Məhkəmə qərarları › İş №2(004)-2519/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2519/2023

07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2519/2023 07.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Ərizəçi Məhərrəm oğlunun maraqlı şəxs Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Məhərrəm oğlu maraqlı şəxs Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdam 50 №-li orta texniki peşə məktəbi tərəfindən xx.xx.1978-ci il tarixdə 651 nömrəsi ilə qeydə alınmış, A № 314475 saylı diplomun xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi Məhərrəm oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə Azərbaycan SSR, Stepanakert (Xankəndi) rayonunun Daşbulaq kəndində anadan olmuşdur. O, 1975-ci ildə Ağdam 50 saylı orta Texniki Peşə Məktəbinə daxil olmuş və 1978-ci ildə bu məktəbin tam kursunu bitirərək kənd tikinti ustası peşəsi və ümumi orta təhsili almışdır. Diplom Ağdam 50 saylı texniki peşə məktəbi tərəfindən xx.xx.1978-ci il tarixdə qeydə alınmış və ona A № 314475 saylı diplom verilmişdir. Həmin diplomda ərizəçinin soyadı “Şahverənov” kimi deyil “Şahverdiyev” kimi qeyd edilmişdir. Hal-hazırda pensiya yaşının çatması ilə əlaqədar olaraq əmək stajının hesablanması üçün peşə təhsili almasına dair diplomu aidiyyatı quruma təqdim etmək ehtiyyacı yaranmışdır. Lakin diplomda sözügedən texniki səhv üzündən hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Qanuni nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ərizəçi onun qardaşıdır. O vaxtlar qardaşı peşə məktəbini bitirəndə diplomu ermənilər doldurmuş və soyadları qarışdırmış, ataları da savadsız olduğundan diplomu götürüb evə gətirmişdir. Lakin sonra illər keçdikdən sonra ərizəçi hansı işə düzəlmək istəyəndə sənədlərin təqdim olunması tələb edilmiş və sənədləri səhv çıxmışdır. Həmçinin bildirmişdir ki, anaları 1992-ci il tarixdə Xocalı faciəsində əsir düşmüş və əsirlikdə olanda sənədlərin çoxu onda olduğundan sənədlərin çoxu o vaxt itmişdir. Ümumiyyətlə onların ailəsinin soyadı “Şahverənov”dur, 2000-ci il tarixdən onların hamısının sənədlərində düzəlişlər gedir və hələ də bitməyib. Ərizəçi Məhərrəm oğlu 1977-1978-ci illərdə Ağdam şəhər Daşbulaq kəndində 50 №-li orta texniki peşə məktəbdə oxuyub və sonra Bakı şəhərində inşaat üzrə imtahan vermişdir. Qeyd edilənlərə əsasən məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Peşə Təhsili üzrə Dövlət Agentliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, ərizəçi onun qardaşıdır. O, Daşbulaq kəndində oxumuş, sonra Ağdam şəhər Daşbulaq kəndində 50 №-li orta texniki peşə məktəbdə oxumuş, ondan sonra Bakı şəhərində instituta sənədlərini vermiş və imtahandan kəsilmiş, ondan sonra sürücülük məktəbində oxumuş və sonra hərbi xidmətə getmişdir. Hərbi xidmətdən 3-4 ay qayıtdıqdan sonra o, SSSR-nin Saratov şəhərinə işləməyə getmişdir. O vaxtlar sənədləri ermənilər doldurmuş və nəinki soyadı, adı və atalarının adını belə müxtəlif sənədlərdə səhv qeyd etmiş və bu günə kimi onlar bu səhvlərin əziyyətini çəkirlər. Onların ailəlikcə soyadı “Şahverdiyev” yox, “Şahverənov”dur. O, Ağdam şəhər Daşbulaq kəndində 50 №-li orta texniki peşə məktəbindən verilən diplomun Ərizəçi Məhərrəm oğluna aid olması faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, ərizəçi onun böyük qardaşıdır. Onlarına ailəlikcə soyadları Şahverənov olmuşdur. Qardaşı Ağdam şəhər Daşbulaq kəndində 50 №-li orta texniki peşə məktəbində oxumuş, sonra hərbi xidmətdə olmuş, ondan sonra Saratov şəhərinə getmişdir. O, Ağdam şəhər Daşbulaq kəndində 50 №-li orta texniki peşə məktəbindən 1975-1978-ci illərdə verilən diplomun Ərizəçi Məhərrəm oğluna aid olması faktını təsdiq edir. İş materiallarında olan: Xİ-ЖГ seriyalı, 287131 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1930-cu il tarixdə Şuşa rayonu, Malıqbəyli kəndində anadan olmuşdur. AZ-İV seriyalı, 783323 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Məhərrəm oğlu xx.xx.1960-cı il tarixdə Xankəndi rayonu, Daşbulaq kəndində anadan olmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında X5, ana qrafasında X8 qeyd edilmişdir. Xİ-ЖГ seriyalı, 303954 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1964-cü il tarixdə Stepanakert rayonu, Daşbulaq kəndində anadan olmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında X5, ana qrafasında X8 qeyd edilmişdir. Ağdam 50 №-li orta texniki peşə məktəbinin 651 nömrəsi ilə qeydə alınmış A № 314475 saylı, xx.xx.1978-ci il tarixli diplomuna əsasən X4 1975-ci il tarixdə Ağdam 50 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 1978-ci ildə bu məktəbin tam kursunu bitirərək kənd tikinti ustası peşəsi və ümumi orta təhsil almışdır. Ona kənd tikinti ustası ixtisası verilmişdir. İV-ЖГ seriyalı, 332488 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1992-ci il tarixdə Xocalı şəhərində faciə zamanı vəfat etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3155/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən X1 xx.xx.1960-cı il tarixdə Azərbaycan SSR, Stepanakert rayonu, Daşbulaq kəndində doğulması faktının müəyyən edilməsi, “vətəndaşın soyadı” qrafasında Şahverənov, “adı, atasının adı” qrafasında Telman Məhərrəm oğlu, “doğulduğu tarix” qrafasında 16 mart 1960-cı il, “doğulduğu yer” qrfasında Stepanakert rayonu, Daşbulaq kəndi, “atası” qrafasında X2 göstərilməsi qət edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-37/2-Ş- 1411-26-7-15-4651/2023 nömrəli arayışından görünür ki, 16 mart 1960-cı il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı Ərizəçi Dövlət Miqrasiya Xidməti tərəfindən 09 sentyabr 2022-ci il tarixindən 07 oktyabr 2022-ci il tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Beləliklə yuxarıda sadalanan sənədlərlə, iş materialları və işin araşdırılmış halları ilə Ağdam 50 №-li orta texniki peşə məktəbi tərəfindən X3 verilmiş xx.xx.1978-ci il tarixdə 651 nömrəsi ilə qeydə alınmış, A № 314475 saylı diplomun xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi Məhərrəm oğluna məxsus olması müəyyən edilmişdir. İşin bu halı şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməli, Ağdam şəhər 50 №-li orta texniki peşə məktəbi tərəfindən xx.xx.1978-ci il tarixdə 651 nömrəsi ilə qeydə alınmış, A № 314475 saylı diplomun xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi Məhərrəm oğluna aid olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ağdam şəhər 50 №-li orta texniki peşə məktəbi tərəfindən xx.xx.1978-ci il tarixdə 651 nömrəsi ilə qeydə alınmış, A № 314475 saylı diplomun xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi Məhərrəm oğluna aid olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar