Məhkəmə qərarları › İş №2(004)-2558/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2558/2023

13.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2558/2023 13.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edədək cavabdeh "xxxx" ASC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 10-cu keçid ünvanında yerləşən 9 saylı evin abonent kodu **********90000 olan sayğacına əsassız olaraq hesablanmış 639 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 10-cu keçid ünvanında yerləşən 9 saylı ev uzun illərdir ki, onların istifadəsində və sahibliyindədir. Həmin evə dair İddiaçı adına 026932 saylı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən qeydiyyat vəsiqəsi də verilmişdir. Həmin ev həyət evidir və ünvan vahid olsa da, ayrı-ayrı evlər mövcuddur. Ailəsinin digər üzvləri kommunal təminatlarla təmin edilmək üçün onların evləri müvafiq sayğaclarla təmin edilmişdir. Hətta o, özünə aid olan evə dair sayğac əldə etmək üçün müraciət etdikdə abonent kodu üzrə 639 manat ödənilməmiş borcun mövcud olduğu və həmin borc ödənilmədiyi təqdirdə sayğacla təmin olunmasının mümkünsüz olduğu bildirilmişdir. Həmin evdə uzun illər heç kim yaşamamış və sayğacdan da istifadə edilməmişdir. Əvvəllər həmin sayğac mərhum nənəsi X11 adına qeydiyyata alındığından, elə evdə də uzun illər yaşayış olmadığından məlumatsız olmuşlar. Cavabdeh orqana müraciət etdikdə isə bildirilmişdir ki, keçmiş borclara dair məlumat olmadığından borcun haradan qaynaqlandığına dair məlumat verə bilmirlər. Hal-hazırda hesab edir ki, əsassız olaraq abonent kodu üzrə hesablanılmış borc ona aid olmadığından silinməlidir. Nənəsi Hüseynova X9 xx.xx.2006-cı ildə vəfat etmişdir. X3 isə xx.xx.2018-ci ildə vəfat etmişdir. Qoşmaya əlavə edilmiş Zəhra Hüseynova ya məxsus doğum haqqında şəhadətnamənin surətindən də göründüyü kimi anasının anası Zəhra Hüseynova, atası isə Vəli Paşa oğludur. Qoşmaya əlavə edilmiş İddiaçı məxsus doğum haqqında şəhadətnamənin surətindən də göründüyü kimi X3, atası isə Hüseynov Hüriyyətdir. Onun tərəfindən qeyd olunan sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamış, heç bir formada o borcun yaranmasına səbəb ola biləcək bir istifadə halı olmamışdır. 10 ildən çoxdur ki, həmin sayğac istifadə edilmir. Əlavə olaraq iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış borc məbləği üzrə müddət ötürüldüyündən borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixədək hesablanan 639,73 manat borc abonent Seyidfatma Hüseynovanın adına hesablanmışdır. Seyidfatma Hüseynova onun nənəsidir və vəfat etmişdir. Hazırda evin mülkiyyətçisi qardaşı İddiaçıdur. Onların anası isə X2 Hüseynova olmuş və anası vəfat etmişdir. İddiaçının nümayəndəsi verilmiş suallara əsasən bildirmişdir ki, qeyd olunan evin mülkiyyətçisi qardaşı İddiaçı olmasına baxmayaraq eyni həyətdə ayrı-ayrı evlərdə onunla yanaşı digər qohumları yaşayırlar. Eyni ünvanda yaşayan qohumları (xalası və xalası qızı) Gülnaz Hüseynova və Aynurə Hüseynovanın adına 2012-ci ildə iki ayrı-ayrı abonent kodu ilə sayğaclar, 2015-ci ildə isə Kamil Cəfərov adına yeni sayğac quraşdırılmışdır. Lakin həmin vaxt onlara hazırda ondan tələb olunan borc barədə məlumat verilməmiş və ümumiyyətlə ödənilməsi tələb edilməmişdir. Hazırda o, öz yaşadığı evdə digərilər kimi yeni sayğac quraşdırmaq istədikdə cavabdeh "xxxx" ASC-dən ona xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixədək mövcud olmuş 639,73 manat borc məbləği barədə məlumat verilmiş və həmin borc ödənildikdən sonra yeni sayğac quraşdırılmasının mümkün olduğu göstərilmişdir. Hesab edir ki, qeyd olunan borcun ona aidiyyəti yoxdur, hətta 13 il vaxt keçdikdən sonra indi həmin borcun ödənilməsinin tələb edilməsinin qanuni əsası yoxdur, iddia müddəti tətbiq edilməklə borcun silinməsini və tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 izahat verərək bildirir ki, xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixədək hesablanan 639,73 manat abonent Seyidfatma Hüseynovanın adına hesablanmışdır. Onda olan məlumata görə müqavilə 2020-ci ildə bağlanıb, lakin müqaviləni təqdim edə bilməyəcək və məhkəməyə yalnız “abunə haqqında” saldo vərəqəsini elektron kabinetə yerləşdirməklə sübut olaraq təqdim etmişdir. Abonent tərəfindən 2005-ci ildən 2010-cu ilə qədər elektrik enerjisi istifadə edilib. Abonentdə isə sayğac olmayıb. Həmin vaxt elektrik enerjisinə nəzarət edən qurum "xxxx" MMC olmuşdur. İstifadə olunan enerjiyə görə ödənilməli olan pul dövlətin puludur və ödənilməlidir. Odur ki, "xxxx" ASC səlahiyyətli qurum olaraq hazırda həmin borcun ödənilməsini abonent və ya onun vərəsəsindən tələb edir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi verilən suallara cavab olaraq, hazıradək qeyd olunan borcun tələb edilməməsinin səbəbini izah edə bilməmişdir. O, həmçinin bildirmişdir ki, həmin abonent kodu ilə qeyd olunan ünvanda 2010-cu ildən sonra elektrik enerjisindən istifadə olunmayıb. İşin faktiki hallarından göründüyü kimi, borc məbləği iddiaçının nənəsi Seyidfatma Hüseynovanın adına hesablanmış və ona aid olmuşdur. Eyni zamanda iddiaçının qeyd etdiyi kimi həmin ünvana bağlı olan 2012-ci ildə Aynurə Hüseynova və Gülnaz Hüseynova adına, 2015-ci ildə isə Kamil Cəfərov adına ayrı-ayrı abonent kodu ilə sayğaclar quraşdırılması barədə isə məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan - AR Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 026932 nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, 10-cu keçid (10-cu Viyezdnoy) ünvanında yerləşən 8 otaqdan ibarət ümumi sahəsi 144,3 m2 olan 9 saylı fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış və bu barədə xx.xx.1998-ci il tarixdə 209 saylı reyestr kitabında 30/398 nömrə ilə qeydiyyat aparılmışdır. - Yasamal rayon VVAQ idarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş XXİ-JQ seriyalı, 263532 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X13 xx.xx.1943-cü il tarixdə anadan olmuşdur və anası X1r. - Yasamal rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 220528 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, Hüseynova X9 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. - Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 952029 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X10 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. - Bakı şəhər, Oktyabr rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1986-cı il tarixdə verilmiş ЖГ seriyalı, 350476 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur və X3dır. - “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə olan məlumatlardan müəyyən edilir ki, X8 və X6 eyni ünvanda, yəni ünvan 2 yeri üzrə qeydiyyatdadırlar. - abunə haqqında xx.xx.2023-cü il tarixli məlumata əsasən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən abonent kodu **********90000 olan Hüseynova Seyidfatmaya məxsus Bakı şəhəri, Yasamal rayonu, 10-cu keçid ünvanında yerləşən 9 saylı evə xx.xx.2005-ci ildən xx.xx.2010-cu il tarixədək cəmi 639,73 manat borc hesablanmışdır. - "xxxx" ASC tərəfindən tərtib edilmiş abonentin hərəkət cədvəlinə əsasən müəyyən edilir ki, abonent kodu **********90000 olan Seyidfatma Hüseynovanın 2017-ci il üzrə 639,73 manat, 2023-cü il üzrə isə 639,81 manat borcu vardır. - "xxxx" ASC tərəfindən Nümayəndə2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-13/2- 2/18-H-2115-5/2023 nömrəli məktuba əsasən müəyyən edilir ki, **********90000 saylı abonent kodu üzrə araşdırma aparılmış və xx.xx.2023-cü il tarixədək mənzildə elektrik hesabat sayğacının olmadığı müəyyən edilmişdir. Sayğac quraşdırılanadək itirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədilə sərf edilən elektrik enerjisinin hesabatı yaşayış evindəki işlədicilərin gücünə görə orta sərfiyyatla aparılmışdır. Sayğac quraşdırıldıqdan sonra işlədicilərin gücünə görə orta sərfiyyatın hesablanması dayandırılmışdır. Sayğacsız hesabatın aparıldığı dövrdə sərf edilən elektrik enerjisinin dəyəri ödənilmədiyindən 639,73 manat məbləğində qalıq borc yaranmışdır. Hesabatın tətbiq edildiyi son müddətdən 13 il keçdiyi üçün hesabata yenidən baxılması mümkün deyildir və borcun ödənilməsi zəruri hesab edilir. -İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli ******* nömrəli, xx.xx.2012-ci il tarixli ******* nömrəli, xx.xx.2015-ci il tarixli ******* nömrəli protokollardan müəyyən edilir ki, Aynurə Hüseynova adına **********90002 abonent kodu ilə, Gülnaz Hüseynova adına **********90001 abonent kodu ilə, Kamil Cəfərova adına **********90005 abonent kodu ilə Bakı şəhəri, Yasamal rayonu, 10-cu keçid (10-cu Viyezdnoy) ünvanında ayrı-ayrı sayğaclar quraşdırılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, hazırda mübahisəli borcun hesablandığı yaşayış evi iddiaçının mülkiyyətindədir. Lakin həmin yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi ilə bağlı quraşdırılmış sayğac iddiaçının nənəsi Seyidfatma Hüseynovanın adınadır (abonent kodu **********90000). Hüseynova Seyidfatma xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Həmin yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi ilə əlaqədar **********90000 saylı (Hüseynova Seyidfatmaya məxsus) abonent koduna xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixədək hesablanan 639,73 manat, 2023-cü il üzrə isə cəmi 639,81 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı cavabdeh təşkilat tərəfindən əsassız olaraq hesablanmış 639 manat məbləğində borcun silinməsini xahiş edir. Həmçinin borcun yaranmasından iddia müddətinin keçməsini iddia edir. Göstərilənlərlə yanaşı məhkəmə araşdırması ilə müəyyən edilir ki, cavabdeh 2005dən 2010-cu ilədək olan dövr üzrə iddiaçı tərəfindən vaxtaşırı icra edilməli olan öhdəliklərin icrasını tələb edir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı izahatından iddiaçıya qarşı hazıradək həmin illər üzrə borcun ödənilməsi ilə bağlı tələb irəli sürülmədiyini bildirmişdir. Onun məhkəməyə təqdim etdiyi sübutla təsdiq olunur ki, iddiaçıya 2005-2017-ci illər üzrə borc hesablanmışdır ki, həmin borcun əsas hissəsini təşkil edən 639 manat 2005-2010-cu ildə yaranmışdır. Həmçinin cavabdeh iddiaçıya aylar üzrə borcuna dair bildirişlərin verilməsini, yəni onun borclar barədə xəbərdar edilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Qeyd edilir ki, Mülki Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. X5 Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllədə iddia müddətləri ilə bağlı müddəaların həm Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı, həm də həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulması hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, məhkəmə müdafiəsi hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici orqan tərəfindən Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulmuş normaların bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədəmüvafiq olardı. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etmişdir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi ilə nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədilə, məsələ qanunvericilik qaydasında həll edilənədək, qanunverici tərəfindən Mülki Məcəlləyə iddia müddətlərinə dair ayrıca fəslin məqsədli şəkildə salınması nəzərə alınaraq, öhdəliklərdən irəli gələn tələblərə, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulan iddia müddətləri tətbiq edilməlidir. Beləliklə, məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, hazırki mübahisənin həll edilməsi baxımından AR MM-nin aşağıdakı normaları tətbiq edilməlidir. Belə ki, MM-nin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəyə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.3-cü maddəyə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəyə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəyə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.3-cü maddəyə görə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Bundan başqa “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli qərarının 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin qərarın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qərarın 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünə xidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından müəyyən edildiyi kimi cavabdeh "xxxx" ASC xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixədək mövcud olan borcların iddiaçıdan yeni sayğac quraşdırmaq istəyərkən ödənilməsini tələb etmişdir. Lakin həmin vaxtdan daha əvvəl borcların ödənilməsi cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıdan tələb edilməmişdir. Bu xüsusat cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla təsdiq edilir, eləcə də daha əvvəlki tarixdə iddiaçıya belə bir tələbin irəli sürülməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Hətta işin hallarından da göründüyü kimi, iddiaçıya məxsus ünvanda 2012 və 2015-ci illərdə yeni sayğaclar quraşdırılmış, həmin tarixlərdə də borcla bağlı tələb irəli sürülməmişdir. Hazırki iş üzrə "xxxx" ASC-nin tələb hüququnun vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələb olduğundan yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, bu cür tələblərə üç illik iddia müddəti şamil edilməlidir. İddiaçının isə "xxxx" ASC-nin ondan pul tələb etməsinə etiraz əlaməti olaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməsini və iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iş materialları ilə təsdiq olunur ki, iddiaçıya məxsus yaşayış evinə elektrik enerjisindən istifadə ilə bağlı borc 2005-2010-cu illər ərzində hesablanmış və həmin vaxtdan 13 ildən artıq müddət keçmişdir. İddiaçı isə ümumi borcdan (639,81 manatdan) 639 manat məbləğində borcun silinməsini tələb edir. Odur ki, məhkəmə iddia tələbi həcmində işə baxaraq belə nəticəyə gəlir ki, "xxxx" ASC tərəfindən mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 10-cu keçid (10-cu Viyezdnoy) ünvanında yerləşən 8 otaqdan ibarət ümumi sahəsi 144,3 m2 olan 9 saylı fərdi yaşayış evində xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixədək elektrik enerjisinin təmini ilə əlaqədar **********90000 abonent koduna hesablanmış 639 manat borc üzrə tələb hüququna görə 3 illik iddia müddəti keçdiyindən silinməlidir. Məhkəmə göstərilənlərlə yanaşı qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz hallarından biri də odur ki, "xxxx" ASC-nin elektrik enerjisinin sərfiyyatına görə hesabladığı borcları ala bilməsi üçün çox daha güclü və dərhal təsir etmək imkanı olan “enerji təminatını dayandırmaq” imkanına malikdir. Məlumdur ki, elektrik enerjisi insanların yaşamı üçün zəruri ehtiyacdır. Belə tədbir görüldüyü halda isə abonent mövcud olan borc ödəmək məcburiyyətində qalır. Hazırkı mülki işdə də belə vəziyyət mövcud olmuşdur. Üstəlik, bu kimi hallarda, iddia müddətləri institutundan istifadə etmək istehlakçı üçün faktiki mümkünsüz olur. Digər tərəfdən isə, ölkədə əhaliyə elektrik enerjisi təminatı xidməti verən yeganə qurum kimi "xxxx" bu xidməti dayandırdığı təqdirdə aradan uzun müddət, hətta on illər keçmiş olan borclar üzrə tələbin ödənilməsini üstün imkanlarından istifadə etməklə təmin etdirə bilir. Bu kimi hallar isə mahiyyəti baxımından sırf bir mülki hüquq institutu iddia müddətləri institutundan tamamilə hüququn əsas prinsipi olan ədalətlilik prinsipinə, qanunvericiliyə və hüquqa zidd bir şəkildə istifadə olunması nəticəsini əmələ gətirir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 10-cu keçid ünvanında yerləşən 9 saylı evin elektrik enerjisi ilə təmin edilməsi ilə əlaqədar **********90000 abonent koduna xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixədək olan dövr üzrə hesablanmış 639 (altı yüz otuz doqquz) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Beləliklə, istehlakçıların müdafiəsi haqqında tələb üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia tələbi qismən təmin olunduğundan, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat dövlət nəfinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 10-cu keçid ünvanında yerləşən 9 saylı evin elektrik enerjisi ilə təmin edilməsi ilə əlaqədar **********90000 abonent koduna hesablanmış 639 (altı yüz otuz doqquz) manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar