Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2571/2022 06.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı "əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Yasamal Rayon Sukanal İdarəsinə qarşı "əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Tolstoy küçəsi, dalan 5, 3 saylı evin su ilə təmin edilməsi ilə əlaqədar hesablanmış 1000 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2022-ci il tarixdə ərizə verərək cavabeh Yasamal Rayon Sukanal İdarəsinin əsl Cavabdeh ASC ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirir ki, ünvan 1 ünvanında yerləşən 3 saylı ev iddiaçıya məxsusdur. Ünvanında istifadə etdiyi suyun sərfiyyatının ölçülməsi məqsədi ilə evinə gələn su xəttinə müvafiq sayğac quraşdırılmış və mərhum yoldaşı X1 adına **********001 saylı abonent kodu verilmişdir. Belə ki, bir müddət əvvəl özünü ərazi üzrə Yasamal Rayon Sukanal İdarəsinin nümayəndəsi kimi təqdim edən Aşur adlı şəxs ünvanına dəqiq tarixi və nömrəsi belə bilinməyən hesab-faktura gətirərək onun su sərfıyyatına görə 1179,71 manat borcu olduğunu bildirmişdir. Halbuki hər ay ünvanına rəsmi qaydada təqdim edilən, Cavabdeh ASC-nin POS terminalından çıxarılan, üzərində ştrix kodu olan xx.xx.2022-ci il tarixli hesab-fakturaya əsasən onun istifadə eldiyi suya görə Yasamal Rayon Sukanal İdarəsinə olan borcu cəmi 179,71 manat təşkil edir. Belə olduğu halda Yasamal Rayon Sukanal İdarəsinin digər hesab-fakturası ilə onun barəsində 1000 manat əsassız borcun hesablanması müşahidə edilir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İİ-JQ 412287 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X3 xx.xx.1980-ci il ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ-İİ 200277 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin abonent kodu **********001 olan ünvan 3 ünvanına 10683584 nömrəli, xx.xx.2001-ci il tarixli müqavilə üzrə sudan istifadə haqqında xx.xx.2022-ci il tarixli abonent kartından müəyyən olunur ki, abonentə sudan istifadə və çirkab sularının axıdılması ilə bağlı 4 nəfər üçün 2014-cü il üzrə 264 manat, 2015-ci il üzrə 84,96 manat, 2016-cı il üzrə 109 manat, 2017-ci il üzrə 123 manat, 2018-ci il üzrə 122,5 manat, 2019-cu il üzrə 111,5 manat, 2020-ci il üzrə 122,5 manat, 2021-ci il üzrə 230,17 manat, 2022-ci il üzrə 77 manat borc olmaqla, ümumilikdə 1161,71 manat borc hesablanmışdır. 2021-ci il üzrə cəmi 5 manat, 2022-ci il üzrə isə cəmi 58 (20+19+19=58) manat ödəniş olunmuşdur. İş materiallarında olan ünvan 3 ünvanında yaşayan Hüseynova Tamella, X7 və X5 tərəfindən tərtib edilmiş akta əsasən onlar təsdiq edir ki, qonşuluqda olan ünvan 1, 3 saylı evdə X2 adına olan mənzildə 2012-ci ildən 2021-ci ilə qədər heç kim yaşamamışdır. 2021ci ildən mənzil kirayəyə verilməklə orada yaşayış olmuşdur. İş materiallarında olan Hüseynova Tamella, X7 və X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən onlar təsdiq edir ki, qonşuluqda olan ünvan 1, 3 saylı evdə 2021-2022-ci illərdə iki nəfər kirayəçi yaşamışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 15 nömrəli arayışa əsasən İddiaçı xx.xx.2012-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 386-cı məhəllə, ev 64, 12 saylı mənzildə ailəsi ilə birlikdə yaşayır. İşin müəyyən edilmiş halları odur ki, iddiaçı və onun ailə üzvləri mübahisə predmeti olan mənzildə 2012-ci ildən yaşamamışdır. Mübahisə predmeti olan mənzilə dair sudan istifadə haqqında müqavilə 2001-ci ildə iddiaçının həyat yoldaşı X4 ilə bağlanmış, lakin o, 2021-ci ildə vəfat etmişdir. 2021-ci ildən isə mənzil kirayəyə verilmişdir və hazırda orada iki nəfər kirayəçi yaşayır. Cavabdeh tərəfindən sözügedən mənzilə sudan itifadə və çirkab sularının axıdılması ilə bağlı cəmi 1161,71 manat borc hesablanmışdır. Hazırki borc 2014cü ildən 2022-ci ilə qədər dörd nəfərə görə hesablanan borcdur. Həmin mənzildə sayğacın olmasına baxmayaraq borc adambaşına hesablanmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən 1000 manat məbləğində əsassız olaraq yazılmış borcun silinməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materialları ilə sübut olunur ki, iddiaçı və onun ailə üzvləri 2012-ci ildən həmin mənzildə yaşamamışdır. 2021-ci ildən etibarən isə mənzildə 2 nəfər kirayəçi yaşayır. Bu halda məhkəmə hesab edir ki, sudan istifadə edilmədiyi halda 2021-ci ilə qədər olan tarixə sudan istifadəyə görə borc hesablana bilməzdi. Belə olan halda 2012-2020-ci illər ərzində hesablanmış borc silinməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən 2021-2022-ci illər üzrə hesablanan borc 4 nəfərin sayına görə hesablansa da iş materialları ilə təsdiq olunur ki, sözügedən mənzildə 2021-ci ilə qədər yaşayış olmamışdır. Lakin 2021-2022-ci illər üzrə mənzildə iki nəfər yaşadığı halda, dörd nəfər üçün, yəni iki dəfə artıq olaraq 307,17 manat borc hesablanmışdır. Bu halda 2021-2022-ci illər üzrə iki nəfər üçün borc 154 (307,17/2=154) manat təşkil edir. Həmçinin iddiaçı iki il ərzində cəmi 63 (5+20+19+19=63) manat ödəniş etmişdir. Belə olan halda 2021-ci ildən 2022-ci ilin aprel ayı da daxil olmaqla iddiaçının sudan istifadəyə görə cəmi 91 (154-63=91) manat borcu yaranmış və 1070 (1161,71- 91=1070) manat borc əsassız olaraq artıq hesablanmışdır. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən əsassız hesablanmış borca görə istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi suya görə haqq tələb edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçıya 1070 manat hesablandığı müəyyən olunsa da, iddiaçı 1000 manat məbləğində borcun silinməsini tələb etdiyindən iddia tələbinə uyğun olaraq hesablanmış ümumi borcdan 1000 manat silinməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilməsi qadağan olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə Sudan istifadə Qaydalarının 7.4-ci bəndinə uyğun olaraq əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin ediməli, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus ünvan 1, 3 saylı evin su ilə təmin edilməsi ilə əlaqədar hesablanmış 1000 manat borc silinməlidir. Məhkəmə qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia tələbi təmin olunduğundan, cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 30 manat dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı məxsus ünvan 1, 3 saylı evin su ilə təmin edilməsi ilə əlaqədar hesablanmış 1000 (bir min) manat borc silinsin. Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-2571/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2571/2022
06.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver