ilə arvadı Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdikləri mənzilini arvadına bağışlamışdır. Bağışlama müqaviləsi bağlanan zaman qanunvericiliyin tələblərinə əməl edilmiş, Cavabdeh2 bağışlanmış əmlakı qəbul etmiş və öz adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyatdan keçirmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin 87 nömrəli mənzili üzərində mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir, onun mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə edilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə və Cavabdeh2 qarşı “Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin ümumi sahəsi 54,4 kv.m olan 87 nömrəli mənzilinə dair X7 ilə Cavabdeh2 arasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış 21.05.2019-cu il tarixli 4Ə-838 reyestr nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi, həmin bağışlama müqaviləsi əsasında verilmiş mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi və onun məcburi payının həmin mənzil hesabına artırılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 20 manat dövlət rüsümu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar