Məhkəmə qərarları › İş №2(004)-2565/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2565/2025

29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2565/2025 29.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X1 qızı Maraqlı şəxs qismində cəlb edilməklə "hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 19 may 2006-cı il tarixli, JN-3026B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də 5-ci sıradakı Bacarani-Qasimova Ruhəngizin, X2 qızı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Ərizəçi Sumqayıt şəhəri, Novxanı qəsəbəsi bağ massivi 787 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün müraciət etmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakln Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin bildirişinə əsasən 19 may 2006-cı il tarixli, JN-3026B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də onun anası X1 qızının adı ad qrafasında Bacarani-Qasımova Ruhəngiz qeyd edilsə də ata adı qeyd edilməmiş və bu səbəbdən müvafiq qurum əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtina etmişdir. Məhkəmə gedişatında ərizəçi X1 qızı məhkəməyə “əsl olmayan tərəfin əsl tərəflə əvəz edilməsi” barədə ərizə ünvanlayaraq, iş üzrə əsl olmayan tərəfin əsl olan tərəf - Ərizəçi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə mülki iş üzrə əsl olmayan ərizəçi X1 qızını əsl tərəf Ərizəçi ilə əvəz etmişdir. Ərizəçi qız məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətinə verilməsinə dair sənədin ona məxsus olması faktının müəyyən edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 may 2006-cı il tarixli, JN-3026B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamən görünür ki, Sumqayıt şəhəri, Novxanı qəsəbəsi bağ massivi 787 ünvanında yerləşən 0,11 hektar torpaq sahəsi Sumqayıt şəhər İK-si bağ sahələrinin verilməsi üzrə Komissiyanın xx.xx.1997-ci il tarixli, 12 nömrəli qərarı və xx.xx.1997-ci il tarixli, 13124 nömrəli icarə müqaviləsi ilə Ərizəçi mülkiyyətinə verilmişdir. Onun ailə üvləri aşağıdakılardan ibarətdir: X7, X8, X9, Bacarani-Qasımova Rühəngiz. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişinindən görünür ki, JN-3026B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də vətəndaş “Bacarani- Qasımova Ruhəngiz”in ata adı qeyd olunmadığı qeyd edilmiş və bildirilmişdir ki, adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri hüquq müəyyənedici sənəd kimi tanınmışdır. Məhkəmə, tədiq edilmiş sübutlar əsasında o qənaətə gəlir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-3026B seriyalı, 30800118 saylı şəhadətnamədə ərizəçinin ailə üzvləri siyahısında onun anasının ata adı yazılmamışdır, Bacarani-Qasımova Ruhəngiz kimi qeyd edilmişdir. Qeyd edilən şəhadətnamə müəyyənedici sənəddir və həmin sənəddə olan səhvin dəyişdirilməsi mümkün olmamış, bu səbəbdən ərizəçi Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarış ala bilməmişdir. Məhkəmə araşdırması zamanı qeyd olunan sənəddə Bacarani-Qasımova Ruhəngizin atasının adının “Nağı” olması iş materiallarında olan digər sənədlərlə sübuta yetirildi. Bu halda ərizəçinin ərizəsi əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq və sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Novxanı Bağ massivində yerləşən 787 nörəli bağ sahəsinin Ərizəçi mülkiyyətinə verilməsinə dair 19 may 2006-cı il tarixli, JN-3026B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Novxanı Bağ massivində yerləşən 787 nörəli bağ sahəsinin Ərizəçi mülkiyyətinə verilməsinə dair 19 may 2006-cı il tarixli, JN-3026B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar