Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8023/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi, bağışlama müqaviləsi əsasında verilmiş mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi və məcburi payının artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2477/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi, bağışlama müqaviləsi əsasında verilmiş mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi və məcburi payının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin ümumi sahəsi 54,4 kv.m sahəsi olan 87 nömrəli mənzilinə dair X4 ilə Cavabdeh2 arasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış 21.05.2019-cu il tarixli 4Ə-838 reyestr nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi, həmin bağışlama müqaviləsi əsasında verilmiş mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi və onun məcburi payının həmin mənzil hesabına artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu X4 09.04.2020-ci il tarixdə vəfat etmişdir. 26.08.2020-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində 19/2020 saylı vərəsəlik işi açılmışdır. 14.09.2020-ci il tarixdə 2V-59 nömrəli reystrdə qeyd edilməklə mərhum X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Nərimanov küçəsi 57/24 nömrəli evin 22 nömrəli mənzilinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X2 vərəsələri - anası İddiaçı, arvadı Cavabdeh2 və oğlu X3r. İddiaçının mərhum oğlu X2 xüsusi mülkiyyətində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin 87 nömrəli mənzili olmuşdur. X4 həmin mənzili valideynlərinin hesabına əldə etmişdir. Bu səbəbdən mənzil birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Həmin mənzili 21.05.2019-cu il tarixdə X4 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində bağışlanma müqaviləsi əsasında arvadı Cavabdeh2 bağışlamışdır. X4 09.04.2020-ci il tarixdə heroindən zəhərlənmədən ölmüşdür. Hesab edir ki, bağışlama müqaviləsi ləğv edilməli, həmin müqavilə əsasında Aynur Quliyevanın adına verilmiş çıxarış ləğv edilməli və iddiaçının payı həmin mənzilin hesabına artırılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2477/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışlar ki, Konstitusiya Məhkəməsinin mövqeyi aşağıdakından ibarət olmuşdur: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arv adı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Qeyd etdiklərinə əsasən hesab edir ki, 21.05.2019-cu il tarixdə ünvan 1 ünvanda 54,4 kv.m sahəsi olan mənzilə dair X4 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində arvadı Cavabdeh2 bağışlanma müqaviləsi ləğv edilməlidir və mənim məcburi payın həmin mənzil hesabına artırılmalıdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbləri qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Quliyeva (Daşdiyeva) Aynurə Fazil qızı və X4 21.09.2004-cü il tarixdə Səadət Sarayında 2311 nömrəli akt qeydi ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan onların 05.12.2009-cu il təvəllüdlü X5 adlı bir övladı vardır. "xxxx" MTK-nın “kooperativ üzvlüyünə qəbulu və mənzillərin payçılar arasında bölünməsi barədə” 02.12.2006-cı il tarixli 278 nömrəli protokoldan çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin ümumi sahəsi 54,4 kv.m sahəsi olan 1 otaqlı 87 nömrəli mənzilini Cavabdeh2 və X4 birgə dövründə əldə etdikləri vəsait hesabına 16.400 ABŞ dollarına X2 adına əldə etmişlər. "xxxx" MTK tərəfindən verilmiş 02.12.2006-cı il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, X4 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin ümumi sahəsi 54,4 kv.m sahəsi olan 1 otaqlı 87 nömrəli mənzilinin payçısıdır və 16.400 ABŞ dolları pay haqqını 02.012.2006-cı il tarixdə "xxxx" MTK-ya tam ödəmişdir. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin ümumi sahəsi 54,4 kv.m sahəsi olan 1 otaqlı 87 nömrəli mənzili 10.05.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X2 adına ilkin hüquqi qeydiyyatdan keçirmiş və ona **********79-05301-093241 reyestr nömrəli elektron çıxarış verilmişdir. 4Ə-838 reyestr nömrəli notariat işindən müəyyən edilir ki, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış 21.05.2019-cu il tarixli 4Ə-838 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X4 xüsusi mülkiyyətində olan və birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Gənclik küçəsi 29C nömrəli evin ümumi sahəsi 54,4 kv.m sahəsi olan 87 nömrəli mənzilini arvadı Cavabdeh2 bağışlamışdır. Bağışlanan mənzilə dair məhdudiyyətlər və yüklülük qeydə alınmamışdır. Cavabdeh2 21.05.2021-ci il tarixli ərizəsinə əsasən 21.05.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi 29C nömrəli evin ümumi sahəsi 54,4 kv.m sahəsi olan 87 nömrəli mənzili 07.06.2019-cu il tarixdə Cavabdeh2 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində elektron qaydada qeydiyyata alınmış və ona ********** nömrəli elektron çıxarış verilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, mübahisəli evin üzərindəki mülkiyyət hüququnu cavabdeh qanuni əsaslarla əldə etmişdir. Onun mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Mülki Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin məcəllənin 1159-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). İkinci növbədə ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1200-cü maddəsinin tələbinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilir ki. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: -tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; -əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; -əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; -həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri) belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. Göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi 29C nömrəli evin 87 nömrəli mənzilinə dair X4 ilə Cavabdeh2 arasında 21.05.2019-cu il tarixli bağışlama müqaviləsi bağlanarkən iddiaçının, yəni mərhumun anası olmaqla birinci növbəli vərəsə kimi hüquqları pozulmuş və qanunvericilikdə nəzərdə tutulmuş məcburi paydan məhrum edilmişdir. Belə ki, bağışlama müqaviləsi bağlanan zaman mübahisəli mənzil vərəsəlik hüquqları ilə yüklü edilmişdir. Göründüyü kimi, qeyd olunan bağışlama müqaviləsi bağlanarkən qanunvericiliyin qeyd olunan normaları pozulmuşdur. Qeyd edilən Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Kollegiya qeyd edir ki, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış 21.05.2019-cu il tarixli 4Ə-838 reyestr nömrəli bağışlama müqaviləsi miras əmlak üzrə məcburi pay hissəsində ləğv edilməli və 07.06.2019-cu il tarixdə Cavabdeh2 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində elektron qaydada qeydiyyata alınmış ********** nömrəli elektron çıxarış ləğv edilməlidir. Kollegiya məcburi payın müəyyən edilməsi hissəsində qeyd edir ki, mübahisəli mənzil cavabdehin, onun mərhum həyat yoldaşı ilə birgə nikah dövründə alınması işin mübahisəsiz halıdır. Mübahisəli evin ½ hissəsi cavabdehə məxsusdur. Digər ½ hissəsinə isə mərhumun üç vərəsəsinin, yəni, anası, həyat yoldaşı və qızının məcburi payı müəyyən edilməlidir. Belə olan halda, iddiaçının mübahisəli evə dair məcburi payı 1/6 hissə təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2477/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış 21.05.2019-cu il tarixli 4Ə-838 reyestr nömrəli bağışlama müqaviləsi miras əmlakı üzrə 1/6 məcburi pay hissəsində ləğv edilməli, 07.06.2019-cu il tarixdə Cavabdeh2 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində elektron qaydada qeydiyyata alınmış ********** nömrəli elektron çıxarış ləğv edilməli, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi 29C nömrəli evin ümumi sahəsi 54,4 kv.m sahəsi olan 87 nömrəli mənzilinə dair 1/6 məcburi pay hissəsi müəyyən edilməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2477/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış 21.05.2019-cu il tarixli 4Ə-838 reyestr nömrəli bağışlama müqaviləsi miras əmlakı üzrə 1/6 məcburi pay hissəsində ləğv edilsin. 07.06.2019-cu il tarixdə Cavabdeh2 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində elektron qaydada qeydiyyata alınmış ********** nömrəli elektron çıxarış ləğv edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi 29C nömrəli evin ümumi sahəsi 54,4 kv.m sahəsi olan 87 nömrəli mənzilinə dair 1/6 məcburi pay hissəsi müəyyən edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8023/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8023/2021
24.08.2021 · Müqavilələrin ləğv edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver