Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3829/2025 07.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu İddiaçı cavabdeh X3 Cəmiyyətinin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və ödənilməmiş əmək haqqı” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X3 Cəmiyyətinin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və ödənilməmiş əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə elektron qaydada Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edi ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalanmağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə, hazırkı iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, X3 Cəmiyyətinin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin cavabdeh qismində çıxış etməyə prosessual fəaliyyət qabiliyyəti yoxdur. Məhkəmə, bu qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 fevral 2024-cü il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə əsaslanmışdır. Belə ki, qeyd olunan Plenum qərarda göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə uyğun olaraq, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, işdə iştirak mülki prosessual fəaliyyət qabiliyyətinin olması ilə şərtləndirilməklə fiziki şəxslərdə yetkinlik yaşına çatma halında yaranmış hesab olunur. Hüquqi şəxslərə gəldikdə isə onların mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti eyni anda, hüquqi şəxsin dövlət qeydiyyatına alındığı andan yaranır. Yəni, hüquqi şəxsin mülki prosessual hüquq qabiliyyəti onun maddi hüququn subyekti olduğu andan əmələ gəlir. Hüquqi şəxsin struktur vahidlərinə münasibətdə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 53.1 və 53.2-ci maddələrinə görə, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi isə filial sayılır. Mülki Məcəllənin 53.3 və 54.2-ci maddələrinə əsasən, hüquqi şəxsin nümayəndəlikləri, filiallar, eləcə də idarələri hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Beləliklə, hüquqi şəxsin filial və nümayəndəlikləri hüquqi şəxsin təsdiq etdiyi əsasnamədə əks olunmuş hüquqları əldə edir və vəzifələr daşıyır, idarələri də Mülki Məcəllənin 54.3 və 54.4-cü maddələrinə uyğun olaraq, ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Vurğulanmalıdır ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır. Yuxarıda da qeyd olunduğu kimi, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir. Qeyd olunanlardan aydın olur ki, hazırki iddia üzrə cavabdeh qismində X3 Cəmiyyətinin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi yox, onu yaratmış hüquqi şəxs çıxış edə bilər. Bununla yanaşı, o da qeyd edilməlidir ki, yuxarıda şərh olunan Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “X1rşı” iş üzrə 1985-ci il 28 may, “Bellet Fransaya qarşı” iş üzrə 1995-ci il 4 dekabr tarixli qərarlarda göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iş üzrə iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-nin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.3-cü maddəsinin tələblərinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X3 Cəmiyyətinin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və ödənilməmiş əmək haqqı” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3829/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3829/2025
07.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver