Məhkəmə qərarları › İş №2(004)-2499/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2499/2024

12.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2499/2024 12.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və X9 qarşı “mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “ümumi mülkiyyətdə olan əşyada payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və X9 qarşı “mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X12 ilə birlikdə və Cavabdeh2 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildən çıxarılması və cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X12 ilə birlikdə və Cavabdeh2 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə istifadə hüququna 7200 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2024cü il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildə keçmiş gəlini Cavabdeh1, nəvələri xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X12 və Cavabdeh2 istifadə hüquqlarının olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “ümumi mülkiyyətdə olan əşyada payların müəyyən edilməsi” tələbinə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, ümumi mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildə onun 1/3 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, ilkin iddiaçı uzun müddət Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmət etmişdir. Belə ki, 2002-ci il tarixdə N saylı hərbi hissənin komandanlığının verdiyi arayışa əsasən N nömrəli xx.xx.2001-ci il əmrlə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Bakı şəhəri, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi 289 saylı evin 7 saylı mənzili 1993-cü il tarixdə xidməti mənzil kimi ilkin iddiaçıya verilmişdir. Belə ki, həmin ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən mübahisəli mənzil xidməti yaşayış məqsədilə ilkin iddiaçıya ayrılmışdır. Mübahisəli mənzilin yaşamaq üçün xidməti orderlə ilkin iddiaçıya verilməsini təsdiq edən sənəd xx.xx.2001-ci il tarixli arayışdır. Həmin arayışda göstərilir ki, ilkin iddiaçıya mübahisəli mənzil ilə bağlı 002967 saylı xidməti order verilmişdir. Bu orderə əsasən ilkin iddiaçı və övladları mənzildə qeydiyyata alınmışdır. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Hissəsinin 1 nömrəli evlər idarəsinin rəisi xx.xx.2001-ci il tarixdə göstəriş vermişdir. Münasibətlərin yarandığı dövrə olan qanuna görə xidməti yaşayış sahəsində istifadə hüququ əmələ gəlmir. Belə ki, keçmiş Mənzil Məcəlləsinin yuxarıda göstərilən normalarından istifadə hüququnun əmələ gəlməsinin qeyri-mümkün olması görünür. Odur ki, cavabdehlərin mənzildə hər hansı istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olmamışdır. Cavabdeh1 xx.xx.2003-cü il tarixdə Yevlax rayon Qoyunbinəsi kənd icra nümayəndəliyində 23 nömrəli akt qeydinə əsasən ilkin iddiaçının oğlu ilə bağlanılmış nikahdan sonra mübahisəli mənzilə köçdüyünü bildirir. Həmin vaxt mənzil ilkin iddiaçının xidməti istifadəsində idi. Belə ki, Yasamal rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2004-cü il tarixdə verilən 464 nömrəli sərəncamla mübahisəli mənzil Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ilkin iddiaçıya verilmişdir. İlkin iddiaçıya xx.xx.2004-cü il tarixli daimi order verilmişdir. Ona görə də cavabdehlərin hər hansı istifadə hüququnun yaranmasından söhbət gedə bilməz. Mübahisəli mənzil Azərbaycan Respublikasının Prezidentinin tapşırığı ilə xx.xx.2004-cü il tarixdə ilkin iddiaçıya verildiyi üçün Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə onun xüsusi mülkiyyətinə verilmişdir. 2004-cü ilin iyul tarixli məktubla Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi qeyd edir ki, mənzilə verilmiş xidmətin orderin daimi orderlə əvəz olunması Azərbaycan Respublikasının Prezidenti ilə görüş zamanı Bakı şəhəri İcra Hakimiyyətinin Başçısına tapşırılmışdır. Ona görə də mənzilin orderi Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının sərəncamı ilə dəyişdirilmişdir. Prezidentin göstərişi ilə order dəyişdirildiyi üçün mənzilin orderinin qəbul olunması qanuna uyğundur. Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 464 nömrəli orderlə mübahisəli mənzil Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ilkin iddiaçıya verilmişdir. Beləliklə cavabdehlərin köçən zaman mübahisəli mənzil xidməti istifadədə olduğu üçün onların həmin mənzildə istifadə hüququnun yaranması istisna olunur. Əgər onların istifadə hüquqları olsaydı mənzilə köçdükləri zaman mənzilə qeydiyyata düşərdilər. Çünki həmin vaxt mənzil yalnız ilkin iddiaçı və övladlarının xidməti istifadəsində olmuşdur və onlardan başqa heç kim mənzilə qeydiyyata düşə bilməzdi. Sonradan 2004-cü il tarixdə cavabdehlər ona görə mübahisəli mənzilə qeydiyyata düşüblər ki, həmin vaxt artıq mənzil ilkin iddiaçının mülkiyyətində idi. Ona qədər mənzil xidməti yaşayış sahəsi kimi verilmişdir, xidməti yaşayış sahəsinə isə yalnız adına xidməti order verilən şəxslər qeydiyyata düşə bilərdi. Cavabdehlərdən fərqli olaraq ilkin iddaçı, onun oğlu Ceyhun və qızı Şəmihə isə mənzil xidməti mənzil kimi istifadədə olarkən 2001ci il tarixdə ora qeydiyyata düşmüşdürlər. Yalnız xx.xx.2004-cü il tarixdə mənzil ilkin iddiaçının xüsusi mülkiyyətinə keçdikdən sonra cavabdehlər qeydiyyata düşə bilmişdirlər. Artıq mənzil xüsusi mülkiyyətə verildiyi üçün mənzilə qeydiyyata düşmək hüquqi cəhətdən mümkün olmuşdur. xx.xx.2004-cü il tarixdə mənzil ilkin iddiaçının mülkiyyətinə verildikdən sonra isə iddiaçı ilə cavabdehlər arasında mənzildən istifadə hüququnun yaranmasına dair ilkin iddiaçı tərəfindən notarial qaydada razılıq verilməmiş və bu barədə müqavilə imzalamamışdır. Odur ki, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında nümayəndəsi və vəkili Vəkil2 ilə eyni məzmunlu izahat verərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında göstərir ki, onunla bir evdə yaşamaq mümkün deyildir. Keçmiş gəlini onu təhqir edir, ona çox kobud davranır. Artıq bu dözülməz hal almışdır. Digər cavabdeh nəvəsidir, yetkinlik yaşına çatmışdır. Oğlu onlarla birgə yaşamır. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə etdi, ilkin iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Yasamal rayon məhkəməsinin icraatında ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehə qarşı Yasamal rayonu, H/Ş Qızıl Şərq küçəsi 289 saylı evin 7 saylı mənzilindən uşaqları ilə birlikdə çıxarılmağı barədə 2(004)-2499/2024 saylı mülki iş vardır. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh İddiaçı oğlu X6 ilə 14 dekabr 2003-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və nikahları Yevlax rayonu Qoyunbinəsi kənd icra nümayəndəliyində qeydiyyata alınmışdır. Birgə nikahdan üç uşaqları - xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X10 doğulmuşdur. Nikahlarından sonra qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin və əri X2 da yaşadığı ünvan 2 ünvanda pasport qeydiyyatına alınmışdır. Mənzilə köçəndən sonra o da digər ailə üzvləri kimi mənzildən istifadə etmiş, mənzilin təmir edilməsində və abadlaşdırılmasında iştirak etmişdir. İddiaçı köçəndə mənzilin DƏDRX-də qeydiyyatı olmamış, ailə üzvlərinin ümumi mülkiyyətinə daxil olmaqla xx.xx.2004-cü ildə tarixdə 30/201378 nömrə ilə İddiaçı adına qeydiyyata alınmışdır. O halhazırda da uşaqları ilə birlikdə həmin mənzildə yaşayır, başqa yerdə yaşamaq imkanları yoxdur. 2022-ci ilin sentyabr ayında əri X6 ilə nikahları pozulmuşdur, uşaqlar iddiaçının yanında qalırlar. Ona görə də hesab edir ki, İddiaçı mənzilə dair qarşılıqlı iddia tələbi üzrə iddiaçının istifadə hüqunun olmaması əsası ilə mənzildən çıxarılmağına dair tələbi əsassızdır, onun və uşaqlarının mənzildən istifadə hüququ yaranmışdır və ümumi əmlakdan ona düşən pay məhkəmə qaydasında müəyyən edilməlidir. Odur ki, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi xahiş etmişdir. İlkin iddia tələbi üzrə cavabdeh X9 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq ilkin iddia tələbi üzrə cavabdeh X7 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Mənzil Fondunun sədrinin xx.xx.1993-cü il tarixli 559 nömrəli arayışından müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil İddiaçı verilməsi qeyd edilmişdir. xx.xx.2001-ci il tarixli 002967 nömrəli xidməti orderdən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil İddiaçı daimi yaşamaq üçün verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin verdiyi xx.xx.2004-cü il tarixli 1186/5 nömrəli məktubundan müəyyən edilir ki, Qırmızı Şərq küçəsi ev 289 ünvanında yerləşən 7 saylı mənzilə verilmiş xidməti orderin daimi orderlə əvəz olunması Azərbaycan Respublikası Prezidenti ilə görüş zamanı Bakı şəhəri İcra Başçısına tapşırılmışdır. Ona görə də mənzilin orderi Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə dəyişdirilmişdir. Prezidentin göstərişi ilə order dəyişdirildiyi üçün mənzilin orderinin qəbul olunması qanuna uyğundur. Bakı şəhəri Yasamal İcra Hakimiyyətinin verdiyi 08 iyun 2004-cü il tarixli 030795 nömrəli orderdən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil Bakı şəhəri Yasamal İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli 464 nömrəli sərəncamı ilə İddiaçı verilmişdir. Orderdə onun özü, oğlu Hacıyev S.M, qızı Hacıyeva S.M qeyd edilmişdir. N saylı hərbi hissə komandirinin N nömrəli əmrindən xx.xx.2002-ci il tarixli çıxarışdan müəyyən edilir ki, X4 hərbi hissənin N nömrəli xx.xx.2001-ci il əmr ilə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsinin verdiyi ÖM seriyalı 203221 nömrəli qeydiyyat vəsiqəsindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Yasamal rayon hərbi Komissarlığının verdiyi xx.xx.2010-cu il tarixli 299 nömrəli arayışından müəyyən edilir ki, sıravi 1956-cı il təvəllüdlü kiçik çavuş X4 xx.xx.1995-ci ildən xx.xx.2001-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası DİN-nin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh1, xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X12 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhəri Mənzil-İstismar Hissəsi 1 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 115 nömrəli arayışından müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildə İddiaçı 2001-ci ildən, Cavabdeh1 2004-cü ildən, xx.xx.2016-cı il təvəllüdlü X10 2016-cı ildən, xx.xx.2008-ci il təvəllüdlü X12 2008-ci ildən və Cavabdeh2 2004-cü ildən qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar Hissəsi 2 nömrəli Mənzil-İstismar Sahəsinin verdiyi xx.xx.2024-cü il tarixli 262 nömrəli arayışından müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildə yaşayan İddiaçı xx.xx.2024-cü il tarixinə onun mənzilinin kommunal xərclərinə görə 95 manat borcu vardır. Həmin borc 2018-ci ilin avqust ayından 2024-cü ilin iyun ayınadək olan dövrü əhatə edir. AZ-Ə 05 7169 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, X6 ilə X3 arasında xx.xx.2003-cü il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Hacıyeva soyadı verilmişdir. AZ-İİ 105239 nömrəli, AZ-İİİ 793097 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X8 atası X6, anası Cavabdeh1dır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2618/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, X6 ilə Cavabdeh1 arasında olan xx.xx.2003-cü il tarixli nikahın pozulması, xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X8 Cavabdeh1 yanında qalması və onların saxlanması üçün hər ay hər birinə 100 manat olmaqla, ümumilikdə 300 manat alimentin X1 tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş həqiqi halları və rəsmi sənədlərlə təsdiq edilir ki, Bakı şəhəri, Hərbi şəhərcik, Qırmızı Şərq küçəsi 289 saylı evin 7 saylı mənzili 1993-cü il tarixdə xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ilkin iddia üzrə iddiaçıya verilmişdir. Belə ki, həmin ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən mübahisəli mənzil xidməti yaşayış məqsədilə ilkin iddiaçıya ayrılmışdır. Mübahisəli mənzilin yaşamaq üçün xidməti orderlə ilkin iddiaçıya verilməsini təsdiq edən sənəd xx.xx.2001-ci il tarixli arayışdır. Həmin arayışda göstərilir ki, ilkin iddiaçıya mübahisəli mənzil ilə bağlı 002967 saylı xidməti order verilmişdir. Bu orderə əsasən ilkin iddiaçı və övladları mənzildə qeydiyyata alınmışdır. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Hissəsinin 1 nömrəli evlər idarəsinin rəisi xx.xx.2001-ci il tarixdə göstəriş vermişdir. Yasamal rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2004-cü il tarixdə verilən 464 nömrəli sərəncamla mübahisəli mənzil Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ilkin iddiaçıya verilmişdir. İlkin iddiaçıya xx.xx.2004-cü il tarixli daimi order verilmişdir. Mübahisəli mənzil Azərbaycan Respublikasının Prezidentinin tapşırığı ilə xx.xx.2004-cü il tarixdə ilkin iddiaçıya verildiyi üçün Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. 2022-ci ildə iddiaçının oğlu ilə cavabdeh arasında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqlar cavabdehin yanında saxlanılmışdır. Hal-hazırda cavabdeh uşaqları və iddiaçı ilə birlikdə həmin evdə yaşayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Nəzərə alınmalıdır ki, tərəflər arasında olan mübahisəli hüquq münasibətləri (yəni mübahislə mənzillə bağlı hüquqlar) 2000-ci ildən sonra yaranmışdır. Belə ki, Cavabdeh1 sözügedən mənzilə 2003-cü ildə gəlin köçmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbinə baxılarkən 2000-ci ilin sentyabr ayının 1-də qanuni qüvvəsini almış Mülki Məcəlləsinin müddəalarına istinad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüququ münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu səlahiyyət əsasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir (hazırkı halda mənzildə yaşayır). Əşyadan istifadə etmək əşyaya münasibətdə şəxsin öz mənafeləri üçün hərəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosial-təsərrüfat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. İstifadə obyekti mənzil olduğu halda, ondan istifadə həmin mənzildə yaşamaqdan ibarətdir. Göründüyü kimi, mənzilə köçürmə tələbinin əsas və yeganə məqsədi, tələb edəni mənzildə yerləşdirməklə, onun mənzildən istifadəsinin təmin olunmasıdır. Mülkiyyətin toxunulmazlığı, mülkiyyətçinin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqları Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikası Mülki Məcəlləsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolu ilə təmin edildiyindən, məhkəmə tərəfindən mülkiyyət hüququna xitam verilməsi və yaxud onun məcburi məhdudlaşdırılması yalnız buna qanuni əsas olduqda mümkündür. Nəzərə alınsa ki, hər hansı şəxsin xüsusi mülkiyyətdə olan yaşayış sahəsinə məcburi köçürülməsi mülkiyyətçinin mülkiyyət hüquqlarına toxunur, tələb edənin mübahisəli yaşayış sahəsinə köçürmə tələbinə qiymət verməkdən əvvəl, yaşayış sahəsindən istifadə hüququnun olubolmaması mütləq müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə ilkin iddia üzrə cavabdehin ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilinə istifadə hüququnun yaranıb-yaranmaması halı müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildə qeydiyyatda olsa da, o, həmin mənzildən mülkiyyət hüququnun elementlərindən biri kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu qazanmamışdır. Belə ki, qeyd olunan mənzil ilkin iddia üzrə iddiaçıya xidməti yaşamaq üçün verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdehlərin mübahisəli mənzildən qeydiyyata alınması zamanı ilkin iddia üzrə iddiaçının razılıq ərizəsi mövcud deyildir və dövlət reyestrində qeydiyyata alınmamışdır. İlkin iddia üzrə ddiaçı hazır ki, iddia tələbinin təmin edilməsinə əsas kimi onu göstərmişdir ki, ilkin iddia üzrə cavabdehin mənzildə istifadə hüququ yoxdur, lakin buna baxmayaraq onun mənzilini boşaltmır. Bu halda onun mənzil ilə bağlı mülkiyyət hüquqları məhdudlaşdırılır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, “ilkin iddia üzrə cavabdehin ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildə istifadə hüququnun olmaması barəsində” hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdeh1 və Cavabdeh2, ilkin iddia üzrə iddiaçının yetkinlik yaşına çatmayan nəvələri 2008-ci il təvəllüdlü X8, 2016-cı il təvəllüdlü X5 ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia üzrə cavabdehin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna malik olmadığı halda ilkin iddia üzrə iddiaçının mülkiyyətində olan mənzildə yaşamağa davam etməsi mülkiyyətçinin mənzil üzərində mülkiyyət hüququnun pozuntusunu yaradan hal kimi qiymətləndirilə bilər. Odur ki, ilkin iddia tələbi təmin edilməlidir. Həmçinin məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, mübahisəli mənzildən qarşılıqlı iddia üzrə iddiaçının payı yoxdur. Belə ki, qeyd olunan mənzil İddiaçı xidmət etdiyi dövrdə (1993-cü ildə) hərbi hissə tərəfindən verilmişdir, daha sonra daimi yaşamaq üçün 2004-cü ildə order verilmişdir. Həm xidməti orderdə, həm də daimi orderdə yalnız özü, oğlu və qızının adı qeyd edilmişdir. İddiaçıya mübahisəli mənzil verildiyi zaman cavabdeh həmin evə hələ gəlin gəlməmiş və həmin evdə yaşamamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin oğlu ilə nikahda olmuş, yəni qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olan əmlakdan hər hansı payı mövcud deyildir və qanunvericilikdə belə bir hal nəzərdə tututulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, yetkinlik yaşına çatmayan nəvələri 2008-ci il təvəllüdlü X12, 2016-cı il təvəllüdlü X10 ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildən istifadə hüquqlarının olmaması müəyyən edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, yetkinlik yaşına çatmayan nəvələri 2008-ci il təvəllüdlü X12, 2016-cı il təvəllüdlü X10 ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildən çıxarılmalıdırlar. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “ümumi mülkiyyətdə olan əşyada payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, yetkinlik yaşına çatmayan nəvələri 2008-ci il təvəllüdlü X12, 2016-cı il təvəllüdlü X10 ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildən istifadə hüquqlarının olmaması müəyyən edilsin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2, yetkinlik yaşına çatmayan nəvələri 2008-ci il təvəllüdlü X12, 2016-cı il təvəllüdlü X10 ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildən çıxarılsınlar. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “ümumi mülkiyyətdə olan əşyada payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar