Məhkəmə qərarları › İş №2(004)-2478/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2478/2022

30.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2478/2022 30.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “qeyri-yaşayış sahəsi ilə bağlı əvvəlki mülkiyyətçiyə hesablanmış borcun ondan tutulmaması, qeyri-yaşayış sahəsinin su və kanalizasiya xidmətinə qoşulması haqda müqavilənin bağlanması və su sayğacının quraşdırılması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə aid 054991 nömrəli abonent kodu üzrə keçmiş abonent X5 hesablanmış 6506,90 manat borcun ondan tələb edilməməsi, cavabdehlə aralarında qeyriyaşayış sahəsinin su və kanalizasiya xidmətinə qoşulması haqda müqavilənin bağlanması və su sayğacının quraşdırılması barədə qətnamə çıxarmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 56,1 kv.m təşkil edən qeyri-yaşayış sahəsini 2021-ci ilin sentyabr ayında alqı-satqı yolu ilə əldə etmişdir. Mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq çıxarış verilmişdir. Qeyri-yaşayış sahəsini aldığı vaxtdan istifadə etməmişdir. Belə ki, qeyri-yaşayış sahəsi təmirsiz vəziyyətdə olduğu üçün əsaslı təmir edilməsi zəruri idi və alqı-satqıdan sonra maddi vəsaiti qalmadığı üçün bir müddət sonra təmirə başlamağı düşünürdü. Bu ilin əvvəlində təmirə başlamaq qəararına gəlmiş və mütəxəssislərlə yerində baxdıqda qeyri-yaşayış sahəsinə su xəttinin gəldiyi, lakin, sayğacın olmadığı məlum olmuşdur. Cavabdeh ASC-yə müraciət edərək, su və kanalizasiya xidmətlərinə qoşulma üçün yeni müqavilənin bağlanmasını xahiş etmişdir. Cavabdeh ASC Nəsimi Rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli EH-02/1-3/5 saylı cavab məktubu ilə su təminatı ilə bağlı müraciətinə baxıldığı, araşdırma aparıldığı və qeyd edilən obyektdə X4 adına 054991 nömrəli abonent kodunun olduğu aşkarlandığı bildirilmiş, həmin kodda yaranmış 6506,90 manat borcun ödənişini təmin etməsi və smart sayğac quraşdırılması üçün şərait yaratması xahiş edilmişdir. Bu cavab, hüquqlarının kobud şəkildə pozulmasıdır. Belə ki, bəhs edilən borc məbləği onun deyil. Qeyri-yaşayış sahəsini yenilikdə almış və həmin borcun tərəfindən ödənilməsini tələb etmək, eləcə də su təchizatını başqa şəxsin borcunun ödənilməsindən asılı etmək əsassızdır. Digər tərəfdən, qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi Rzayeva Vəfa adlı şəxs olmuşdur. Alqı-satqıya satıcı tərəfindən təqdim edilən çıxarışın verilmə tarixi 2014-cü ilə aid idi. Yəni belə məlum olur ki, bəhs edilən borc heç ona daşınmaz əmlakı satan şəxsə də aid deyil. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinin tələblərindən də göründüyü kimi, iddia ərizəsi üzrə cavabdeh təşkilatın, göstərmiş olduğu borc məbləğini borclu X3 məhkəmə qaydasında tələb etmək hüququndan istifadə etmək əvəzinə, nə üçünsə, borc məbləğinin ondan tutulmasını su təchizatı haqda müqavilə bağlanması üçün şərt olaraq irəli sürülməsi qanunauyğun və ədalətli deyil. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, məhkəmənin elektron sisteminə göndərilən abonent haqqında məlumatda X5 məxsus VÖEN nömrəsi göstərilmişdir, əvvəlcə iddiaçının belə bir iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüququn olub-olmaması aydınlaşdırılmalıdır. Abonent haqqında məlumatda, müqavilədə X4 adınadır. İddiaçının borcun silinməsi ilə bağlı tələb etmək ixtiyarı yoxdur. Mülkiyyətçi və istifadəçi dəyişdirildikdə sudan istifadəyə görə əvvəlki mülkiyyətçi borcu ödəməli, yeni mülkiyyətçiyə arayış verilməli, mülkiyyətçi həmin arayışla ərazi üzrə müvafiq sukanal idarəsinə yaxınlaşmalıdır. Odur ki, iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 56,1 kv.m təşkil edən qeyriyaşayış sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı tərəfindən Cavabdeh ASC-yə 2 saylı ASAN Kommunal Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı cavabdeh təşkilata müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin su və kanalizasiya xidmətlərinə qoşulması üçün yeni müqavilənin bağlanmasını xahiş etmişdir. Cavabdeh ASC Nəsimi Rayon Sukanal İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli EH- 02/1-3/5 saylı məktubun surətindən görünür ki, iddiaçının su təminatı ilə bağlı 2 saylı ASAN Kommunal Mərkəzinə ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətinə Nəsimi Rayon Sukanal İdarəsində baxılmışdır. Bildirilmişdir ki, müraciətinə əsasən araşdırma aparılmış və qeyd edilən obyektdə X4 adına 054991 nömrəli abonent kodunun olduğu aşkarlanmışdır. Həmin kodda yaranmış 6506,9 manat borcun ödənişini təmin etməsi və smart sayğac quraşdırılması üçün şərait yaratması xahiş edilmişdir. İşin mübahisəsiz halı bundan ibarətdir ki, sudan istifadəyə görə borc hesablanmış qeyriyaşayış sahəsi iddiaçının mülkiyyətindədir və onunla cavabdeh arasında sudan istifadə ilə bağlı müqavilə yoxdur. Borc məbləği əvvəlki mülkiyyətçi ilə bağlanmış müqavilə əsasında və ona hesablanmışdır. İddiaçı iddia tələbinin əsası kimi borcla bağlı məsuliyyətin ona aid olmamasına, borcun ondan əvvəlki mülkiyyətçiyə məxsus olmasına istinad etmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü hissəsinə görə, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 23-cü maddəsinin 1-ci hissəsinə əsasən, su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu aşağıdakı şərtlərlə su təchizatı sisteminə qoşmalıdır: a) müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olsun; b) qoşulma, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsın. Həmin Qanunun 31-ci maddəsinin 1-ci hissəsinə əsasən, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qanunun 62-ci maddəsinə görə isə, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 6.5-ci bəndinə əsasən, istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. Qaydaların 8.4-cü bəndinə əsasən, su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Göründüyü kimi, Qaydalar obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə sudan istifadəyə görə olan borcu ödəmək vəzifəsini əvvəlki mülkiyyətçinin üzərinə qoymuşdur. Lakin, hazırki iş üzrə əvvəlki mülkiyyətçi sudan istifadəyə görə olan borcu ödəməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh ASC ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində X4 adına 054991 nömrəli abonent kodunun olduğuna əsaslanmaqla, həmin kodda yaranmış 6506,9 manat borcun ödənişini obyektin yeni mülkiyyətçisi olan hazırki iş üzrə İddiaçı tələb etmişdir. Lakin, qanunvericiliklə obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə sudan istifadəyə görə olan borcu ödəmək vəzifəsi əvvəlki mülkiyyətçinin üzərinə qoyulmuşdur. Belə olduğu halda məhkəmə hesab edir ki, cavabdeh təşkilat əsassız olaraq, sudan istifadəyə görə olan borcun ödənişini iddiaçıdan tələb etmişdir. Ona görə də, iddia tələbi əsaslı və qanuni olduğuna görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə aid 054991 nömrəli abonent kodu üzrə keçmiş abonent X5 hesablanmış 6506,90 (altı min beş yüz altı manat, 90 qəpik) manat borcun İddiaçı tələb edilməsi qanunsuz hesab edilsin. İddiaçı ilə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin su və kanalizasiya xidmətinə qoşulması haqda müqavilənin bağlanması və su sayğacının quraşdırılsın. Cavabdeh ASC-dən dövlət rüsumuna görə 85 (səksən beş) manat dövlət nəfinə tutulsun. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar