Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2599/2023 13.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə su sərfıyyatı ilə bağlı **********910 abunə kodu üzrə 247,17 (iki yüz qırx yeddi) manat hesablanmış əsassız qalıq borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda tək bir nəfər, o, özü pasport qeydiyyatındadır və yaşayır. Bir müddət bundan qabaq məlum olmuşdur ki, 3 və 4 nəfər yazılmaqla su və çirkli su sərfıyyatı hesablanmışdır. O, mənzil istismar sahəsindən arayış alaraq cavabdeh tərəfə təqdim etmiş, həmişə bu mənzildə tək özünün yaşadığını bildirmiş və su sərfiyyatının düzgün hesablanmadığını, əsassız borc məbləği hesablanmasını bildirmişdir. Arayış təqdim edildikdən sonra 1 nəfər üçün sərfiyyat hesablanmışdır, lakin əvvəllər əsassız olaraq hesablanmış borc məbləği silinməmişdir və ona bildiriş gəldikdə **********910 abunə kodu üzrə 247,17 manat qalıq borc olduğu göstərilmişdir və borcun ödənilməsi ondan tələb edilir. Qeyd olunmalıdır ki, istehlak edilmiş su sərfiyyatının məbləği tərəfindən hər ay ödənilmişdir, əvvəlki hesablanmış qalıq borc məbləğinin ondan tələb edilməsi tamamilə əsassızdır. Bununlada onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də cavabdeh tərəfindən su sərfiyyatı ilə bağlı hesablanmış əsassız borc məbləği silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, borcun yazılmasına səbəb bir kvitansiyanın üzərində ailə tərkibinin 2 nəfər, digərinin üzərində 4 nəfər, digərinin üzərində isə 6 nəfər yazılmasıdır və həmin adam sayları üzrə hesablanmaqda borc yazılmışdır. Bildirmişdir ki, o, hər il borcunu artıqlaması ilə ödəyir. O, 23 ildir ki, həmin ünvanda tək yaşayır. Su İdarəsindən ona bildirmişlər ki, hər ilin əvvəlində o, ailə tərkibi barədə MKİS-dən arayış alıb onlara təqdim etməli idi. Həmçinin onun ödədiyi pulları hesabladıqda ona bildirmişlər ki, o, 2025-ci ilə qədər artıqlaması ilə ödəniş etmişdir. Cavabdehə onun bir manat belə borcu yoxdur, əksinə onların ona iki illik borcu var. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə Cavabdeh ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyərək, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - DƏDRX-nin ********** saylı, xx.xx.2020-cil tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 24A, 91 nömrəli mənzil xüsusi mülkiyyət üzrə İddiaçı məxsusdur. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyi 134 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 82 saylı, xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 24A, 91 nömrəli mənzilində qeydiyyatdadır və yaşayır. Mənzildə xx.xx.2001-ci il tarixdən bir nəfər qeydiyyatdadır. - Kodu **********910 olan İddiaçı adına olan abonentin kartından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 24A, 91 saylı mənzil üzrə 2015-2023-cü il tarixləri üzrə 223,17 (iki yüz iyirmi üç manat 17 qəpik) manat borc məbləği hesablanmışdır. - Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, İddiaçı həmin tarixə 242,17 manat borcu yaranmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 24A, 91 nömrəli mənzil İddiaçı məxsus olmaqla, mənzilə dair su, qaz və işiq təhcizatının həyata kecirilməsi üçün onunla müqailə imzalanmış və müvafiq xidmətlər üzrə abonent hesabları onun adına açılmışdır. Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 24A, 91 nömrəli mənzilin su təchizatı xidmətindən istifadəyə görə hesabatın aparılması üçün xx.xx.2006-cı il tarixində 11462400 nömrəli müqavilə bağlanaraq **********910 saylı abonent kodu açılmışdır. Müqavilə bağlanan tarixdən hesabat müxdəlif dövrlər üçün ailə tərkibi 2, 4, 6 nəfər olmaqla aparılmışdır. Hazırda su təchizatı xidmətindən istifadəyə görə mənzilin hesabında yaranmış borc 223,17 manat təşkil edir. Qeyd edilən borc ailə tərkibinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. İddiaçı 2001-ci il tarixdən bu günə kimi sözügedən ünvanda tək yaşamışdır. İşin bu halı iş materilalırı ilə öz təsdiqini tapmışdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Sudan istifadə Qaydaları»nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. «Sudan istifadə Qaydaları»nın 5.3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus mənzilə 2001-ci il tarixdən, mənzildə bir nəfər qeydiyyatda olmaqla yaşadığı halda iki və daha çox sayda şəxs üçün sudan istifadə və çirkab axıdılmasına görə hesabatın aparılması əsassız olduğundan 223,17 manat məbləğində hesablanmış borc məbləği də, əsassızdır. Belə ki, iş materiallarından da görünür ki, sözü gedən mənzilə 2015-ci il üzrə 127,12 manat, 2016-cı il üzrə 26,63 manat, 2017-ci il üzrə 30 manat, 2018-ci il üzrə 31 manat, 2019-cu il üzrə 31 manat, 2020-ci il üzrə 31 manat, 2021-ci il üzrə 54,42 manat, 2022-ci il üzrə 60 manat, 2023-cü ilin may ayına kimi isə 22 manat, cəmi 223,17 manat borc hesablanmış, mübahisəli mənzildə iddiaçı bu illər ərzində tək yaşamışdır. Belə olan halda məhkəmə, iddiaçının yaşadığı mənzilə cavabdeh tərəfindən mübahisəli dövr üçün, 223,17 manat məbləğində borc hesablanması əsassızdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 24A, 91 nömrəli mənzilə dair su və kanalizasiya xidmətləri üçün hesablanmış 223,17 manat məbləği əsassız olduğundan silinməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən 242,17 manat məbləğində əsassız borcun hesablandığını iddia etsə də, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2006-cı il tarixili, 11462400 nömrəli müqavilə əsasında **********910 saylı abonent kodu olan abonent kartından görünür ki, o, məhkəməyə müraciət etdiyi dövrə ümumi 223,17 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iddia üzrə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 24A ünvanında yerləşən 91 saylı mənzildə su təhcizatına görə yazılmış 223,17 (iki yüz iyirmi üç manat 17 qəpik) manat borc məbləği əsassız olduğundan silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 24A ünvanında yerləşən 91 saylı mənzildə su təhcizatına görə yazılmış 223,17 (iki yüz iyirmi üç manat 17 qəpik) manat borc məbləği əsassız olduğundan silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2599/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2599/2023
13.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver