Məhkəmə qərarları › İş №2(004)-2617/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2617/2023

28.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2617/2023 28.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı «müqavilələrin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı «müqavilələrin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçının əsasları odur ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərin icrasının təminatı olaraq X2 ilə bank arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2022-ci ilin son aylarında kredit ödənişlərində gecikmələr baş verəcəyindən ehtiyat edərək cavabdehə qeyd olunan müqavilələrin ləğv edilməsi və qalıq borc barədə yeni müqavilə bağlanmasına dair müraciət etmiş, cavabdeh isə razılaşaraq, yeni müqavilə bağlanması üçün əlaqə saxlanılacağını bildirmişdir. Lakin cavabdeh bir müddət sonra kredit borcunun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi cavabdeh süni qaydada kredit ödənişlərində gecikmələr yaratmışdır. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Qaradağ Rayon Məhkəməsinin 2(060)-3353/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən göründüyü kimi, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit və zaminlik müqavilələrinə əsasən məhkəmə iddianı təmin edərkəm həmin müqavilələrin etibarlı olmasına artıq qiymət vermişdir. Həmin qətnaməyə əsasən İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 2964,91 manat borc cavabdehlər İddiaçı və X1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. Qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2698/2023 saylı, xx.xx.2023-cü il tarixli qətanməsinə əsasən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişini nəzərə alaraq hesab edirəm ki, hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadına əsasən mülki prosessual qanunvericiliyin qeyd edilən tələbləri baxımından belə qənaət hasil olur ki, əqdə əsaslanan iddialara baxıldığı halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsi tələblərinin irəli sürülməsi və onlara baxılması yolverilməzdir. Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair (etibarsızlığın növündən asılı olmayaraq) verilmiş iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Həmçinin qeyd olunur ki, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 263, 264, 275-279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh ASC-yə qarşı «müqavilələrin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar