Məhkəmə qərarları › İş №2(004)-2583/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2583/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2583/2020 06.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı MMC-nin direktoru X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı MMC borclu Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizə ilə xx.xx.2013-cü il tarixdə məhkəməyə müraciət edərək, borclu Cavabdeh xx.xx.2010-cu il tarixli VİP 7342 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı İMEİ kodu **********61655 olan “Nokia E72BLACK markalı mobil telefonun dəyərindən ödənilməmiş qalan 699 ABŞ dolları borc, ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində 110 ABŞ dolları cərimə olmaqla, cəmi 809 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-2665/2013 nömrəli məhkəmə əmri ilə borclu Cavabdeh xx.xx.2010-cu il tarixli VİP 7342 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı İMEİ kodu **********61655 olan “Nokia E72BLACK markalı mobil telefonun dəyərindən ödənilməmiş qalan 699 ABŞ dolları borc, ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində 110 ABŞ dolları cərimə olmaqla, cəmi 809 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə göstəriş verilmişdir. Borclu Cavabdeh xx.xx.2020-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə əmrinin ləğv edilməsini, iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-2665/2013 nömrəli qərardadı ilə borclu Cavabdeh etirazı təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-2665/2013 nömrəli məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir. İddiaçı MMC-nin direktoru X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2010-cu il tarixli VİP 7342 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC dəyəri 859 ABŞ dolları dəyərində olan İMEİ kodu **********61655 olan “Nokia E72BLACK” markalı mobil telefon cihazını 160 ABŞ dolları ilkin ödəniş olmaqla Cavabdeh 12 ay müddətinə nisyə satmışdır. Borcunu vaxtında ödəmədiyinə görə 699 ABŞ dolları borc, ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində 110 ABŞ dolları cərimə olmaqla, cəmi 809 ABŞ dolları borcu yaranmışdır. Müqavilənin 3.3-cü bəndinə əsasən ödəniş ABŞ dollarının günlük kursu ilə manatla aparılır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh əvvəlki məhkəmə iclaslarında icra şöbəsinin məktubunu, yazılı izahatını və əlillik kitabçasının surətini məhkəməyə təqdim etmiş və bildirmişdir ki, əlil olduğu üçün təqaüd alır. Təqaüdündən İddiaçı MMC-nin xeyrinə pul tutulmuşdur. Bu məsələni aydınlaşdırmaq üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Bunları nəzərə alaraq müraciətinə cavabı alması üçün ona vaxt verilməsini və məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin vəsatətinə əsasən məhkəmə iclasını xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə, daha sonra isə xx.xx.2020-ci il tarixə saat 10:00-a təxirə salınsa da, Cavabdeh məhkəmə iclasına gəlməmiş və borcunu ödədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki,iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında arasında bağlanmış xx.xx.2010-cu il tarixli VİP 7342 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC 859 ABŞ dolları dəyərində İMEİ kodu **********61655 olan “Nokia E72BLACK markalı mobil telefon cihazını 160 ABŞ dolları ilkin ödəniş edilməklə 12 ay müddətinə ödəmək şərti ilə Cavabdeh nisyə satmışdır. Müqavilənin 3.3-cü bəndinə əsasən ödəniş ABŞ dollarının günlük kursu ilə manatla aparılır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh xx.xx.2010-cu il tarixli VİP 7342 saylı müqavilə üzrə 699 ABŞ dolları əsas borc, ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində 110 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 809 ABŞ dolları borcu var. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə yüksək hesablanmış 110 ABŞ dolları cərimə azaldılaraq 10 ABŞ dolları manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2010-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Nokia E72BLACK” markalı telefonun dəyərindən ödənilməmiş qalan 699 ABŞ dolları əsas borc, hesablanmış 10 ABŞ dolları cərimə olmaqla, cəmi 709 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia tələbi - 100 ABŞ dolları cərimənin tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il tarixli VİP 7342 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı İMEİ kodu **********61655 olan “Nokia E72BLACK” markalı telefonun dəyərindən ödənilməmiş qalan 699 ABŞ dolları əsas borc, hesablanmış 10 ABŞ dolları cərimə olmaqla, cəmi 709 (yeddi yüz doqquz) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar