Məhkəmə qərarları › İş №2(004)-2620/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2620/2023

22.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2620/2023 22.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, X6 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Ələskər qızına, Cavabdeh2 Süleyman oğluna və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Ələskər qızına, Cavabdeh2 Süleyman oğluna və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin direktoru ilə Cavabdeh1 ələskər qızı və Cavabdeh3 arasında ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli evin 354 saylı mənzilinə dair bağlanmış müqavilələrin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 09 mart 2019-cu il tarixdə yüksəkmərtəbəli yaşayış binasının pay barədə müqaviləsinə əsasən cavabdeh X1 ilə ünvan 2 ünvanında yerləşən binanın 17-ci mərtəbəsində sahəsi 90,4 kvm olan iki otaqlı 363 saylı mənzilin alınmasına dair müqavilə bağlanmışdır. Lakin, sonradan məlum olmuşdur ki, cavabdeh eyni nömrə ilə lakin onunla bağlanmış müqavilələrdən sonrakı vaxtlarda digər şəxslərlə də müqavilə bağlamış və onlardan biri də ona məxsus olan mənzilə qapı belə qoymuşdur. O da öz mənzilindən istifadə edə bilməkdən məhrum olmuşdur. Məhkəmə iclasınd iştirak edən iddiaçı iddia ərizəsinin məzmunua uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş mateiallarında olan: "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 09 mart 2019-cu il tarixli, 364002 saylı müqavilənin sürətindən görünür ki, icraçı "xxxx" MMC-nin direktoru Cavabdeh2 Süleyman oğlu Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90,4 kvm olan, 364 nömrəli, izolə olunmuş 2 otaqdan ibarət mənzili payçı İddiaçı pay kimi verilməsini, “payçı” İddiaçı isə mənzilin dəyərini - 55.000 manat məbləği vaxtında və tamamilə ödəməyi öz üzərinə götürmüşdür. 09 mart 2019-cu il tarixli arayışın sürətindən görünür ki, İddiaçı həqiqətən "xxxx" MMC-nin Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 17-ci mərtəbədə, ümumi sahəsi 90,4 kvm olan, 2 otaqlı, 364 saylı mənzilin dəyərindən 25000 (iyirmi büş min) manat ödəmişdir. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 12 noyabr 2019-cu il tarixli, 364002 saylı müqavilənin sürətindən görünür ki, icraçı "xxxx" MMC-nin direktoru Cavabdeh2 Süleyman oğlu Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90,4 kvm olan, 364 nömrəli, izolə olunmuş 2 otaqdan ibarət mənzili payçı Cavabdeh1 pay kimi verilməsini, “payçı” İddiaçı isə mənzilin dəyərini – 63.280 manat məbləği vaxtında və tamamilə ödəməyi öz üzərinə götürmüşdür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-9289/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, Əmlak Məsələləri dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90,4 kvm olan, 364 nömrəli mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 2-2-02/2-222026237/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş prokururu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılmışdır. Aparılmış istintaqla müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 4 ünvanında inşa olunan binanın 4-cü giriş, 17-ci mərtəbəsində yerləşən sahəsi 90,4 kvm olan 2 otaqlı mənzil 63280 manat müqabilində 20000 manat ilkin ödəniş olunmaqla X2 xx.xx.2018-ci il tarixdə sonuncunun qızı X3 ilə MMC-nin direktoru Cavabdeh2 Sülyman oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli 364002 saylı alqı-satqı haqqında müqavilə əsasında satıldıqdan sonra xx.xx.2019cu il tarixdə İddiaçı, xx.xx.2019-cu il tarixdə Cavabdeh3 Alış qızına satılmışdır. İstintaq müddətində İddiaçı və Cavabdeh3 Alış qızı zərərçəkmiş şəxs qismində tanınmış, Cavabdeh3 Alış qızına dəymiş maddi ziyan ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 09 mart 2019-cu il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90,4 kvm olan, 364 nömrəli, izolə olunmuş 2 otaqdan ibarət mənzilin payçı İddiaçı pay kimi verilməsinə dair müqavilə bağlanmışdır. Məhkəmə qeyd edir ki, həmin müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki cavabdeh "xxxx" MMC mübahisəli mənzili inşa edərək iddiaçıya təhvil verməyi, sonuncu isə həmin mənzilin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilməmiş, "xxxx" MMC tərəfindən mübahisəli mənzil iddiaçıya təhvil verilməmişdir. İddiaçı mənzilə üzərində sahiblik və istifadə hüququ yaranmamışdır. Daha sonra "xxxx" MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90,4 kvm olan, 364 nömrəli, izolə olunmuş 2 otaqdan ibarət mənzilin payçı Cavabdeh1 pay kimi verilməsinə dair müqavilə bağlanmışdır. Hazırda iddiaçı "xxxx" MMC-nin direktoru ilə Cavabdeh1 ələskər qızı və Cavabdeh3 arasında ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli evin 354 saylı mənzilinə dair bağlanmış müqavilələrin etibarsız sayılmasını tələb edir. İddia ərizəsinə "xxxx" MMC-nin direktoru ilə Cavabdeh1 ələskər qızı arasında bağlanmış müqavilə əlavə edilsə də, Cavabdeh3 ilə "xxxx" MMC arasında bağlanmış müqavilə məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Mülki qanunvericiliyin əqdlərə dair müddəalarının mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, müqavilənin etibarsızlığı üçün qanuni əsaslar, həmçinin iddiaçının mənafeyini və qanuni maraqlarını pozan hallar məhkəmə tərəfindən müəyən edilmir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş dövlət rüsumu iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Ələskər qızına, Cavabdeh2 Süleyman oğluna və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar