Məhkəmə qərarları › İş №2(004)-2494/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2494/2025

01.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2494/2025 01.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, öz işinə qayıtmağa köməklik göstərilməsini, 2024-cü ilin iyun ayından başlayaraq onun əmək haqlarının yenidən bərpa olunmasını, ona dəymiş maddi və mənəvi zərər ödənilməklə onun xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özü YAP üzvüdür, Cəlilabad rayon Qarazəncir kənd “Dəmir Yumruq” təşkilatının sədridir. 2019-cu il fevral ayından, 2024-cü ilin may ayının 24-nə kimi - 5 ( beş) ildən yuxarı “DOST” iş mərkəzində köməkçi kimi, sonra da sahə rəisi kimi işləmişdir. Onu “DOST” iş mərkəzi 2024-cü il may ayının 24-ü qeyri-qanuni işdən azad eləmişdir. Guya, ona 3 dəfə xəbərdarlıq olunub, sonra da haqqında qeyri-qanuni akt tərtib olunub. Sonra da onun “DOST” iş mərkəzi işdən çıxması barədə qeyri-qanuni əmrini vermişdir. 03 aprel 2024-cü il tarixdə “DOST” iş mərkəzindən gələn yoxlama onu görməyərək və tanımıyaraq, onun işdə olmadığını qeyd eləmişdir, halbuki o ərazidə olmuşdur, hadisəyə şahid qismində onlara nəzarət edən Cəlilabad rayon Qarazəncir kənd ərazi nümayəndəsi - Mustafayev Səməd göstərilmişdir. Daha sonra o bir neçə gün sonra Cəlilabad rayon kommunal müəssisələri kombinatına çağırılmışdır və orada izahat yazmışdır ki, o həmin gün işdə olmuşdur, ərazidə olmuşdur. Sonra “DOST” iş mərkəzinin yoxlaması xx.xx.2024-cü ildə yenidən onu işdə yoxlamış və onun işdə olmağına şahid olmuşlar və onun şəklini də çəkmişlər, sonra da ona demişlər ki, onunla bağlı heç bir problemləri yoxdur, onları sən izahatı elə yazdığına görə “DOST” iş mərkəzinin direktoru Firudun Cəbrayılov 2 dəfə aprel ayında göndərmiş, “DOST” iş mərkəzinin yoxlaması onu işdə gördüklərini bildirmişlər və 02 noyabr 2021-ci ildə və 02 noyabr 2023-cü ildə də o bu günlərdə bülletendə olmuşdur, həmin bülletenlərin əslini o Bakı şəhəri, Yasamal rayonu ünvanına göndərmişdir və həmin büllətenlərin “DOST” iş mərkəzindən pulunu almışdır. Həmin büllətenlərin surəti ondadır. “DOST” iş mərkəzi yalandan və qeyri-qanuni onun haqqında həmin günlərə, guya o işdə olmaması ilə bağlı aktlar tərtib eləmişlər. Necə olmuşsa, ona 3 dəfə xəbərdarlıq olmuşdur. Hamısı yalan və qeyri-qanuni. Sonra da həm Dövlət Mə.ğulluq agentliyi həm də “DOST” iş mərkəzi ona bu qanunsuz məktubları göndəriblər, o da onun əlində sübutdur. Sonra da “DOST” iş mərkəzi 2024-cü il may ayının 24-də qeyri-qanuni olaraq onu əmək müqaviləsinin müddətinin qurtarması maddəsi ilə işdən qeyri-qanuni azad eləmişdir. 8 (səkkiz) aya yaxındır ki, işsizdir. 2024-cü ilin iyun ayından bu günə kimi o ağır şəkər xəstəliyi tapmış, ağır ürək və təzyiq xəstəliyinə tutulmuşdur. Cavabdeh "xxxx" MMC iddiaya etirazını elektron kabinet vasitəsilə məhkəməyə təqdim edərək, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əməkhaqqı, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 Sərəncamı ilə 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilmişdir. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının aşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biridir. Bu dövlət proqramı 2019-2030-cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələrin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yaralanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOSTu” proqramına başlanılmışdır. Həmin proqram "xxxx" MMC tərəfindən icra olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları"nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Qeyd olunan Qanunların tələbləri nəzərə alınaraq tərəflərin qarşılıqlı razılığı ilə İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2024cü il tarixində əmək müqaviləsi bağlanılaraq Cəlilabad rayon Kommunal Müəssisələri Kombinatına təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş və son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ödənilmişdir. Müqavilənin qeyd edilən bəndindən açıq-aydın görünür ki, müqavilə üzrə müəyyən edilmiş 1 (bir) aylıq müddət başa çatdıqda onun uzadılması eyni şərtlərlə, yəni 1 (bir) ay müddətinə uzadıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən haqqı ödənilən ictimai işlər görülərkən müddətli əmək müqaviləsinin bağlanılması nəzərdə tutulmuşdur. İddiaçı özü də əvvəlcədən onunla müddətli əmək müqaviləsi bağlanılmasına razı olmuş və həmin dövrlərdə bu halı heç vaxt mübahisələndirməmişdir. Yalnız onunla bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra müqavilə üzrə maddi hüquq normalarının pozulmasına istinad edərək hazırkı iddia ilə əsassız olaraq məhkəməyə müraciət etmişdir. Qeyd edilən əmək müqaviləsi ölkə miqyasında icra olunan, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluğunun təmin edilməsini nəzərdə tutan müddətli layihənin həyata keçirilməsindən irəli gəlmiş, vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək və bir çox vətəndaşın həmin layihədən yaralanması layihənin əsas prioritetlərindən hesab edilmişdir. Sözügedən əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən bu hal, yəni şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilən hallar siyahısına daxil edilmişdir. Əmək müqaviləsi 1 ay müddətə nəzərdə tutulmuş, 1 aylıq müddət başa çatdıqdan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsini tələb etmədikləri halda müqavilənin eyni şərtlərlə il sonunadək uzadılması şərti qeyd edilmişdir. Məlumat üçün bildirilir ki, hazırki mübahisə üzrə cavabdeh MMC olsa da, həmin MMC-nin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsidir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Belə olan halda məhkəmə hazırki hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab etməlidir. Dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır, lakin müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınmalıdır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövlətin daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, müddətli, xüsusən 1, 2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır, lakin hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. Əlavə olaraq bildirirlər ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə həmin dövrdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilmişdir. Xitam zamanı qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsində qeyd olunur ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir, lakin müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Qanunverici “əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur” ifadəsini maddəyə daxil etməklə məsələyə aydınlıq gətirmişdir. Bu maddəyə əsasən müddətli əmək müqaviləsinin uzadılmasının tərəflərin iradə ifadə etməsindən əlavə cəmi bir yolu vardır. Yəni işçi heç bir etiraz olmadan müddətli əmək müqaviləsi müddəti bitməsindən sonra da əvvəl olduğu kimi maneəsiz işləməlidir və işəgötürən bu hala etiraz etməməlidir. Bu halda müqavilə uzadıla bilər. Qanunverici müqavilənin uzadılmasının digər halını müəyyən etməmişdir. Göstərilən hal müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi baxımından da yolverilməzdir. Belə ki, iddia təmin edildiyi halda məhkəmə işəgötürənin üzərinə öhdəlik qoyur ki, işçi ilə yenidən müqavilə bağlasın. Halbuki müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi bazar iqtisadiyyatının ən ümdə prinsiplərindən biridir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi, həmçinin məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən “Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər”. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq işə bərpa olunmaq üçün məhkəməyə iddia qaldırmaq müddətini İddiaçı ötürmüşdür. Həmçinin cavabdeh "xxxx" MMC elektron kabinet vasitəsilə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddia müddəti tətbiq edərək İddiaçı cavabdeh "xxxx" MMCyə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əməkhaqqı, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2024- cü il tarixində əmək müqaviləsi bağlanılaraq Cəlilabad rayon Kommunal Müəssisələri Kombinatına təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş və son haqq-hesabı ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən “Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-1ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumatlar ərizədə göstərilməlidir. “Mediasiya haqqında” Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Hesab edirlər ki, İddiaçı iddia müddətini buraxmış, həmçinin iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, İddiaçı ilə "DOST İş Mərkəzi” MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş, İddiaçı mübahisənin məhkəməyədək həll edilməsi üçün ilk öncə mediasiya prosesinin tətbiqi barədə xx.xx.2024- cü il tarixli təkliflə "xxxx" MMC-yə müraciət etmiş, təklif "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixində cavablandırılmış, xx.xx.2025-ci il tarixində "xxxx" MMC-nin nümayəndəsinin və iddiaçının iştirakı ilə mediasiya sessiyası keçirilmiş və mediator tərəfindən tərəflərə müvafiq arayış təqdim edilmişdir. Daha sonra İddiaçı isə iddia müddətini ötürdükdən sonra xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Göründüyü kimi İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürdükdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən Qanunların tələblərinə əsasən İddiaçı iddia müddətini ötürdüyündən əmək müqaviləsi üzrə iddia tələbləri iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizənin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İş materiallarında olan işçi İddiaçı ilə işəgötürən "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən Zeynalov X3 rayonu, təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu əmək müqaviləsi “47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əmək edilməklə onların qarşılıqlı razılığı ilə (Az. Res. Əmək Məcəlləsi)” bəndində qeyd olunan səbəbə görə xx.xx.2024 tarixindən xx.xx.2024 tarixədək 1 ay 1 gün müddətinə bağlanmışdır. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən işçi İddiaçı ilə işəgötürən "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müddətli əmək müqaviləsinə əsasən Zeynalov X3 rayonu, təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə aylıq 345 manat əmək haqqı ilə işə qəbul edilmişdir. Müqavilənin bitmə tarixi xx.xx.2024-cü il müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 24 may 2024-cü il tarixli, 3-17-7/3-2- 5815/2024 saylı əmrindən çıxarışa əsasən “DOST İş Mərkəzi" MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Cəlilabad rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışan İddiaçı (FİN: xxxxxxx) əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi, İddiaçı xx.xx.2024-cü il tarixinə qədər olan son haqq hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilməsi əmr edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən işçi İddiaçı ilə işəgötürən "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə 68.2.b əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin İddiaçı ünvanladığı 1 iyul 2024-cü il tarixli, 3- 17-7/2-Z-35934/2024 nömrəli müraciətə cavab məktubuna əsasən İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) işaxtaran və ya işsiz kimi qeydiyyata alınmadığından münasib işlə təmin edilməyi üçün müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Qeyd edilənlərə uyğun olaraq Agentliyin X1 filialının (bundan sonra - Filial) əməkdaşı tərəfindən onunla əlaqə (***-***-**-**) saxlanılaraq MElS-də işaxtaran və ya işsiz kimi qeydiyyata alınmağı, həmçinin məşğulluğunun təmin edilməsi istiqamətində lazımi tədbirlərin görülməsi məqsədilə MEİS-də (emas.sosial.gov.az) işaxtaran kimi qeydiyyatdan keçməyi və ya Cəlilabad rayon xidmət şöbəsinə (ünvan: ünvan 3rliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST İş Mərkəzindən (bundan sonra - Mərkəz) verilən məlumata əsasən nəzərinə çatdırırlar ki, onunla Mərkəz arasında əmək müqaviləsi bağlanılaraq Cəlilabad rayon Kommunal Müəssisələri Kombinatına (bundan sonra - İcraçı qurum) təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə sosial işçi vəzifəsinə təhkim olunmuşdur. Cəlilabad Rayon icra Hakimiyyəti, İcraçı qurum və Mərkəz arasında xx.xx.2019-cu il tarixli bağlanmış "İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”in 4.4-cü bəndinə əsasən işçi qüvvəsi Mərkəzin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, onların iş yerlərinin təşkilinə, əmək nizam-intizamına və gündəlik fəaliyyətinə İcraçı quruma birbaşa cavabdehdir. Bütün işçilər İcraçının tapşırığı və onun birbaşa nəzarəti altında fəaliyyət göstərirlər. Bildirirlər ki, ictimai işçilərin əməkhaqları təhkim olunduqları İcraçı qurum tərəfindən Mərkəzə təqdim edilən işə davamiyyət cədvəllərinə (tabelə) əsasən ödənilir. İcraçı qurum tərəfindən 2019-cu ilin fevral, mart və aprel ayları üzrə Mərkəzə təqdim edilən işə davamiyyət cədvəllərində (tabellərdə) adı qeyd edilmədiyindən ona əməkhaqqı hesablanmamışdır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı ona məxsus 500537 nömrəli (xx.xx.2019-xx.xx.2019-cu il tarixləri üzrə) xəstəlik vərəqəsi üçün Mərkəz tərəfindən 36.44 manat, Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - DSMF) tərəfindən 21.86 manat müavinət ödənilmişdir. Ona məxsus ******* nömrəli (xx.xx.2021-xx.xx.2021-ci il tarixləri üzrə) xəstəlik vərəqəsi üzrə Mərkəz tərəfindən 59.75 manat, DSMF tərəfindən 89.63 manat, ******* nömrəli (xx.xx.2023xx.xx.2023-cü il tarixləri üzrə) xəstəlik vərəqəsi üçün isə Mərkəz tərəfindən 44.40 manat müavinət bank hesabına köçürülmüşdür. Mərkəz tərəfindən ictimai işçilərin işə davamiyyətinə dair mütəmadi olaraq regionlar üzrə müvafiq qaydada monitorinqlər təşkil olunur və mənfi hallar aşkar edildikdə qanunvericiliyə uyğun tədbirlər görülür. Cəlilabad rayonu üzrə haqqı ödənilən ictimai işlərə təhkim olunmuş işçilərin işə davamiyyətinin yoxlanılması məqsədilə Mərkəz tərəfindən xx.xx.2021-ci il, xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixlərində keçirilmiş monitorinq tədbirləri zamanı onun iş saatlarında təhkim olunduğu iş yerində olmadığı müşahidə olunmuş və İcraçı qurumun iştirakı ilə aktlar tərtib edilmişdir. İcraçı qurum tərəfindən Mərkəzə təqdim edilən ictimai işçilərin işə davamiyyət cədvəlinə (tabelə) əsasən Sizə cari ilin aprel ayı üçün 19 iş günü hesablandığından 309.72 manat əməkhaqqı bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) uyğun olaraq onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və son haqq-hesab ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin İddiaçı ünvanladığı 16 iyul 2024-cü il tarixli, 3- 17-7/2-Z-30289/2/2024 nömrəli müraciətə cavab məktubuna əsasən onunla Mərkəz arasında əmək müqaviləsi bağlanılaraq Cəlilabad rayon Kommunal Müəssisələri Kombinatına (bundan sonra - İcraçı qurum) təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə sosial işçi vəzifəsinə təhkim olunmuşdur Cəlilabad rayonu üzrə haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü Cəlilabad Rayon İcra Hakimiyyəti, İcraçı qurum və Mərkəz arasında xx.xx.2019-cu il tarixli bağlanmış "İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş"lə müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənir. Cəlilabad rayonu üzrə haqqı ödənilən ictimai işlərə təhkim olunmuş işçilərin işə davamiyyətinin yoxlanılması məqsədilə Mərkəz tərəfindən xx.xx.2021-ci il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində keçirilmiş monitorinq tədbirləri zamanı onun iş saatlarında təhkim olunduğu iş yerində olmadığı müşahidə olunmuş və İcraçı qurumun iştirakı ilə aktlar tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalan”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qəran”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) uyğun olaraq onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş və son haqq-hesab ödənilmişdir. Sosial rifahının və dayanıqlı məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq Regional Məşğulluq filialına müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışa əsasən İddiaçı şəkərli diabet diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 588 nömrəli Azərbaycan Respublikası “TƏBİB” publik hüquqi şəxsi “Cəlilabad rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin X2 şöbəsinin arayışına əsasən İddiaçı şəkərli diabet tip 2 orta ağır aşağı ətrafların angiopatiyası diaqnozu qoyulmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (yeni redaksiyada - müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur). 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin 4-cü hissəsinə əsasən pul və və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin maddənin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikasının Qanununun: 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 32.4.2-ci maddəsinə əsasən Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış müddətli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 1 ay 1 gün müddətinə Cəlilabad rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsinə və iddiaçının bu barədə məlumatlı olmasına baxmayaraq, İddiaçı tərəfindən mediasiyanın tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixdə göndərilmiş, mediasiya sessiyası xx.xx.2025-ci il tarixdə keçirilmiş və xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən məlumatlı olsa da, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunvericiliklə müəyyən edilmiş 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmiş və əmək münasibətlərindən əmələ gələn tələb üzrə iddia müddətini ötürmüşdür. Məhkəmə iddiaçının ona dəymiş maddi və mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə münasibətdə qeyd edir ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Göründüyü kimi, iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, hansı mənəvi sarsıntı və iztirablar keçirməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini rəhbər tutaraq, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsasında iddia müddətini tətbiq edərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar