Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2518/2025 11.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (Bakı şəhəri 53 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş reyestrdan çıxarışın ləğv edilməsi”, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş reyestrdan çıxarışın ləğv edilməsi və miras əmlakından payların müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğvi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh (Bakı şəhəri 53 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş reyestrdan çıxarışın ləğv edilməsi”, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş reyestrdan çıxarışın ləğv edilməsi və miras əmlakından payların müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh (Bakı şəhəri 53 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş reyestrdan çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 320 ünvanında yerləşən 0,25 ha torpaq sahəsi üzərində cavabdeh Qafar-zadə asim Əsədulla oğlunun adına xx.xx.2024-cü il tarixli Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş reyestrdan çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 320 ünvanında yerləşən 0,25 ha torpaq sahəsi mərhum babası X15-zadə oğluna məxsus olmuşdur. xx.xx.2019-cu ildə babasının birinci növbəli vərəsəsi olan qızı X8 da vəfat etmişdir. Babasından anasına çatası paya vərəsədir. Ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri, 53 saylı notariat ofisinə müraciət etsə də, müraciəti təmin edilməyib. Notariat ofisinin xx.xx.2025-ci il tarixli imtina məktubunda bildirilir ki, xx.xx.1986-cı il tarixində vəfat edən mərhum – X15-zadə oğlunun vərəsəsi olan oğlunun xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən Cavabdeh vərəsəlik işi açılmışdır. Cavabdeh mirası faktiki qəbul etmiş vərəsə təyin olunaraq xx.xx.2024-cü il tarixində miras əmlak barəsində tam hissədə vərəsəlik hüquqi haqqında şəhadətnamə verilmişdir. Bunu nəzərə alaraq ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qeyri-mümkündür. Babasının vəfatından sonra mərhum anası babasından miras qalan bağı vərəsə kimi faktiki qəbul etmiş və vəfat edən tarixədək idarə etmişdir. o da mərhum anası ilə birlikdə həmin bağ sahəsinə mütəmadi olaraq gedibgəlmişlər, hər il yay aylarında bağda birlikdə yaşamışlar və ağaclar əkmişlər. Mərhum anasının vəfatından sonra da o bağa gedib-gəlmiş və bağa qulluq göstərmişdir. Keçən ilin sonunda bağa baş çəkmək üçün gəldikdə gördü ki, bağış açarı dəyişdirilib. Maraqlananda məlum oldu ki, dayısı notariat ofisinə digər vərəsələrin olduğunu gizlədərək bağ sahəsini bütövlükdə adına keçirib.
3. Müstəqil tələb irəli sürən üçüncü şəxs X14 Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş reyestrdan çıxarışın ləğv edilməsi və miras əmlakından payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 320 ünvanında yerləşən 0,2 ha torpaq sahəsi üzərində xx.xx.2024-cü il tarixli Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və bu şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququna dair aparılmış qeydin ləğv edilməsi və vərəsələrin miras əmlakdan paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 320 ünvanında yerləşən 0,25 ha torpaq sahəsindən ibarət olan bağ sahəsi mərhum babası X15-zadə oğluna məxsus olmuşdur. Babasının xx.xx.1986-cı ildə vəfatından sonra onun qızı və onun mərhum anası babasının birinci növbəli vərəsəsi olan X8 həmin miras əmlakını xx.xx.2019-cu ildə faktiki surətdə qəbul etmiş idarə etmişdir. xx.xx.2019-ci ildə anası X3 vəfatından sonra göstərilən bağ sahəsi o və bacısı İddiaçı istifadəsində olmuşdur. Anasının vəfatından sonra mərhum babasından anasına çatası miras payına qanun üzrə vərəsədir. Babası xx.xx.1986-cı ildə vəfat etdiyindən ondan miras qalan əmlakla bağlı mübahisəyə xx.xx.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin tələblərinə uyğun həll edilməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdeh onun dayısıdır və babasından miras qalan əmlakın bölüşdürülməsində aralarında ixtilaflar yaranmışdır. Belə ki, cavabdeh demək olar ki, bağ sahəsindən daimi istifadə və idarə etməmişdir. 2024-cü ilə kimi bağ sahəsinə gəlməmişdir. Yalnız 2024-cü ildə Bakı şəhəri 53 saylı Notariat ofisində babasından qalan bağ sahəsinə vərəsəlik işi açdırdıqdan sonra Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qüvvəyə mindikdən sonra bağ sahəsinə gəlmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi təsdiq edir ki, göstərilən bağ sahəsi 2024-cü ilə kimi onun istifadəsində olub. Hazırki mülki işdə vərəsəlik münasibətləri babasının xx.xx.1986-cı ildə ölümü yaranıb bu günə kimi davam edir. O, mirasdan imtina etməmişdir. Həm xx.xx.2000ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 554-cü maddəsi, həm də xx.xx.2000-ci ildən qüvvəyə minmiş Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən mərhum babasından mərhum anasına çatası miras payına qanun üzrə vərəsədir.
İİ.Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirilmişdir ki, miras 2023-cü ildə açılıb. Miras qoyan 20 avqust 1986-cı ildə vəfat edib. Həmin zaman Tamella xanım yaşayırdı. Onlar hesab edir ki, miras miras qoyanın vəfatı tarixindən açılıb. Həmin vaxtdan da X9 mirası faktiki olaraq qəbul edib və idarə edib. Tamella xanım ailəli olub. Yayda gedib qalırdılar, bağa qulluq edib, meyvə ağacları əkirdilər. Hazırda bu mübahisəyə SSRİ məcəlləsi tətbiq olunmalıdır. Çünki babanın vəfatı 1986-cı ildə baş verib. Müvəkkili həm keçmiş, həm də indiki məcəllə ilə miras qəbul etmiş hesab olunurlar. İddiaçı da, cavabdeh də həmin bağ evindən istifadə ediblər, hər ikisi həmin bağ evinə gəlib-gediblər. Hazıda əmlakın tərəflər arasında bərabər bölünməsini istəyirlər.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, X15-zadə oğlu onun babası olub. Babasının üç övladı olub. Digəri xalası Natella olub. Xalası təxminən 2019-cu ildə vəfat edib. Mübahisə predmeti olan bağ evində uşaqlıqdan onlar böyümüşlər. Dayısı Rasimin orada yaşayışı olmayıb. Babası böyük qızına, yəni anasına açarları verib. Dayısı orada heç kim tanımır. Dayısına demişdilər ki, hərənin öz payı var, lakin anası vəfat edəndən sonra onlar həmin bağda ola-ola dayısı həmin bağı öz adına keçirmişdi. Onlar bağı bellətdirmişlər, qapı-pəncərə qoymuşlar, bir sözlə abadlaşdırmışlar. Qardaşı Murad da bağda gəlib qalırdı. O, bağa şəxsən sahiblik etməmişdir, yəni həmin dövr ərzində anası vəfat etdi və başı ona qarışdı.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs dəfələrlə məhkəməyə yalan məlumatlar verirlər. İddiaçının sərhədkeçməsi ilə bağlı məlumatlardan müəyyən olunur ki, analarının ölüm vaxtını yanvar ayı göstərməklə, onlar müəyyən faktları gizlədirlər. Belə ki, iddiaçı anasının ölümündən 5 gün sonra ölkəni tərk edir və 5 il boyunca geri dönmür. Əgər geri dönmürsə, faktiki qəbul etməkdən söhbət gedə bilməz. 30 noyabr 2023-cü ildə müvəkkili tərəfindən vərəsəlik işi açılıb. Notarius müəyyən edib ki, sənədlər köhnədir. Özəlləşdirmənin baş verməsi üçün DƏDRX-nin əməkdaşları əraziyə baxış keçirməlidir. Onlar getdilər, lakin əraziyə baxış keçirmək mümkün olmadı. İkinci dəfə də müraciət etdilər, yenə mümkün olmadı. Onlar da bilmək istəyir ki, qapıları kim bağlayıb. Açarlar Rasim bəydə olub. Sonradan gəlib və aydın olub ki, kimsə dəyişib. Rasim bəyin qızı Lamiyə Qafar-zadə də qətnamə ilə qapının qıfılının qırılmasını istəyib. Çünki vərəsəlik işinin həll olunması üçün süni şəkildə maneə yaradılırdı. Təqdim etdiyi məhkəmə iclasının video görüntüsündən də hər şey aydın olur. Müstəqil tələb irəli sürən üçüncü şəxs özü öz dili ilə etiraf edir ki, həmin bağ sahəsinə bir dəfə də olsun ayağı dəyməyib. Belə olan halda hansı şahid bunun əksini iddia edə bilər. Faktiki olaraq vərəsəliyi qəbul etməyi onunla əsaslandırır ki, notarius Cavabdeh yeganə varis kimi tanıyıb. 1986-cı ildən sonra bağa gedib-gəlib.
8. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs iddiasını müdafiə edərək bildirmişdir ki, iddiaçının qardaşıdır. Faktiki olaraq mirası qəbul etmişdir. Analarının sağlığına qədər özü bağa gedirdi və orada qalırdı. Onların məhkəmə mübahisəsi əvvəl Sabunçu rayonunda olmuşdu. Cavabdeh, yəni dayısının qızı Qafar-zadə Lamiyə ilə onların aralarında mübahisə predmeti ilə bağlı olan bağ barəsində məhkəmə olmuşdu. Cavabdeh iddiaçı idi və iddia təmin olunmuşdu. Onların 1948-49-cu ildən bağları var. Orada böyümüşlər. Analarının atasından qalan bir bağdır. Bağ sezonu olanda onlar gedib orada qalırdılar. Ancaq anası ilə onlar qalırdılar. Dayısıgil gəlmirdi, çünki onların bağa maraqları olmayıb. 2019-cu ildə anası vəfat edəndən sonra bağın abadlıq işləri ilə bağlı özü gedib-gəlirdi. Dayısı babası ilə Hüseyn Cavid prospektindəki mənzildə qalırdılar. Bağda yaşayış var idi. Açarlar bacısında idi və onlar tapa bilmədilər. O, içəri girməmişdir, ancaq həyətə girib, həyətin qulluğunda durmuşdur. Məhkəmədən sonra bilmişdir ki, onlara da vərəsəliklə bağlı şəhadətnamə verilib. Babası vəfat edəndən sonra anası, atası, bacısı və o orada yaşamışlar. Anası 2019-cu ildə vəfat edəndən sonra bağı təmizlətdirmişdi. Ağaclar əkmişdi. Onları da oğurlayıblar. Ödəmələri də onlar edirdilər. Bu işlərlə bağlı qonşular da təsdiq edə bilər. Bağ onun istifadəsində olub. Dayısıgil heç oraya gəlməyiblər. Anası ödəmələr edirdi. Onlarda qaz olmayıb, lakin işığı və s. ödəyirdilər. Anası vəfat edəndən sonra sayğacı dayandırmışdılar ki, pul yazılmasın. Suyu qonşudan çəkib ağacları sulayırdı.
İİİ Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnaməyə əsasən müəyyən olunur ki, xx.xx.1986-cı il tarixdə vəfat etmiş X15-zadə oğlunun vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlakDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X15-zadə oğluna verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 320 saylı bağ sahəsi yeni qaydalarla: AZ 1039, Bakı şəhəri, Sabunşu rayonu, Maştağa qəsəbəsi, 49-cu Maştağa, 3-cü döngə, giriş 11 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsindən ibarətdir.
11. X14 tərəfindən Bakı şəhəri 53 saylı notariat ofisinə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, xx.xx.1986-cı il tarixində babası – X15-zadə vəfat etmişdir. xx.xx.2019-cu il tarixində babasının birinci növbəli vərəsəsi – qızı X8 vəfat etmişdir. Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən o, babasından anasına çatası paya vərəsədir.
12. Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən X10 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 286 nömrəli məktuba əsasən müəyyən olunur ki, xx.xx.1986-cı il tarixində vəfat edən mərhum – X15-zadə oğlunun vərəsəsi oğlunun xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən Cavabdeh vərəsəlik işi açılmışdır. Mənzil Kommunal Təsərrüfat Birliyinin 158 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 254 nömrəli arayışında X15zadə oğlunun ölən günə kimi oğlu Cavabdeh ilə eyni ünvanda yaşadığı qeyd olunmuşdur, X11 mirası faktiki qəbul etmiş vərəsə təyin olunaraq xx.xx.2024-cü il tarixində miras əmlak barəsində tam hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdi. Bunu nəzərə alaraq ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qeyri-mümkündür.
13. İddiaçı tərəfindən Bakı şəhəri 53 saylı notariat ofisinə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, xx.xx.1986-cı il tarixində babası – X15-zadə vəfat etmişdir. xx.xx.2019-cu il tarixində babasının birinci növbəli vərəsəsi – qızı X8 vəfat etmişdir. Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən o, babasından anasına çatası paya vərəsədir.
14. 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cü il tarixli, AZ-İİ seriyalı, 046606 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.
15. Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025ci il tarixli, 286 nömrəli məktuba əsasən müəyyən olunur ki, xx.xx.1986-cı il tarixində vəfat edən mərhum – X15-zadə oğlunun vərəsəsi oğlunun xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən Cavabdeh vərəsəlik işi açılmışdır. Mənzil Kommunal Təsərrüfat Birliyinin 158 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 254 nömrəli arayışında X15zadə oğlunun ölən günə kimi oğlu Cavabdeh ilə eyni ünvanda yaşadığı qeyd olunmuşdur, X11 mirası faktiki qəbul etmiş vərəsə təyin olunaraq xx.xx.2024-cü il tarixində miras əmlak barəsində tam hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdi. Bunu nəzərə alaraq ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qeyri-mümkündür.
16. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 3767/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı Qafar-adə Rasim Əsədulla oğlunun cavabdeh X12 qarşı “əmlaka hüquqların qeydə alınması üçün ölçü işlərinin aparılmasına maneələrin aradan qalıdırılmasına dair iddiası təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 (Albalılıq-1) qəsəbəsində yerləşən 320 saylı bağ sahəsinə olan hüquqlarının dövlət qeydiyyatına alınması üçün AR İN yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən göstərilən bağ sahəsinin inventarlaşdırma işlərinin aparılması və texniki baxışının keçirilib sənədləşdirilməsi üçün həmin bağ sahəsində yerləşən tikilinin qapısından kilidləri qırılaraq, qapının açılması, həmin sahəyə baxış keçirilməsi qət edilmişdir.
17. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən İddiaçı xx.xx.2019-cu ildə Azərbaycan Respublikasından çıxmış, xx.xx.2024-cü il tarixdə qayıtmışdır.
18. Cavabdeh ilə Qafar-zadə Lamiyə Rasim qızı arasında bağlanmış xx.xx.2017ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 71,1 kv.m., yaşayış sahəsi 55,05 kv.m. olan 3 otaqlı mənzil Qafar-zadə Lamiyə Rasim qızının mülkiyyətinə verilmişdir.
19. 15.05.2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən müəyyən olunur ki, Yasamal rayonu, 518-ci məhəllə, Hüseyn Cavid prospekti, 15 saylı evin 55,05 kv.m. yaşayış sahəsindən ibarət 23 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətindədir.
20. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən berilmiş ÖM 070713 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 15 nömrəli evin, 23 saylı mənzili Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
21. Bakı şəhər zəhmətkeş deputatları Soveti İcraiyyə Komitəsinin Mənzil Şöbəsi tərəfindən verilmiş xx.xx.1959-cu il tarixli 03421 nömrəli orderin surətindən görürür ki, həmin order Abdullayev Əsədullaya verilib ondan ötrü ki, 8 nəfərdən ibarət ailə üzvü ilə birlikdə ünvan 6 ünvanında 55,5 kv.m sahəsi olan 3 otağı tutmaq hüququ vardır.
22. SSRİ Dəniz Donanması Nazirliyi X24 Mənzil-Kommunal Şöbəsi MKŞ-nin 4 saylı Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli arayışdan görünür ki, əsas mənzil kirayəçisi, Qafar-zadə Əsədulla Abdullayevin ölümü ilə əlaqədar, X25 hüquq şöbəsinin xx.xx.1988-ci il tarixli yazılı rətinə əsasən ümumi sahəsi 55,5 kv.m olan həmin üç otaqlı mənzilin şəxsi hesabı (onun) oğlu – ailə üzvü dörd nəfərdən ibarət olan Cavabdeh adına rəsmiləşdirilmiş və mənzil üçün yeni müqavilə bağlanmışdır.
23. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadəsində bildirmişdir ki, Nərminəni və Muradı tanıyır, Rasimi isə evlənənə qədər görmüşdür və ondan sonra görməmişdir. Əsədulla əmi, yoldaşı, bu uşaqlar və valideynləri onların qonşulardır. İddiaçının bağının yanındakı bağ evi onun atasının bağıdır. Əsədulla Qafar-zadə vəfat edəndən sonra iddiaçının anasıgil bağa gəlirdilər. O, bir qonşu kimi Tamilla Haşımovaya bağlarını bölməsini məsləhət bilsə də, sonuncu Rasimin icazə verməyəcəyini bildirirdi. Nərminə bir müddət Azərbaycanda olmasa da, lakin Murad bağa gəlib-getmişdir. Rasimi də, yoldaşını da bağda görməmişdir. Qapının qıfıllarının dəyişilməsi barədə heç nə görməmişdir. O, ancaq Muradı görmüşdür. Nərmini isə ailə qurana qədər görmüşdür. Əsədulla Abdullayev vəfat edəndən sonra Nərminənin valideynləri, özü, Murad həmin bağa gəlirdilər. Amma qeyd edir ki, indi hər kəsin hasarlı bağı var, ona görə də o, dəqiqliyi ilə hansı tarixlərdə Muradın gəlib-getdiyini deyə bilməsə də, gəldiyini görmüşdür. Hər il bağı Tamella xanım bellədirdi, qulluq edirdi. Onlar yayda dincəlməyə gəlirdilər. Əsədulla Abdullayev vəfat edəndən sonra Tamella özü bağa qulluq etmişdir..
24. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində bildirmişdir ki, 1981-ci ildə gəlin köçmüşdür. İndi Badamdarda yaşayır. Amma hər il bağa gedirlər. O, iddiaçıgilin bağında Əsədulla əmini, Xanım xalanı, Tamellagili görmüşdür. Orada bir nəfər də kişi görmüşdü,sonradan həmin şəxsin Tamellanın qardaşı Rasim olduğunu öyrənmişdir. Bağın da bütün işlərini Tamellanın həyata yoldaşı Rəhim həll edirdi. Əsədulla Abdullayevin 3 övladı olub. Natellanı bağda onun uşaqları balaca olanda görmüş, Rasimi isə cəmi bir dəfə görmüşdür. Murad bağa gəli, ağacları sulayırdı. Tamella yayda bağda yaşayırdı. Bəzən qışda da qalırdılar. Tamellanın anası Xanım xala şəhərdə oğlu və gəlini ilə yaşayırdı. Bağın açarları həmişə Nərminəgildə olub.
25. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, həm iddiaçı, həm də müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən irəli sürülən iddia tələbi rədd olunmalıdır.
26. Belə ki, məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə vərəsəliklə bağlı münasibətlər 1986-cı il tarixdən yarandığından həmin dövrdə qüvvədə olan qanunvericilik normaları tətbiq olunmalıdır.
27. 1986-cı il tarixdə qüvvədə olan Azərbaycan SSRİ Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
28. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
29. Həmin Məcəllənin 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.
30. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar ( o cümlədən, övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun, onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
31. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə vəya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.
32. Həmin Məcəllənin 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır.
33. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X15-zadə oğlunun 3 övladı – Rasim, Tamilla və Natella olmuşdur. xx.xx.1986-cı il tarixdə Əsədulla Abdullayev vəfat etmiş, sonuncunun həyata yoldaşı X2 isə 1987-ci ildə vəfat etmişdir. Əsədulla Abdullayev vəfat edərkən övladlarının hər üçü sağ olmuşdur. Sonuncunun övladlarından Tamilla Haşımova xx.xx.2019-cu il tarixdə, Natella Qafarzadə də vəfat etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə notariat ofisinə müraciət edərək X15-zadə oğlundan miras əmlak olaraq qalmış Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 320 ünvanında yerləşən 0,25 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etmişdir. X1 övladları İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədə, müstəqil tələb irəli sürən üçüncü şəxs X14 isə Cavabdeh adına mülkiyyət hüququna dair aparılmış qeydin ləğv edilməsi və vərəsələrin miras əmlakdan paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
34. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, onun tərəfindən miras əmlakın faktiki qəbul edilməsi ilə bağlı vərəsəlik şəhadətnaməsi aldığını, digər tərəfdən vəfat etmiş atası Əsədulla Abdullayevin ölən günədək iddiaçı ilə birlikdə ünvan 7 ünvanında yaşadığını, həmin evin əvvəllər Əsədulla Qafarzadəyə verilməsinə baxmayaraq, xx.xx.1988-ci il tarixdə əsas mənzil kirayəçisi olan X5 ölümü ilə əlaqədar, X25 hüquq şöbəsinin xx.xx.1988-ci il tarixli yazılı rəyinə əsasən ümumi sahəsi 55,5 kv.m olan həmin üç otaqlı mənzilin şəxsi hesabı oğlu – ailə üzvü dörd nəfərdən ibarət olan X4 adına rəsmiləşdirilərək, onunla mənzil üçün yeni müqavilənin bağlandığını, bununla da, Cavabdeh atasından qalan miras əmlakı faktiki qəbul etdiyini, mirasın bir hissəsini qəbul etdikdə, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etdiyini bildirərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Yuxarıda sadalanan qanunvericilik normalarından görünür ki, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyrirəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Lakin iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxs anaları X3 mirası əmlakı qəbul etməsi iş materialları və işin halları ilə müəyyən olunmur. Çünki iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən müddətdə mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirasın faktiki surətdə qəbul edilməsi ilə bağlı hər hansı hərəkətlər etməmişdir.
36. İddiaçı mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 320 ünvanında yerləşən 0,25 ha torpaq sahəsinin anası X8 tərəfindən faktiki olaraq qəbul edildiyini bildirsə də, bu faktı yalnız şahid ifadələri ilə əsaslandırmağa çalışmışdır. Lakin şahidlərin ifadəsində qeyd olunan hallar iş materiallarında mövcud olan digər sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, X8 1986-cı ildən vəfat etdiyi 2019-cu ilədək mirasın rəsmi qəbul edilməsi ilə bağlı müraciət etməmişdir.
37. Digər tərəfdən qanunvericiliyin yuxarıda sadalanan tələblərindən görünür ki, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar ( o cümlədən, övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Qanunvericilik miras qoyan şəxsin nəvə və nəticələrinin p halda vərəsə olmaq hüququnu müəyyən etmişdir ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun. Lakin hazırki mübahisədən görünür ki, xx.xx.1986-cı il tarixdə Əsədulla Abdullayev vəfat edən zaman onun birinci növbə vərəsələri hesab olunan övladları sağ olmuşlar.
38. İddiaçı, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs iddialarını həmçinin irsi transmissiya ilə əlaqələndirməyə çalışmış və onların miras əmlakdan irsi transmissiya üzrə pay almaq hüququna malik olduqlarını qeyd etmişlər.
39. Məhkəmə qeyd edir ki, mirasın açıldığı vaxt qüvvədə olan qanunvericiliyə əsasən vərəsə vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır.
40. Məhkəmə irsi transmissiya ilə bağlı normanın hazırda qüvvədə olan mülki qanunvericilikdə də yer alması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarına istinad edərək qeyd edir ki, vərəsələrin dairəsinin müəyyən edilməsi irsi transmissiya ilə bağlı məsələnin həllində mühüm əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir.
41. Göründüyü kimi irsi transmissiyanın yaranması miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə həyata keçirilməsini nəzərdə tutur. Həmin müddət də qanunvericilikdə 6 ay nəzərdə tutulmuşdur. Hazırki işin hallarından göründüyü kimi, Əsədulla Abdullayev xx.xx.1986-cı ildə vəfat etməsi ilə miras əmlak açılmış, mirasın açıldığı gündən 6 ay müddətində onun birinci növbə vərəsəsi olan övladı Tamilla Haşımova sağ olmuş və o, miras əmlakın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, qanunvericilik nə qədər ki, irsi transmissiyanın mövcudluğunu miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətlə əlaqələndirmişdir, həmin müddət keçdikdən sonra hazırki iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını əsassız hesab edir. Tamilla Haşımova 2019-cu il tarixədək sağ olmasına baxmayaraq miras əmlakın qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət etməmişdir.
42. Bundan başqa, İddiaçı sərhədkeçmə məlumatlarına əsasən müəyyən edilmişdir ki, iddiaçı anası X3 vəfatından 9 gün sonra, yəni xx.xx.2019-cü il tarixdə ölkə sərhədlərini tərk etmiş, 5 il sonra ölkəyə qayıtmışdır. Belə olan halda, hazırki iddiaçının mirasın faktiki qəbul edilməsi öz təsdiqini tapmamışdır.
43. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).
44. Həmçinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən X14 öz iddia tələbində və izahatında tərəfindən miras əmlakın faktiki olaraq qəbul edildiyini, bağ evinə tez-tez getdiyini, qulluq etdiyini bildirsə də, bu hallar da iş materiallarında olan sübutlarla təkzib olunmuşdur. Belə ki, iş materiallarına təqdim olunmuş Sabunçu Rayon Məhkəməsinin iclasının videogörüntülərinə əsasən müəyyən edilir ki, X14 mübahisə predmeti olan bağ evinə getmədiyini israrla bildirmişdir. Bu da hazırki iş üzrə izahatının yalnız miras əmlakı qəbul etmək məqsədi daşıdığını və həqiqətə uyğun olmadığını göstərir.
45. Belə ki, işin hallarından görünür ki, X8 atası X15-zadə oğlunun ölümündən sonra mirası qəbul etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətdə sağ olmuş, lakin mirası qəbul etmək üçün təşəbbüs göstərməmiş, bu yöndə heç bir aktiv hərəkət etməmiş, bununla bağlı niyyəti əvvəldən mövcud olmamışdır. Belə olan halda, X3 mirası qəbul etmək hüququ ləğv edilmiş, vərəsələri olan iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsə keçməmişdir. Buna görə də Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi üçün əsas yoxdur.
46. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbi - Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 320 ünvanında yerləşən 0,25 ha torpaq sahəsinə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi və vərəsələrin miras əmlakdan paylarının müəyyən edilməsi hissəsində də əsassız olmuşdur.
47. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir.
48. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ödənilmiş dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxsin özünə aid edilməlidir.
V Nəticə:
50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddiaçı Cavabdeh (Bakı şəhəri 53 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş reyestrdan çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X7 Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş reyestrdan çıxarışın ləğv edilməsi və miras əmlakından payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxsə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Xəlil